Rusiyanın nüfuzlu nəşri Bakının “Dəmir günbəzi”ndən yazdı - düşmənin qorxulu röyası

 Rusiyanın nüfuzlu nəşri Bakının “Dəmir günbəzi”ndən yazdı - düşmənin qorxulu röyası

İrəvanın hərbi balans yaratmaq arzusu daşa dirənir; “Nezavisimaya qazeta” Azərbaycanın işğalçı ölkənin yuxusunu qaçıracaq yeni hərbi planlarından bəhs edib; “Bakı ballistik raketlərin ölkədə istehsalının qurulması yönündə fəal iş aparır”; “Azərbaycan Rusiya, Türkiyə, İsrail və Pakistanla uğurlu hərbi əməkdaşlıq qurub...” 

 

Ermənistanın onsuz da kövrək olan Qarabağ danışıqlarını yenidən sabotaj etməyə başlaması, paralel surətdə təmas xəttində təxribatları artırması Azərbaycanı öz hərbi qüdrətinə bir daha diqqət ayırmağa sövq edir. Bu həftə başlayacaq və müstəqilliyimiz tarixində ən iri sayılan hərbi təlimlər də şübhəsiz ki, ilk növbədə Silahlı Qüvvələrimizin döyüş hazırlığını və peşəkarlığını gücləndirməyə, düşməni yerində oturtmağa hesablanıb.  
Əlbəttə ki, Azərbaycan təlimlərlə yanaşı, özünün hərbi imkanlarını genişləndirməyə yönəlik müdafiə və hücum qabiliyyətli yeni, müasir silah sistemləri əldə eləmək, imkan düşərsə, onların yerli istehsalını təşkil eləmək yönündə də ciddi işlər görür. Bundan ötrü təbii ki, dost-müttəfiq dövlətlərlə əlaqələrə böyük önəm verilir. Əsas hədəf işğalçı Ermənistanın ölkəmizlə hərbi balans yaratmasına heç vaxt imkan verməməkdir. 
Ordumuzun hərbi-texniki sahədə uğurları və yeni planları Rusiyada da diqqətlə izlənməkdədir. 
***
“Azərbaycanın Müdafiə Nazirliyi 500 km-dək məsafəni vura biləcək operativ-taktiki raket komplekslərinin əldə eləmək üzərində işləyir. Bu məqsədlə Pakistanla da intensiv danışıqlar aparılır”. Bu barədə Rusiyanın nüfuzlu nəşri “Nezavisimaya qazeta” özünün dünənki sayında yazıb.
Qəzet daha sonra yazır: “Azərbaycanın artilleriya və raket qoşunlarının komandanı Zahid Hüseynovun sözlərinə görə, Azərbaycan etibarlı müdafiə qabiliyyəti üçün 200, 330 və 500 km-dək hədəf radiusu olan operativ taktiki raketlərə malik olmalıdır. Bu zaman komandan fikrini dəqiqləşdirərək deyib ki, belə bir istək heç də o anlama gəlmir ki, Azərbaycanın Silahlı Qüvvələri düşmənin hücum yanğısını söndürmək üçün lazımi sistemlərə malik deyil. ”Bu gün bizim Silahlı Qüvvələrin öhdəsində olan operativ-taktiki raketlər düşmənin istənilən hərbi obyektinə dəqiq zərbələr endirməyə qadirdir", - deyə Hüseynov jurnalistlərə açıqlamasında bildirib".
 
