General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu - FOTOLAR,

General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu - FOTOLAR

Azərbaycan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının komandanı, general-mayor Zahid Hüseynovun bu günlərdə ordunun raket arsenalının gücləndirilməsinə dair verdiyi açıqlamalar Rusiyanın ekspert dairələrində müzakirəyə çıxarılıb. 

Xəbər verildiyi kimi general Azərbaycan silahlı qüvvələrinin arsenalının 200, 300 və 500 kilometr radiuslu operativ-taktiki raketlərlə gücləndirilməsinə dair tədbirlərin görüldüyünü açıqlayıb. Eyni zamanda general deyib ki, Azərbaycanın silahlanmasında olan atəş sistemləri İrəvana zərbə endirməyə imkan verir. 
“Ali baş komandan əmr versə biz İrəvana da zərbə endirə bilərik”-general deyib.
Virtualaz.org xəbər verir ki, Azərbaycanın raket arsenalına dair generalın açıqlamaları nədənsə Rusiyada müzakirəyə çıxarılıb. “Svobodnaya pressa” portalı bu bəyanatı şərh edərək bildirir ki, rəsmi məlumatlara görə Azərbaycanın quru qoşunlarının silahlanmasında “Toçka-U” taktiki raket kompleksləri var. 
Bu raketlərin zərbə məsafəsi 70 kilometrdir, ancaq raket idarəolunan deyil və inersial yönləndirmə sisteminə malikdir. Bu səbəbdən dəqiqliyi aşağıdır.
Zahid Hüseynov
Habelə açıq mənbələrdə yer alan məlumatlara əsasən Azərbaycan İsraildən yüksək dəqiqlikli İMİ Extra taktiki raketlərini alıb, bu raketlər Lynx reaktiv yaylım atəşi sistemlərinin modulundan buraxılır. Maksimal uçuş məsafəsi 150 kilometrdir. Əgər Azərbaycan daha uzaq mənzilli raketlər alsa qüvvələr balansı necə dəyişəcək?
Strateji konyunktura Mərkəzinin direktoru İvan Konovalovun fikrincə Azərbaycanın raket arsenalına dair bir çox məqamlar qaranlıqdır. “Rəsmi məlumatlara görə Azərbaycanın silahlanmasında 12 “Toçka” taktiki raket kompleksi var, ancaq İsraildən Hava Hücumundan Müdafiə sistemləri ilə yanaşı EXTRA taktiki raketlərinin də alındığı haqda məlumatlar olub. Habelə Pakistan istehsalı olan orta mənzilli “Hatf-4” raketlərinin alındığı haqda məlumatlar var”-ekspert deyib.
Konovalov qeyd edir ki, operativ-taktiki raketlər düşmən ərazilərinin dərinliklərində yerləşən hədəfləri vurmaq üçün istifadə olunur. Ona görə də potensial hərbi əməliyyatlar zamanı tərəflərin belə raketlərdən istifadəsi münaqişəni dərhal başqa mərhələyə keçirəcək.
Rusiyanın hərbi-sənaye Komissiyasının Ekspert Şurasının üzvü, “Vətən arsenalı” hərbi jurnalının redaktoru Viktor Muraxovski isə hesab edir ki, Azərbaycan nisbətən aşağı qiymətə Şimali Koreyadan operativ-taktiki raketlər ala bilər. “Şimali Koreya onları Yəmənə, İrana, Səudiyyə Ərəbistanına satıb. Bu raketlər köhnə texnologiyaya əsaslansa da işə yarayır, bir neçə yüz kilometr uçur. Ona görə Azərbaycan da onları əldə edə bilər”-Muraxovski təxmin edib.
Ekspertə görə operativ-taktiki raketlərdən dərinliklərdə yerləşən aerodromlara, silah anbarlarına zərbə endirmək olar.
“Azərbaycan rahat şəkildə belə raketləri Çindən, Pakistandan, NATO ölkələrindən, məsələn, Türkiyədən ala bilər”-bunu isə Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov deyib.
Ancaq İvaşova görə operativ-taktiki raketlərin tətbiqi elə də sadə deyil. Əgər həmin raketlər Ermənistan ərazisini hədəf alsa Rusiya öz müttəfiqini qorumaq üçün tədbirlər görəcək. Generalın fikrincə, Azərbaycan operativ-taktiki raketlər alsa Rusiya Ermənistana “İsgəndər-M” raketlərini vermək barədə düşünməlidir. (Qeyd edək ki, “İsgəndər-M” raketlərinin artıq Ermənistanda yerləşdirildiyinə dair neçə vaxtdır məlumatlar var). “Rusiya mümkün olan hər şeyi etməlidir ki,Qarabağd hərbi əməliyyatlar yenidən başlamasın, ona görə də qüvvələr balansını saxlamalıdır”-İvaşov deyib.
Leonid İvaşov
Hərbi-siyasi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin də hesab edir ki, Azərbaycan heç bir maneəyə rast gəlmədən operativ-taktiki raketləri ən azı Pakistan, Çin, Türkiyə və İsraildən ala bilər. “Bu, Ermənistana problem yaratmaya bilməz. Çünki raketlərlə zərbə artıq arxa cəbhə obyektlərinə, hərbi hissələrə endiriləcək. Ona görə də Ermənistan Rusiyadan “İsgəndər-M” raketlərini istəyə bilər”-ekspert deyib.
