“Azərbaycan daha bir zərbə endirsə...” – Bakı müharibə TAKTİKASINI DƏYİŞİR
20 fevralın ayırdığı xətt – sülhə gedən yol qapandı?; Qarabağ münaqişəsi zonasında hərbi vəziyyət tufanqabağı sükuta oxşayır; situasiyanın mümkün inkişaf ssenariləri analitiklərin gözündə; nüfuzlu Qərb nəşri: “Öz siyasətinin girovuna çevrilən Ermənistan daha dərin böhrana və izolyasiyaya sürüklənməkdədir...” Aprel ayı yaxınlaşdıqca Dağlıq Qarabağ ətrafındakı situasiyaya qarşı həssaslıq da artır. O sırada Rusiya və Qərb analitiklərinin şərh və proqnozları məxsusi diqqət çəkir. Bu da təsadüfi deyil. Çünki məhz Rusiya və Qərbin 24 illik vasitəçilik səyləri atəşkəsi saxlamaqdan savayı heç nəyə yaramayıb, ciddi nəticə verməyib. Bu isə konflikt zonasında müharibə risklərinin qalması və artması deməkdir.Qarabağ danışıqlarında durğunluq davam etdikcə böyük hərbi toqquşma ehtimalı da təbii ki, böyüyür. Bunu kim görməsə də, şimal qonşumuz, ABŞ və Avropa yəqin ki, yaxşı görür. Hər necə olmasa, müharibə adı çəkilən güc mərkəzlərinin heç birinə sərf etmir. Paradoks da bundadır ki, belə olan halda vasitəçi dövlətlər problemin dinc həllində dönüş olması üçün gərəkəni etmir, hədəf olaraq atəşkəsi seçirlər. Halbuki atəşkəs rejimi hədəf yox, yalnız böyük sülhə aparan vasitə ola bilər, daha işğal rejimini uzadan vasitə yox. Böyük sülh isə, yumşaq desək, gecikir. Daha dəqiqi, gecikdirilir. Görəsən, niyə? Ümumiyyətlə, situasiyanın mümkün inkişaf ssenarisi və ya ssenariləri necə görünür?
25 fevral insidentinə toxunan ekspertin sözlərinə görə, Ermənistan cəbhə xəttində vəziyyəti məqsədli şəkildə gərginləşdirir: “20 fevraldan sonra İrəvan Bakıya faktiki, ultimatum verib: ya ”Arsax"ın tanınması, ya da müharibə. Bakı yox, məhz İrəvan danışıqlar prosesini ölü dalana soxub və öz hərəkətləri ilə siyasi kompromislər axtarışı üçün variant saxlamayıb. Mahiyyət etibarilə 20 fevral “referendumu” - müharibə üçün bəhanədir. Bununla Ermənistandakı hakim rejim ölkədə sosial-siyasi və maliyyə-iqtisadi böhrandan qurtulmaq niyyətindədir. Ancaq İrəvanın bu de-marşını Bakının cavabsız buraxacağını düşünmək axmaqlıq və sadəlövhlük olardı". Təhlilçiyə görə, bu gün Qarabağda hadisələrin inkişaf ssenarisi bir il öncəkinin eynidir: “Ancaq bu dəfə Azərbaycan hərbçiləri daha qətiyyətli hərəkət edirlər. Xüsusən də bu, özünü hədəflərin seçilməsində göstərir. Əgər ötən il cavab zərbələri düşmənin artilleriya və minomyot mövqelərinə endirilirdisə, yəni kontur-batareya mübarizəsi aparılırdısa, bu gün hədəf düşmənin səhra qurğuları və atəş vasitələri yox, idarəetmə mərkəzləri və səhra qərargahlarıdır”. Politoloq bu xüsusda martın 2-də Azərbaycan mediasında yayılan və ermənilərin avtozirehli texnikası ilə birgə səhra qərargahının məhv edilməsini göstərən kadrlara diqqət çəkib: “Bu kadrlar açıq-aşkar artilleriya kəşfiyyatı və yönəltmə üçün istifadə olunan pilotsuz aparatdan çəkilib. Faktın özü isə çox şeydən xəbər verir. Yeri gəlmişkən, ötən ilin apreli ilə analogiya aparmaq lazım gəlir: o zaman da Azərbaycan KİV-i pilotsuz uçuş aparatı tərəfindən üç yük avtomobilindən ibarət erməni artilleriya avtokolonunun məhv edilməsi videosunu yaymışdı”.