Image result for İlham Əliyev pakistan prezidenti
Qəzet ardınca Bakı ilə İslamabad arasında hərbi əməkdaşlığa diqqət çəkib: “Bakı ilə İslamabad arasında hərbi əməkdaşlıq çoxdan qurulub. Ancaq ötən ilin martında Pakistan prezidenti Məmnun Hüseynin, ötən ay isə baş nazir Nəvaz Şərifin Bakı səfərlərindən sonra bu sfera üzrə əməkdaşlığa yeni impuls verilib. Səfərin yekunundan danışarkən prezident İlham Əliyev bəyan edib ki, Pakistan baş naziri ilə müzakirələrdə əsas mövzulardan biri məhz hərbi əməkdaşlıqla bağlı olub. ”Biz öz Silahlı Qüvvələrimizin birgə təlimlər keçirməklə bağlı planlarını müzakirə elədik. Bundan əlavə, biz birgə silah istehsalının əsasını qoya bilərik. Azərbaycan həmçinin Pakistandan ən müasir və yüksək texnologiyalı silahlar almaq istəyir. Bu məsələ üzrə də bizim tam anlaşmamız var" - İlham Əliyev qeyd edib. Bu günlərdə isə Azərbaycan-Pakistan İşçi Qrupunun VII iclası olub. Onun yekununda tərəflər ikitərəfli hərbi-əməkdaşlığın planını təsdiq ediblər".
Bu yerdə nəşr “Yeni Müsavat”ın da xəbər verdiyi kimi, Pakistanın Azərbaycana 0,5 milyard dollar həcmində müdafiə xarakterli, müasir və yüksək hərbi texnologiyalı hərbi məhsulların tədarükünü sürətləndirməklə bağlı hərəkət planı qəbul etməsinə toxunub. 
Image result for Dəmir gümbəz
Məqalədən sitat: “Məlum olub ki, belə bir qərar İşçi Qrupunun İslamabadda keçirilən iclasında qəbul edilib. Silahların birgə istehsalı, habelə yeni texnologiyaların əldə olunmasının detalları isə yəqin ki, Azərbaycanın hərbi sənaye naziri Yavər Camalovun bu ayın sonunda Pakistana nəzərdə tutulan səfəri çərçivəsində müzakirə olunacaq. Yerli KİV-lər informasiyalı qaynaqlara istinadən xəbər verir ki, nazirin səfərində məqsəd həm də noyabrın 22-25-də Karaçidə keçiriləcək İDEAS-2016 Beynəlxalq Müdafiə Sərgisində iştirakdır”.
 
Image result for Dəmir gümbəz
“Nezavisimaya qazeta”dakı məqalənin sonunda deyilir: “Qeyd eləmək lazımdır ki, Bakı 500 km məsafəni vuran ballistik raketlərin alınması, həmçinin Azərbaycanda onların istehsalının qurulması yönündə fəal danışıqları təkcə Pakistanla aparmır. Analoji danışıqlar praktik surətdə ölkə Silahlı Qüvvələri üçün döyüş xarakteristikası maraq kəsb edən silahların, o sırada ballistik raketlərin istehsalı təcrübəsinə malik bütün ölkələrlə aparılır. Bütövlükdə Azərbaycanın atdığı hərbi addımlardan da göründüyü kimi, Bakı öz silahlı qüvvələrinin müxtəlif radiuslu ən müxtəlif raket kompleksləri ilə təmin edilməsinə böyük önəm verir. Bu kontekstdə Rusiya ilə də, Türkiyə və İsraillə də uğurlu əməkdaşlıq qurulub. Yeri gəlmişkən, az öncə yerli nəşrlər xəbər vermişdi ki, İsrail  Azərbaycana ”Dəniz günbəz" raket əleyhinə taktiki sistemlər verəcək. “Rafael” şirkəti tərəfindən hazırlanan “Dəmir günbəz” idarə olunmayan taktiki raketlərdən qorunmaq üçün nəzərdə tutulub".
***
Xatırladaq ki, Bakı ilə İslamabad arasında hərbi-texniki sahədə əməkdaşlığın dərinləşməsi, xüsusən də tərəflər arasında ballistik raket sistemləri ilə bağlı uğurlu anlaşma, habelə İsrailin “Dəmir günbəz”i ən çox Ermənistanda təlaş doğurub. Bu da təbiidir. Çünki işğalçı ölkə “İsgəndər M” operativ-taktiki raket sistemlərini İrəvanda nümayiş etdirməklə bu sahədə guya hərbi paritetə nail olduğunu güman edirdi. Cəbhə xəttində son vaxtlar düşmən təxribatlarının sayının artmasını da siyasi təhlilçilər ən əvvəl bu arxayınçılıqla izah edirlər.     

 






Fikirlər