Rəsmi Bakıdan düşmənin son ümidini qıran mesaj: “İmkan verilməyəcək!..”

Rəsmi Bakıdan düşmənin son ümidini qıran mesaj: “İmkan verilməyəcək!..”

Ermənilərin “İsgəndər” eyforiyasını sıfırlayan reaksiya; Prezident İlham Əliyevdən işğalçı Ermənistana xatırlatma: “Regionda ən böyük hərbi potensiala malik ölkəyik”; Bakıdakı 2-ci beynəlxalq müdafiə sərgisi İrəvanın son təxribatlarına növbəti layiqli cavab və unikal fürsət tədbiridir; Azərbaycan 280 km mənzilli ballistik raket istehsalına hazırlaşır... 

 

Dünən Bakıda “ADEX-2016" ikinci hərbi sənaye sərgisi açılıb. Sərgidə Azərbaycanın hərb sənayesinin məhsulları da nümayiş etdirilir. Bu sərgi sözsüz ki, ərazisinin bir hissəsi işğal altında olan ölkə kimi Azərbaycanın özünün hərbi qüdrətinə ayırdığı diqqətin növbəti nümayişidir. Eyni zamanda Ermənistanda son günlər ”İsgəndər" raket komplekslərindən dolayı yaşanan eyforiyaya yetərincə sanballı cavab-mesajdır. 
Hansı mesaj ki, Azərbaycan prezidenti İlham Əliyevin sərgi iştirakçılarına göndərdiyi məktubda aydın şəkildə əksini tapıb. Həmin məktubda deyilir: “Hörmətli sərgi iştirakçıları! Sizi ”ADEX 2016" ikinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin açılışı münasibətilə ölkəmizin paytaxtı Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
 
Qloballaşma prosesinin geniş vüsət aldığı daim dəyişən dünyamızda dövlətlər intensiv şəkildə təhlükəsizlik çağırışları ilə üzləşirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında hərbi-texniki əməkdaşlıq, müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin mübadiləsi məsələlərinin aktuallığı durmadan artmaqdadır.
 
Image result for İlham Əliyev
 
Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Qəbul edilmiş Hərbi Doktrina beynəlxalq müstəvidə ümumbəşəri prinsip və normaları rəhbər tutan Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirib. Azərbaycan hazırda regionda ən böyük hərbi potensiala malik ölkədir. Bölgədə ilk mötəbər beynəlxalq müdafiə sərgisi də məhz Bakı şəhərində keçirilib.
İnanıram ki, iştirakçısı olduğunuz sərgi hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu məkan kimi müasir təhlükəsizlik çağırışlarına cavab verən yeni yanaşmalara, xüsusilə müdafiə sənayesi sahəsində mühüm təşəbbüslərə yol açacaq və yeni imkanlar üzə çıxaracaq".
***
“Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi Silahlı Qüvvələrimizin tələbatını ödəyir və buraxılan məhsullar NATO standartlarına cavab verəcək səviyyədədir”. Bunu isə müdafiə sənayesi naziri Yavər Camalov sərginin açılışı zamanı etdiyi çıxışında deyib. Nazir bildirib ki, son illər Azərbaycan ordusunun maddi-texniki bazası gücləndirilib: “Azərbaycanın Silahlı Qüvvələri regionda ən güclü ordulardan biridir. Hərbi-texniki əməkdaşlıq sahəsində uğurlar əldə olunub. ”ADEX 2016" sərgisi çərçivəsində əməkdaşlıq imkanlarımız genişlənəcək". 
Yavər Camalov onu da qeyd edib ki, hazırda 125 məmulatın yaradılması istiqamətində təcrübə uğurla həyata keçirilir.
Həm ölkə prezidentinin - Ali Baş Komandanın məktubu, həm də hərbi sənaye nazirinin çıxışı əslində bir daha ordumuzun potensialının yüksək səviyyədə olduğu və daha da artırılacağı, həmçinin son günlər Ermənistanda nümayiş etdirilən “İsgəndər” raket komplekslərindən dolayı yaşanan eyforiyanın əsassızlığı haqda düşmən tərəfə aydın ismarışdır. Yəni bununla Ermənistanın hərbi balansın yaranacağına olan ümidləri faktiki alt-üst edilir. 
Bu, o deməkdir ki, Bakıda “İsgəndər”lərlə bağlı heç bir xof-zad yaşanmayıb, yaşanmayacaq. Bu da məntiqlidir, çünki Azərbaycanın güclü, adekvat cavab variantları var - hansılar ki, mediada yerli və əcnəbi hərbi ekspertlər səviyyəsində səslənib. Bu, həm də o deməkdir ki, Azərbaycan heç vaxt işğalçı Ermənistanın Azərbaycanla hərbi paritet yaratmasına və üstünlük əldə etməsində imkan verməyəcək. 
Buna ölkəmizin iqtisadi və başqa imkanları çatır. Bunun bir təsdiqi də odur ki, Azərbaycan artıq özü İsrail, qardaş Türkiyə və digər dost dövlətlərin hesabına bir sıra silah-sursat və döyüş sistemlərinin, o cümlədən pilotsuz təyyarələrin istehsalına başlayıb ki, bu da Ermənistana növbəti xəbərdarlıq mesajı sayıla bilər. Bakıdakı ikinci beynəlxalq müdafiə sərgisi isə heç şübhəsiz, ölkəmizin müdafiə və hərb qüdrətinin daha da artırılmasında yeni fürsətlər yaradacaq. 
 
Artıq anons edildiyi kimi, Azərbaycan xüsusən də İsrailin yeni hərbi texnologiyalarına maraq göstərir və yəqin ki, tədbir çərçivəsində nümayiş etdiriləcək yeni və müasir sistemlərlə bağlı da ilkin anlaşmalar əldə olunacaq - hansı anlaşmalar ki, yüzdə-yüz Ermənistanın yuxusunu bir az da qaçıracaq. 
Təsadüfi deyil ki, Yavər Camalov jurnalistlərə açıqlamasında Azərbaycanın 280 km mənzilli ballistik raket texnologiyasını əldə etmək üçün dünyanın aparıcı şirkətləri ilə danışıqlar apardığını da deyib. Onun sözlərinə görə, Azərbaycan hərbi sənayesinin yeni istehsal etdiyi “Zərbə” pilotsuz uçan döyüş aparatları Ermənistan ordusu üçün əsl kabusa çevrilib. Nazir həmçinin qeyd edib ki, Müdafiə Nazirliyi yüzlərlə belə pilotsuz uçan döyüş aparatı sifariş verib və bugünlərdə müvafiq müqavilə bağlanacaq.
Nazir onu da bildirib ki, hazırda 125 məmulatın üzərində təcrübə-konstruktor işləri aparılır: “Prioritet layihələrdən hava-yer, hava-hava, yer-yer raketlərinin üzərində iş gedir. Bundan başqa, dünyanın bir neçə aparıcı şirkəti var ki, onlarla da danışıqlar aparılır”. Xatırladaq ki, aprel döyüşlərindən sonra Azərbaycanın raket və artilleriya qoşunlarının komandanı, general Zahid Hüseynov 500 km mənzilli ballistik raketlərin alınması üçün danışıqlar aparıldığını açıqlamışdı. 
Lakin hərbi ekspertlərə görə, İrəvanı Naxçıvandan hədəf almaq üçüm qardaş ölkənin verdiyi “Qasırğa” T-300 raket kompleksləri də kifayət edir... 
  
Siyasət şöbəsi






Fikirlər