Xramçixinə görə Ermənistanın silahlanmasında yer alan S-300 PS zenit-raket kompleksləri ballistik raketləri vura bilər. Ancaq məsələ ondadır ki, Azərbaycan məhz hansı tip operativ-taktiki raketləri alacaq. “Mən əminəm ki, Qarabağda böyük müharibə qaçılmazdır-bu məsələ başqa heç cür həll edilə bilməz. Böyük müharibədə isə raketlər faydalı vasitədir, xüsusən də indiki halda operativ-taktiki raketlər bu münaqişənin xüsusiyyətləri nəzərə alınmaqla strateji silah hesab edilməlidir”-ekspert bildirib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Mixail Xodarenokun fikrincə isə Azərbaaycan 500 kilometrdən böyük radiusa malik operativ-taktiki raketlər də ala bilər. “500 kilometr orta və kiçik mənzilli raketlərin məhv edilməsinə dair Rusiya ilə ABŞ arasında bağlanmış müqavilədə göstərilən məhdudiyyətdir. Azərbaycanın üzərində belə öhdəlik yoxdur. Ona görə də Azərbaycan 2 min kilometr radiuslu raketlər də ala bilər. Elə İranın özündən. Başqa məsələdir ki, qəlpəli-fuqas başlıqlı raketlərlə zərbə o zaman effekiv olur ki, raketlər yüksək dəqiqliyə malik olsun. Bu zaman onlardan aerodromlara, komanda məntəqələrnə, rabitə qovşaqlarına, iri anbarlara və s. zərbə endirmək olar. Bu isə o deməkdir ki, belə raketlər alanda zərbə endiriləcək obyektlərin yerini dəqiq müəyyən etmək üçün müvafiq kəşfiyyat vasitələri də əldə etmək lazımdır”.
Polkovnik Xodarenko hesab edir ki, operativ-taktiki raketlər ucuz olmadığından Azərbaycan 1 briqadanın təchzatına bəs edən qədər kompleks alacaq, bu isə 12-18 buraxılış modulu deməkdir. “Operativ-taktiki raketlərlə zərbə güclü mənəvi-siyasi təsirə malik ola bilər, lakin hərbi nöqteyi-nəzərdən qəlpəli-fuqas başlıqlı məhdud sayda raketlə hücumlar döyüş əməliyyatlarının gedişində dönüş yaratmayacaq”.
Qeyd edək ki, operativ-taktiki raketlərlə hədələyən tərəf məhz Ermənistandır və Azərbaycanın 500 kilometrə qədər uçuş məsafəli raketlər almaq planları məhz bu hədələrə cavab kimi qiymətləndirilə bilər. Çünki Ermənistan arsenalında yer alan “Skad” (250-300 kilometr radiuslu) operativ-taktiki raketlərinə eyhamla dəfələrlə Azərbaycanın şəhərlərinə, yaxud Mingəçevir su anbarına və neft obyektlərinə zərbə endirə biləcəyinə dair hədələrlə çıxış edib. Prezident Serj Sərkisyan isə demişdi ki, Ermənistan ordusunun sərəncamında olan silahlar Azərbaycanın istənilən abad şəhərini Ağdam xarabalıqlarına çevirə bilər.
Lakin Ermənistanın köhnəlmiş “Skad” raketlərinə arxalanıb bu cür bəyanatlar verməsi boşboğazlıqdan başqa heç nə deyil. Çünki Azərbaycanın İsraildən aldığı raket əleyhinə sistemlər heç bir çətinlik çəkmədən sovet ordusundan qalma bu raketləri zərərsizləşdirə bilər. Üstəlik Azərbaycan ordusu həmin raketləri elə start meydançasındaca məhv etməyə qadirdir.
Bununla belə Rusiyanın Ermənistana gizlicə “İsgəndər-M” operativ-taktiki raketlərini verdiyi haqda çoxdandır məlumatlar dolaşır. Bu raketlər radara yaxalanmır, mürəkkəb hərəkət trayektoriyasına görə onu vurmaq çətindir. Deməli Azərbaycan Ermənistana “İsgəndər-M” raketlərinin ötürüldüyü ehtimalını hesaba almaqla preventiv tədbirlər görməli və öz raket arsenalını gücləndirməlidir. General Zahid Hüseynovun açıqladığı plan da məhz buna hesablanmışdı. Yəni Ermənistan hesab edirsə ki, onun Azərbaycanın istənilən şəhərinə raket zərbəsi endirmək potensialı var, o zaman Azərbaycan niyə Ermənistanın istənilən nöqtəsini vurmaq potensialı əldə etməsin?
Əslində Azərbaycan 500 kilometrlik raketlər olmadan da İrəvana yüksək dəqiqlikli zərbələr endirə bilər. Naxçıvan əlahiddə ümumqoşun ordusunun arsenalı buna tamamilə imkan verir. Ancaq Azərbaycanın ona da imkanı çatır ki, 500 kilometrlik və hədəfi yüksək dəqiqliklə vura bilən operativ-taktiki raketlərlə də silahlansın. Bu silah təkcə potensial döyüş əməliyyatlarında tətbiq etmək üçün deyil, eyni zamanda çəkindirici element kimi vacibdir.

 






Fikirlər