Qərb iki əsas bankirimizi hədəfə alıb
İndi isə müxtəlif istiqamətlərdən onlara qarşı ciddi ittihamlar ortaya çıxır. Bəlli olduğu kimi, hazırda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun adı Vyana məhkəməsində aparılan pul çapında korrupsiya işində hallanır və məhkəmədə Azərbaycanın baş bankirinin ifadə verməsi tələb olunur. Hətta bir qədər əvvəl istiqlal.az saytı hakimiyyətdəki mənbəyə istinadən bu ilin sentyabrında Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsın Azərbaycana səfəri zamanı onun ölkəmizin rəhbərliyi qarşısında qaldırdığı məsələlərdən birinin də E.Rüstəmovun Vyana məhkəməsində dindirilməsi ilə bağlı olduğunu yazmışdı.
Qeyd edək ki, cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə rüşvət əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb. Bu cinayət işi ilə bağlı Avstriyada ümumilikdə 9 nəfər məhkəmə qarşısına çıxarılıb. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, pul əsginazlarının çapına məsul Mərkəzi Bankın törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da var. Yerli medianın məlumatına görə, Azərbaycan tərəfdən “OeBS” şirkəti ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanov danışıqlar aparıb.
İndi isə Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının Moskva filialını (“MBA-Moskva”) çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham edib. Virtualaz.org saytının xəbərində qeyd olunur ki, Rusiya Mərkəzi Bankının saytında yerləşdirilmiş materialda Azərbaycan Beynəlxalq Bankının Moskva filialı cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır. Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub. Rusiya Mərkəzi Bankının müvafiq qərarı noyabrın 7-də qüvvəyə minib.
Qeyd edək ki, hazırda dünyada terror fəaliyyətinin maliyyələşdirilməsi ən həssas mövzulardan birinə çevrildiyi üçün Rusiya Mərkəzi Bankının bu məlumatının Azərbaycan, xüsusən də Beynəlxalq Bankın rəhbəri C.Hacıyev üçün ciddi zərbə olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Ümumiyyətlə, Azərbaycan bankları ötən illərdə də bir neçə dəfə çirkli pulların yuyulmasında ittiham olunub. Sonuncu dəfə bir neçə həftə əvvəl amerikalı araşdırmaçılar Azərbaycanın 3 bankını - “Azəriqazbank”, “Bank Standart” və Beynəlxalq Bankı çirkli pulların yuyulmasında ittiham edən materiallar yaymışdılar. Məlum olmuşdu ki, adıçəkilən banklar onlayn dərman və antivirus proqramlarının satışından 10 milyonlarla dollar “çirkli” pul “yuyub”.
Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koyun (Damon McCoy) araşdırmaları nəticəsində bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaş”lıq proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. Araşdırma zamanı həmçinin daha 3 aktiv “tərəfdaşlıq” proqramı da müəyyən olunub. Bəlli olub ki, belə proqramlar çərçivəsində saxta antivirusların satışı “Bank Standart” və “Azərbaycan Beynəlxalq Bankı” üzərindən baş tutub. Bu zaman dövriyyədə 10 milyonlarla dollar olub.
Bir neçə il davam edən araşdırmalar zamanı Deymon Mak-Koy belə saxta proqramlara görə əsasən Azərbaycanın “Bank Standart” bankındakı hesaba pul ödəyib. Bir neçə ay əvvəl isə ödəmələr Azərbaycan Beynəlxalq Bankına transfer olunub.
“Azərbaycan bankları belə əməliyyatların həyata keçirildiyi bazarı praktiki olaraq inhisara alıblar” - deyə D.Mak-Koy bildirib. O qeyd edib ki, idpay.com-un məlumat bazasının təhlili ona daha böyük sirləri faş etməyə imkan verib.
Qeyd edək ki, Azərbaycan banklarının adı dəfələrlə belə qanunsuz əməliyyatlarda hallanıb. Hətta bir neçə bankın bağlanmasında da bu cür qadağan olunmuş qanunsuz əməliyyatların rolu olduğu bildirilirdi. İndi isə həm Rusiya, həm də Qərbdən Azərbaycanın bank sektorunun aparıcı simalarında qarşı ciddi ittihamlar yer alır. Yeri gəlmişkən, iki gün əvvəl Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı gözlənilmədən hakimiyyət deputatları da bank sektoruna hücum ediblər. Deputatlar bank faizlərinin yüksək olmasına ciddi etiraz bildiriblər. Ola bilsin ki, daha çox “icazə verilən” mövzularda danışan iqtidar sözçülərinin bu cür sərt şəkildə bank sektoruna hücum etməsi “yuxarılarla” razılaşdırılıb.
Bütün bunlar göstərir ki, Azərbaycanın bank sektorunda ciddi dəyişiklik gözlənilir. Bunun hansı istiqamətdən, kimin üzərində baş verəcəyi hələlik dəqiq deyil. Yalnız görünən odur ki, Azərbaycanın böyük bankirləri hər tərəfdən “vurulur”.
( musavat.com)