C.Hacıyevi rus qadına verdiyi 50 milyon "bitirib"? - İddia
Belə ki Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə namizədlər sırasında yenə də onun adı var.
Xəbərlərə görə, parlamentin 3 apreldə keçiriləcək toplantısında "Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında” layihə müzakirə olunacaq. Mərkəzi Bankın İdarə Heyətinə namizədlər sırasında E.Rüstəmovla yanaşı onun müavini Xəqani Abdullayevin də adı var.
Manatın devalvasiyası ilə bağlı bəzi deputatların da ciddi tənqid etdiyi Elman Rüstəmovun səlahiyyət müddəti bitdikdən sonra yenidən vəzifəsinə təyin olunmayacağına dair iddialar vardı. Elman Rüstəmovun əvəzlənəcəyi ehtimalı Cahangir Hacıyevin martın 18-də Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən gözlənilmədən istefa verməsindən sonra gündəmə gəlmişdi. C. Hacıyevin Mərkəzi Banka rəhbər gətiriləcəyi ilə bağlı xəbərin real ola biləcəyini düşünənlər sabiq bankirin hakimiyyətdə müəyyən güc mərkəzlərinə bağlılığına, eləcə də əlində külli miqdarda kapital olmasına diqqət çəkirdi. Ancaq E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə yenidən namizədliyinin irəli sürülməsi həm bu ehtimala, həm də Elman Rüstəmovun dəyişdiriləcəyinə dair söz-söhbətə son qoydu.
63 yaşlı Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 il müddətinə banka rəhbərlik edib. Beləliklə, E.Rüstəmov daha 5 il səlahiyyət alaraq, 25 illik rekorda doğru gedir.
Xəqani Abdullayevə gəlincə, o, Mərkəzi Bankda 2000-ci ilin avqustundan fəaliyyət göstərir. 2008-ci ilin aprelində bankın baş direktorunun səlahiyyətlərinin icraçısı vəzifəsinə təyin edilib. 2009-cu ilin iyulunda Mərkəzi Bankın baş direktoru vəzifəsinə təsdiqlənib. 2010-cu ildə parlamentdə təsdiqləndikdən sonra müavin kimi fəaliyyət göstərir.
Bu arada istiqlal.az saytı C.Hacıyevin istefaya göndərilməsinin səbəbləri ilə bağlı sensasion xəbər yayıb. Xəbərdə deyilir ki, C.Hacıyevin istefaya göndərilməsinin kökündə devalvasiyadan öncəki dollar alveri durur: "Cahangir Hacıyev devalvasiya qərarından öncədən xəbərdar olub və iri kapital sahiblərinin sərəncamından olan manatı dövlətin sərəncamında olan dollarlarla dəyişib ki, bu da dövlətə çox baha başa gəlib. Bu alverdən Cahangir Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib”.
Saytın xəbərində bildirilir ki, Mərkəzi Bankın ilkin qərarı yumşaq devalvasiya olub. Ancaq Cahangir Hacıyevin bir neçə milyardlıq dollar alverindən sonra dövlətin sərəncamında olan valyuta ehtiyatı xeyli azalıb və Mərkəzi Bank sərt devalvasiyaya məcbur olub. Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov prezidentə məruzəsində yaranmış situasiyaya görə Cahangir Hacıyevin günahkar olduğunu bildirib və dövlətə nə qədər ziyan vurduğunu konkret rəqəmlərlə əsaslandırıblar. Bundan sonra prezident Cahangir Hacıyevin vəzifəsindən uzaqlaşdırılması barədə Samir Şərifova göstəriş verib. Və Beynəlxalq Bank sədri 50 yaşında "xəstəliyi” ilə bağlı istefaya göndərilib".
Qeyd edək ki, prezident İlham Əliyevin konkret ad çəkməsə də fevralın 24-də Mingəçevir səfərində "devalvasiyada bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə edirdilər” deyəndə konkret olaraq C.Hacıyevi nəzərdə tutduğu iddia edilir.
"Yeni Müsavat” qəzeti isə iddia edir ki, Cahangir Hacıyev rəhbərlik etdiyi bankdan ayrı-ayrı vətəndaşlara milyonlarla dollar kredit verib, qarşılığında isə heç bir təminat tələb etməyib. Onlardan biri də 45 yaşlı rusiyalı "Dünya gözəli” (zamanında), məşhur və təsirli azərbaycanlı milyarderin sevgilisidir. Ona 50 milyon dollar kredit verilib, lakin həmin məbləğin geri qaytarılması mümkün olmayıb. Daha dəqiqi, rus xanım borcu qaytarmaqdan imtina edir. Bu və bu kimi bir neçə fakt Cahangir Hacıyevin bankir vicdanında qalıb; üstəlik də onun karyerasını bitirib.