Cahangir Hacıyevi yeni məhkəmə gözləyir - 400 milyon dolları KİMƏ VERİB?
Moskva Azərbaycanın axtardığı abxazı həbs etdi; Beynəlxalq Bankın pulunu mənimsəyən abxaz oliqarx Levan Tujba Azərbaycanın sorğusu əsasında Rusiya paytaxtında saxlanıldı; krediti separatçı bölgədə biznesə axıdan Cahangir Hacıyevin başı yenidən dərddə... Ötən ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə 15 il müddətinə həbs cəzası verilən Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev yenidən məhkəmə qarşısında dayana bilər. Belə ki, Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Moskvada abxaz oliqarx Levan Tujba həbs olunub. Virtualaz.org xəbər verir ki, Levan Tujba Azərbaycan DİN-in sorğusu əsasında həbs olunub. L.Tujba “Mistral Alko” şərab idxalçısı firmasının direktorudur. O, Beynəlxalq Bankdan 400 milyon dollar vəsaiti kredit kimi alaraq mənimsəməkdə ittiham olunur.
C.Hacıyev hələ 2000-ci illərin ortalarında “Lyova” kimi tanınan abxaz oliqarx Levan Tujbaya Abxaziyada sitrus meyvələrinin istehsalı və emalı biznesinə yatırmaq üçün iri məbləğlərdə kredit ayırmağa başlayıb. Levan Tujba Moskvadakı abxaz diasporunun liderlərindən biridir. Abxaziyada ağac emalından tutmuş meyvə emalına və istehsalına qədər bir çox sahələrə iri investisiyalar yatırıb. Onu Abxaziya separatçı respublikasının keçmiş “prezidenti” Sergey Baqapşa yaxın iş adamı kimi tanıyırlar. Levan Tujba həmçinin Abxaziya ortaq dağ-sənaye şirkəti təsis edib. “Suxumi ağac emalı zavodu” ASC də ona məxsusdur. Tujbanın Abxaziyanın Əmanət Bankına da 250 milyon rubla yaxın kredit borcu olduğu söylənilir.
Cahangir Hacıyevin Rusiyanın “müstəqil dövlət” kimi tanıdığı separatçı Abxaziya bölgəsinə Azərbaycan bankının pullarını yatırmasının üzə çıxması sabiq bankirin işini bir qədər də ağırlaşdırır. Məlumdur ki, 2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxilə edəndən sonra Abxaziya və Cənubi Osetiya faktiki ilhaq edilib. C.Hacıyev isə Azərbaycanın pullarını separatçı bölgənin oliqarxının sərəncamına verib ki, sonra da bu pullar faktiki batıb. C.Hacıyevin qayınanasının abxaz əsilli olmasının bu biznes əlaqələrində hansı rolu olduğunu demək çətindir.
Qeyd edək ki, məhkəmə Cahangir Hacıyevin 70 milyon manat ödəməsi haqda qərar çıxarıb. Bu məbləğ dəymiş zərər kimi göstərilib. C.Hacıyevlə bağlı müəmma doğuran məsələlərdən biri də onun hazırda Londonda yaşayan, 18 milyon dövlət vəsaitini mənimsəməkdə ittiham olunan həyat yoldaşı Zamirə Hacıyevanın ölkəyə gətirilib-gətirilməməsi ilə bağlıdır. Məlumdur ki, onun arxasınca Londona xüsusi əməliyyat qrupu göndərilsə də, sonradan sabiq bankirin Böyük Britaniyadan sığınacaq alan həyat yoldaşının Azərbaycana gətirilməsinin mümkünsüzlüyü ortaya çıxıb. İndi isə C.Hacıyevi 400 milyon dollar verdiyi abzasla məhkəmədə üzləşmə gözləyir. İstisna deyil ki, bu iş üzrə də sabiq bankirə yeni ittiham verilsin.
Tujba 2005-ci ildə Moskvada “Yupşara” distribütor şirkətini təsis edərək, o cümlədən abxaz şərablarının ticarəti ilə məşğul olub. Levan Tujba Azərbaycan Beynəlxalq Bankı ilə işgüzar münasibətlərə malik olan yeganə abxaz biznesmen deyil. Virtualaz.org xəbər verir ki, Moskvadakı abxaz diasporunun varlı nümayəndələrinin bir çoxu Cahangir Hacıyevin dövründə pullarını Beynəlxalq Bankın Rusiyadakı törəmə bankı “MBA-Moskva”da saxlayırmış.