Bu ölkə niyə DƏYİŞMİR?
Hüseynbala Səlimov Ədəbazlıq kimi qəbul etməyin, amma bizim ədəbiyyatımızın bir çox əsərləri kənar ədəbiyyatların bəlli süjetləri ətrafında milli variasiyalardır. Fəqət, elə əsərlərimiz var ki, onlar həqiqətən də inci sayıla bilər. Belələri hətta dünya ədəbiyyatını da zinətləndirmək gücündədir.
Onlardan biri də M.Cəlilin “Ölülər”idir. Mən bu əsəri bir neçə dəfə oxumuşam, gəl, hər dəfə Şeyx Nəsrullahın oyundan necə çıxacağını və dramaturji kulminasiyanın necə açılacağını böyük həyəcanla izləmişəm.
Təbii, mənim burada “Ölülər”in ədəbi-bədii məziyyətlərinə varmaq fikrim yoxdur, hərçənd ki, onlar bir deyil, iki deyil, bəlkə də yüzlərlədir...
Məni burada fırıldaqçı Nəsrullahın “Xub, sən də get fikirləş!” sözləri daha çox məşğul edir. Bəli, kimi qardaşının, kimi övrətinin dirilməsıni və bir daha bu dünyaya qaytımasını istəmədi, çünki onlar dirilib yenidən həyata gəlsəydilər elə şeylər görərdilər ki!..
Elə biz də, hamımız olmasa da, böyük bir əksəriyyətimiz M.Cəlilin ölülərinə bənzəyirik, çünki “Bu ölkə niyə dəyişmir? Nə vaxtadək bu cür qalacaq?” kimi sualların bir cavabı da vardır: “Ona görə dəyişiklik yoxdur ki, insanlar bunu istəmir, onları elə indiki qaydalar da qane edir”...
Biz isə hər dəfə dağa-daşa düşür, min cür səbəb axtarırıq. Kimi bu sosial-siyasi düyünün səbəblərini hakimiyyətin çox sərt olmasında, başqa biri müxalifətin yarıtmazlığında, digərisə hansısa beynəlxalq mətləblərdə və incəliklərdə axtarır...
Halbuki səbəb çox sadədir. Bir daha deyirik, dəyişikliklər ona görə olmur ki, sadəcə, insanların çoxu bunu istəmir, onları indiki qaydalar da qane edir...
Bəli, bizim çoxumuz üçün həmvətənlərimizi çəkidə və keyfiyyətdə aldatmaq, qoyun və ya dana əti əvəzinə eşşək, ən yaxşı halda də at əti satmaq, imtahanlarda tələbələrdən pul qoparmaq, xəstələri elə onların xəstəliyilə sınağa çəkmək, böhran dərinləşdikcə vəzifəmizdən istifadə edərək insanları daha şövqlə soymaq, yerli üsul-idarə qaydaları ilə, necə deyərlər, “dədə-baba qaydas”ı ilə və “mentalitet”ə uyğun şəkildə yaşamaq daha sərfəlidi, nəinki düzgün yaşamaq, nəinki düzgün çalışmaq və yaxud düzgün xidmət etmək...
Ona görə də heç nə alınmır. Ona görə də müxalifətin etiraz çağırışlarına beş-üç adamdan savayı heç kim səs vermir...
Bir neçə il bundan əvvəlin söhbətidir. Hökumət ilk dəfə daha rüşvətin olmayacağını “qəti” şəkildə bəyan edəndə maraqlı bir hal sezdim. Bizim insanların çoxu pərişan idi. Deyirdilər “İndiyədək rüşvətlə dərd-sərimizi həll edirdik, indi nə edəcəyik?”...
Halbuki elə o vaxt da aydın idi ki, hökumətin belə “qəti” qərarları hələ çox olacaqdır, çünki avtoritar və ya totalitar rejimlərdə düşünürlər ki, bir qərarla da, direktiv qaydada da rüşvətin kökünü kəsmək mümkündür...
İnsanlar isə bunun fərqində deyildilər və əməlli-başlı qorxuya düşmüşdülər, çünki rüşvətin olmayacağı təqdirdə “Qardaşım və yaxud da əmimoğlu filan yerdə işləyir” sözlərinin də mənası olmayacaqdı. Daha “Adamın adamı olar!” deyimi əvvəlki əsrarənglikdə qalmayacaqdı və hamımız eyni imtiyazlara malik olacaqdıq...
İnsanlar isə bunu heç istəmirlər. Ona görə də heç bir dəyişiklik olmur. Hətta baxıb görürsən ki, digərləri də indiki vəzifəlilərin yerində olsaydılar belə edəcəkdilər, hər kənddə, hər rayonda bir ev tikdirəcək, bir maşından düşüb o birisinə minəcək, büdcəni və həmvətənlərini bir az da artıq şövqlə talayacaqdılar...
Təbii, bunun da səbəblərini bilmək istəyənlər var, çünki bir qism insanlar elə əvvəldən deyirdilər ki, bu ölkədə sosial-siyasi qaydaların və prinsiplərin dəyişməsi üçün ilk növbddə insanlar dəyişməlidir. Onlar niyə korlanıb, nədən bu qədər tamahkar və yalançı olublar,-bu haqda da müəyyən mülahizələr var, amma ağlabatan bir şey yoxdur...
Kimi bizim qüsurlarımızın kökünü Rusiya istilasında, kimi mentalitetdə, başqa birisi də daha nə bilim harada axtarır. Amma daha ağıllı yol budur ki, bütün bunların dərinliyinə çox varmayasan, çünki insan ağılını da itirə bilər...
Belə deyəndə də qayıdırlar ki, xəstəliyin bütün “bioqrafiya”sını bilmədən onu sağalda bilməzsən. Beləcə, vəziyyət bir az da qəlizləşir. Lap dönüb olursan kefli İsgəndər, necə deyər, gücün bir tüpürcəyinə, bir də arağa güc verməyə çatır...
Amma bu da çıxış yolu deyil, çünki hətta Kant də idrakın sərhədlərinin məhdud olduğunu iddia etsə də insan övladının heç vaxt barışmadığı bir məqam var. Bu da “Mümkün deyil!” sözləridir...
Ona görə də ha çalışırsan, əlləşib-vuruşursan, fəqət, bir şey alınmır ki, alınmır. Axırda da “Allah rəhmət eləsin sizə, ölüllər. Necə yaşamısınızsa eləcə də yaşamaqda davam edin” deyib əllərini yelləyir və növbəti arağ şüşəsinin ağzını açmalı olursan...