Rusiyalı siyasi təhlilçinin qənaətincə, bütün bu faktlar Azərbaycan ordusunun hərbi-texniki üstünlüyünü sübut edir: “Azərbaycan ordusunun komandanlığı erməni mövqelərinin mühəndis infrastrukturu haqda tam və dolğun informasiyaya malikdir və bu üzdən situasiyanın ağasıdır. Azərbaycan ordusu indi öz istəyi ilə düşmənin müdafiə xəttindəki ən mühüm və ən həssas nöqtələrə belə dəqiq zərbələr endirmək imkanındadır. Bu mənada Azərbaycan tərəfinin hərbi-texniki üstünlüyü artıq onun mövqe müharibəsində taktikanı dəyişməsini şərtləndirib: əgər əvvəllər zərbələr öncədən müəyyən edilmiş erməni atəş nöqtələrinə endirilirdisə, indi artıq hədəf - qoşunları idarə mərkəzləridir”. Analitik daha sonra yazır ki, hələlik erməni tərəfində əsgər və silah kifayət qədərdir, ancaq təcrübə göstərir ki, bacarıqlı zabitlər azdır: “1988-94-cü illərdə qanunsuz silahlı birləşmələrin tərkibində SSRİ DİN qoşunları ilə mübarizədə uğur qazanan separatçıları və xarici terrorçuları necə normal komandirlər və hərbi rəislər hesab eləmək olar ki? Və əgər azərbaycanlı hərbçilər bundan sonra da ermənilərin qərargah və mərkəzlərini məhv etməyə davam etsə, o zaman çox tezliklə erməni qoşunları ön cəbhədə mütəxəssislər üçün kadr qıtlığı hiss edəcək. Bunu isə erməni silahlı qüvvələrində hökm sürən korrupsiya, qohumbazlıq və yerlibazlıq fonunda aradan qaldırmaq asan olmayacaq”.
*** Şübhəsiz ki, hərbi qüvvələr nisbətindən, Azərbaycanın əlçatmaz üstünlüyündən Ermənistandakı hakim rejim, prezident Serj Sərkisyan da yaxşı xəbərdardır. Onun son müsahibə və açıqlamalarında bununla bağlı bədbin notlar kifayət qədərdir. Məsələ həm də ondadır ki, İrəvan son illər Rusiya ilə siyasi-hərbi müttəfiqliyə də şübhə ilə baxmağa başlayıb. Ermənistanın vaxtaşırı Qərbə, NATO-ya sarı boylanması buna sübutdur.Bu xüsusda Britaniyanın nüfuzlu “Deily Express” nəşri təzəlikcə Brüsselə səfər etmiş Sərkisyanın Qarabağ məsələsində mümkün manevrlərindən yazıb. Musavat.com-un məlumatına görə, “Sərkisyan Rusiyaya xəyanət edəcək?” başlıqlı yazıda deyilir: “Son illər daha qabarıq şəkildə görünən budur ki, Dağlıq Qarabağ nizamlanmasında tərəqqinin olmaması Ermənistanı öz siyasətinin girovuna çevirir, onu regionda daha dərin böhrana və izolyasiyaya sürükləyir. Dəfələrlə deyilib ki, münaqişənin dinc və ədalətli həlli bir çox regional iqtisadi layihələr üçün ciddi perspektiv açacaq - hansılara ki, İrəvan da qoşula biləcək. Ancaq indi hətta Ermənistanın KTMT üzrə müttəfiqləri - Rusiya və Qazaxıstan da Azərbaycanla iqtisadi və strateji əlaqələri Ermənistandan yan keçməklə qurur”. Belə dalan vəziyyətindən çıxmaq üçün İrəvanın atdığı addımlara toxunan nəşr ardınca Ermənistanla Avropa Birliyi arasında imzalanması planlaşdırılan yeni çərçivə sazişindən və Sərkisyanın Brüsseldə Avropa Birliyinin və NATO-nun baş katibləri ilə görüşündən yazır. “Deily Express”ə görə, bu kimi gedişlər Ermənistanı ucuz qaz verən və onun təhlükəsizliyini təmin edən Moskvanı qəzəbləndirə bilər. Ancaq ermənilər son 200 ildə dönə-dönə sübut ediblər ki, onlar istənilən an özlərinin bir ağasını digərinə asanca dəyişə, yəni öz ağasına xəyanət edə bilərlər.
***
Rusiyalı tanınmış ekspert və tarixçi Oleq Kuznetsevə görə, işğal altındakı Dağlıq Qarabağda fevralın 20-də keçirilmiş qanunsuz referendum konfliktin tarixində özünəməxsus və təhlükəli ayırıcı nöqtə rolu oynayıb, geriyə - dinc həll yoluna qayıdışı mümkünsüz edib. Musavat.com xəbər verir ki, vesti.az saytındakı təhlil yazısında müəllif daha sonra yazır: “İndi yeganə bir yol qalır - müharibə. Çünki hamıya çoxdan aydındır ki, rəsmi Bakı ”Artsax"ın statusu u ilə bağlı heç kimlə, heç bir halda danışıq aparmayacaq. Azərbaycandan ötrü bu, kapitulyasiya demək olardı, məğlubiyyətin etirafı və tarixi torpaqlarından imtina anlamına gələrdi ki, bu da ölkədə hakim elitanın dəyişməsinə gətirərdi".