Yeni müharibə taktikası - Bakı 2 paytaxtla hərbi ittifaqı TƏZƏLƏYİR
Azərbaycanın gücünə güc qatanlar; Prezident İlham Əliyevin xaricdə keçirəcəyi iki mühüm görüşün pərdəarxası; İsrail və Pakistanla hərbi əlaqələrə yeni stimul verilir; işğalçı Ermənistanın “Dəmir günbəz” xofu, müharibə təlaşı boşuna deyil... Qarabağ danışıqları dalana girsə də, Azərbaycan konflikt ətrafında situasiyaya dinamiklik verməyə və vəziyyəti diktə etməyə çalışır. Bu dinamiklik hərbi əməliyyatlar mümkün olmasa da, işğalçı tərəfi - “çağırılmamış qonaqlar”ı daim gərginlikdə saxlamağa, onu bacardıqca daha çox canlı itkiyə məruz qoymağa hesablanıb. Bır sıra təhlilçilərə görə, Azərbaycan münaqişə zonası ilə bağlı taktikasını artıq dəyişib. Müdafiə Nazirliyində ötən həftəsonu keçirilmiş geniş toplantı ilə bağlı yayılan rəsmi informasiyadan da görünür ki, Bakı artıq Dağlıq Qarabağ ətrafındakı işğalçı qüvvələrin bütün postları, canlı və hərbi texnikası hədəfə alınmaqdadır və bu yöndə taktiki-strateji hazırlıqlar artırılır. *** Bu arada öz işinə başlamış ənənəvi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə İsrailin müdafiə naziri Avidqor Liberman arasında görüş olub. İsrail Müdafiə Nazirliyinə istinadla yayılan informasiyalara görə, görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Bildirilir ki, bazar günü İsrailin müdafiə naziri beynəlxalq tədbirdə nitq söyləyəcək, keçirdiyi görüşlərdə isə o, İsraillə xarici ölkələr arşında hərbi əməkdaşlığın daha da genişləndirilməsi, habelə beynəlxalq və regional terrorizmə qarşı birgə müqavimət məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, Əliyev-Liberman görüşü İsrail baş naziri Benyamin Netanyahunun Bakı səfərindən sonra tərəflər arasında baş tutan növbəti yüksək səviyyəli görüşdür. Nəzərə alsaq ki, Avidqor Liberman Azərbaycanın lobbiçilərindən biridir və müdafiə sahəsinə baxır, o zaman qarşıdakı görüşün ikiqat önəm daşıdığını ehtimal etmək olar. Söhbət öncəliklə İsrailin Azərbaycana vəd elədiyi və işğalçı Ermənistanın qorxulu röyası sayılan “Dəmir günbəz” raketdən müdafiə sisteminin verilməsindən gedir. *** İlham Əliyevin Pakistana səfəri martın ilk günlərində baş tutacaq. Onunla birlikdə Pakistana azərbaycanlı nazir və məmurlardan ibarət böyük nümayəndə heyətinin də yollanacağı bildirilir. Tərəflər arasında bir sıra iqtisadi sazişlərin imzalanması ilə yanaşı, hərbi və hərbi-texniki sahədə də yeni anlaşmaların əldə ediləcəyi də gözlənilir.
