Azərbaycandan cəbhədəki döyüşlərlə bağlı XƏBƏRDARLIQ: "Ermənistan peşman OLACAQ"
Cəbhədə belə bir təxribatın məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törədilməsi ermənilərin təxribatçı xislətindən xəbər verir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ötən gündən başlayaraq ermənilər tərəfindən cəbhədə yenidən təxribatların törədilməsinə münasibət bildirərkən deyib. Ə.Əhmədovun sözlərinə görə, Ermənistanın müxtəlif bəhanələrlə tez-tez təxribatlar törətməsi yenilik deyil: “Təəssüf hissi ilə qeyd edirəm ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib. Görünür, heç əl çəkmək də istəmir. Bu günə qədər ermənilər təxribatlar vasitəsilə aranı qarışdıraraq öz niyyətlərinə çatmağa cəhdlər göstəriblər”. Baş nazirin müavini bildirib ki, ermənilər törətdikləri təxribata görə peşman olacaqlar: “Qəti inanıram ki, Azərbaycan Ordusu, qəhrəman əsgərləri həmişə olduğu kimi, bu dəfə də erməni təxribatına layiqli cavab verəcəklər. Ermənilər də itkilər verərək törətdikləri təxribata görə peşman olacaqlar. Azərbaycan Ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən çıxmağa hazırdır”. Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var. Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.