Yada salaq ki, İlham Əliyevin Pakistana səfər edəcəyini hələ ötən ilin noyabrında həmin ölkənin Bakıya səfər eləmiş prezidenti Məmnun Hüseyn bildirmişdi. O zaman o, iki ölkə arasında hərbi əlaqələrin genişləndirildiyini və bu əlaqələrin keyfiyyətcə yeni səviyyəyə keçməsini qeyd etmişdi. Pakistan prezidenti həmçinin demişdi ki, bu ölkənin alim və mütəxəssisləri iqtisadi cəhətdən sərfəli və keyfiyyətli silahlar işləyib hazırlayır və Azərbaycan belə bir əməkdaşlıqdan fayda götürəcək. O, Azərbaycana ölkəsinin müdafiə institutlarının xidmətlərindən istifadə edərək hərbi kadrların yetişdirilməsini də tövsiyə etmişdi. Öz növbəsində Azərbaycan prezidenti Pakistanla hərbi əməkdaşlığa mühüm önəm verdiyini vurğulayaraq, bu ölkədən bir sıra müasir hərbi sistemlərin alınmasında və onların Azərbaycanda birgə istehsalını təşkil etməkdə maraqlı olduğunu bəyan etmişdi. Bu xüsusda gözlənilir ki, İlham Əliyevin Pakistana səfəri çərçivəsində iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olacaq. ***
Beləcə, prezident İlham Əliyevin xaricdə keçirdiyi və keçirəcəyi iki mühüm görüşün hədəfləri təxminən bəllidir. Həmin görüşlərin İsrail və Pakistanla hərbi sferada əlaqələrə yeni stimul və dinamika verəcəyi gözlənilir. Rəsmi Bakının istər İsrail, istərsə də nüvə müttəfiqimiz Pakistanla hərbi əməkdaşlığı, bütövlükdə hərbi qüdrətini artırmaq üçün “şaxələnmiş” hərbi strategiyaya üstünlük verməsi isə ən çox işğalçı Ermənistanı narahat edir. Həm də o səbəbə ki, Azərbaycanın bu yöndə əməkdaşlıq etdiyi ölkələr ən müasir hərbi texnologiyalara malikdir.Ermənistanın isə belə imkan və potensialı bəlli səbəbdən yoxdur. O, yalnız Rusiyanın “ümidinə” qalıb. Rusiya isə öz silah-sursatını normal qiymətə satıb kasad büdcəsini doldurmaqda daha çox maraqlıdır, nəinki Ermənistana peşkəş etmək və ya su qiymətinə satmaqda. Təsadüfi deyil ki, Moskva İrəvana iki il öncə vəd etdiyi 200 milyon dollarlıq kredit çərçivəsində hərbi silah-sursatın hələ də yalnız bir qismini Ermənistana verib. Yeni müharibə xofu ilə yaşayan işğalçı isə tələsir, təlaş işindədir. Bu təlaş o dərəcədə ciddidir ki, bir neçə gün qabaq hətta ABŞ ermənilərinin qurumu olan Amerikanın Erməni Milli Komitəsi ABŞ Dövlət Departamentinə müraciət edərək, Vaşinqtondan İsrailin Azərbaycana “Dəmir günbəz” raketdən müdafiə sistemi verməsini əngəlləməyi xahiş edib.“Azərbaycana ”Dəmir günbəz"in satılması sülh prosesinə və bu yöndə ATƏT-in, ABŞ-ın səylərinə zərbə vuracaq. Bu isə regionda sabitliyin pozulmasına gətirə bilər", - deyə qurumun sədri Aram Abramyan müracıətdə iddia edib.
Lakin İlham Əliyev Pirəkəşküldəki hərbi şəhərcikdə az öncə etdiyi çıxışında həm Ermənistana, həm də onun havadarlarına qəti şəkildə bəyan edib ki, “Azərbaycan torpaqlarında heç vaxt ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, kim bunu gözləyirsə, boşuna gözləyir”.
İsraillə sıx təmaslar öz yerində, prezident İlham Əliyevin dost-müttəfiq və hərbi tərəfdaşımız Pakistana isə səfəri nəzərdə tutulur. Bu haqda yazan Pakistanın “Tribune” qəzeti qeyd edib ki, Azərbaycanın dövlət başçısı səfər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak edəcək (virtualaz.org).
Əlbəttə ki, ermənilərin dərdi hər vəchlə Azərbaycanı hərb variantından çəkindirmək, onların xeyrinə gedən sülh “prosesini” və status-kvonu saxlamaq, işğal rejimini daha uzunömürlü eləməkdir. Əsas məqsəd də nə vaxtsa Azərbaycanın bundan bezib, guya Dağlıq Qarabağın “müstəqilliyi”ni tanımaq zorunda qalacağı ilə bağlıdır.