«Azərbaycan və Türkiyə kimi ölkələrdə sadəcə qanundan hər şeyi gözləmək bəs etmir»
"Hed Academy" şirkətinin prezidenti Cankat Hurmoğlu Azərbaycana tez-tez gəlir. Demək olar ki, hər ay Bakıda olur. Onun rəhbərlik etdiyi «Hed Azərbaycan» şirkəti sürücülərə yol hərəkəti qaydalarını, təhlükəsiz sürücü olmağın yollarını öyrədik. Bu baxımdan, reşəkar sürücü, ən təhlükəli manevrlərə imza atmış Cankat Urmuoğlunun Avtosfer.az-a sürücü mədəniyyəti ilə bağlı açıqlaması olduqca maraqlı və düşündürücüdür. Onun fikrincə, avtomobil edarə etmək çox risklidir. Burada ilk növbədə yazılmış qayda-qanunlara əməl etmək lazımdır. Eyni zamanda, sürücülərlə ünsiyyətdə olub təbliğat işini gücləndirmək lazımdır: «Qanun olmasa olmaz. Qanun olmalıdır ki, hər kəs hamı üçün eyni olan qanun-qaydanın nə olduğunu bilsin və necə əməl etməyi öyrənsinlər. Amma Azərbaycan və Türkiyə kimi ölkələrdə sadəcə qanundan hər şeyi gözləmək bəs etmir. Hər tərəfdən kömək etmək lazımdır. Məsələn, böyük, lider kimi olan insanlar maşına minəndə təhlükəsizlik kəmərini taxsa, filmlərdə də belə şeylər olsa, o zaman hər kəsin beynində artıq bu qanun qalacaq və utanmadan, qorxmadan hamı kəmər taxacaq. Bizdə bir az mədəniyyətimizin gətirdiyi bir şey var, - “əşi, kəməri niyə taxırsan”, “polisdən qorxursan”, “nədən qorxursan” kimi qınaqlar var. Əslində hamı ölməkdən qorxur. Kim ölmək, ya da qolunu sındırmaq istəyər? Filmlərdə görsək ki, təhlükəsizlik kəmərindən hər kəs istifadə edir, onda normal vətəndaş da daha rahat bunu qəbul edəcək, daha rahat kəmər taxacaq. Çünki sadə, adi insanlar onlara baxırlar, onlar kimi yaşmaq istəyirlər, onlar kimi davranmaq istəyirlər. Bu barədə dövlətin də üzərinə çox iş düşür. İstər filmlər, istər seminarlar, yollarda bilbortlar, reklam xarakterli şeylər olsun. Yəni insanlara nə qədər çox toxuna bilərsənsə, onlarla nə qədər çox danışa bilərsənsə, bir o qədər də mədəniyyəti yüksək səviyyəyə qaldırarsan. Sadəcə, qanun bunları o qədər bacarmır. Qanuna əsaslanıb bu işləri görmək lazımdır. Qanun isə olmasa olmaz. Məsələn, qanun deyir ki, svetoforda dayanmaq lazımdır, qırmızı işıq yananda yolu keçmək olmaz, sürmək olmaz, amma biz insanlara o qırmızı işıqda nə üçün durmalıyıq, durmasaq nə olar, hansı fəsadlar baş verər, tıxacdan tutmuş başqa məsələlərə qədər bir çox şeylərdən bəhs etməliyik. Misal üçün, elə bir yerə gedin ki, orada svetofor yaxşı işləyir, tıxac yoxdur və svetoforu söndürüb 5 dəqiqə gözləyin, görün, necə tıxac yaranacaq. Bunları insanlara başa salmaq lazımdır. İkincisi, o svetoforda sən nə qədər diqqətli olsan da, başqa birinin diqqət etmədiyi bir vaxta düşə bilərsən. Sən oradan gecə saat 2-də keçə bilərsən və düşünürsən ki, onsuz da heç kim yoxdur. Eynilə sənin kimi düşünən də belə etsə, görün, necə toqquşma olar. Nəticədə ya sən, ya o, ya da hər ikiniz ölə bilərsiniz. İnsanlara ən çox bu cür şeyləri başa salmaq lazımdır ki, mən bunu nə üçün edirəm. Bunu bilsə, əslində işi bir az san olar».
Cankat Hurmoğlu sükan arxasında olan sürücünün A nöqtəsindən Z nöqtəsinə sağ-salamat getməsi üçün tələb olunan şərtləri də açıqlayıb: «Maşın idarə etmək çox çətin bir işdir. Çünki bir neçə işi eyni vaxtda etməlisən. Fikir verin, yola çıxanda qarşınıza müxtəlif yol işarələri çıxır, cürbəcür insanlar küçələrdə gəzir, üzərlərində müxtəlif geyimlər var, hərəsinin paltarı başqa cürdür, rəngarəngdir. Eynilə də cürbəcür maşınlar var. Velosiped, motosiklet, piyada, maşın, bunlar hamısı eyni yolda gedir, onların hamısını görə bilməlisən, hamısına görə özünü düzgün aparmalısan. Bu baxımdan, maşın sürmək asan deyil. Bilmələri lazım olan ən asan şey var; sükan arxasında oturanda bilməlisən ki, qarşıdan gələn hər kəs dəlidir, hər şey edə bilərlər, hər şey ola bilər. Ona görə özünü həmişə buna hazır saxlamalısan. Nə zaman qarşındakı insana güvəndin, o zaman problemlər yaranmağa başlayacaq. Yolda heç kimə güvənmək olmaz. Səndən yaxşı heç kim maşın sürmür, hər kəs "xam"dır, heç kim heç nə bilmir, sən onların hamısını idarə etməlisən, onların nə edə biləcəklərini əvvəlcədən fikirləşməlisən. Belə olduqda A nöqtəsindən Z nöqtəsinə getmək bir az daha asan olar».
Türkiyə və Azərbaycan sürücüləri arasında çox oxşarlıq olduğunu deyən Cankat Hurmoğlunun fikrincə, biz maşına minəndə hələ də fikirləşirik ki, atla gedirik: «Tarixə baxsaq, türklər hər zaman at belində gəziblər. At bizim üçün çox önəmli olub. Atı çox sevirik. Hamımızın evində 1-2 at var idi. Amma fikir verin, atlar heç vaxt gedib bir-biri ilə toqquşmurdular. Hər zaman onlar yollarını tapıblar. İndi biz maşını at yerinə qoymuşuq. Fikirləşirik ki, onsuz da gedəcək. Hələ son 10 ilə baxanda vəziyyət çox dəyişib, əvvəllər 500 maşın var idi, sonra 5 min oldu, indi Azərbaycanda maşın sayı 1 milyonu keçib. Maşın o qədər çoxdur ki, artıq altlar bir-birini görmürlər. Ona görə də toqquşurlar. Əvvəllər atlar toqquşsa da bizə böyük xəsarətlər dəymirdi, ölmürdük. Amma indi 30 km sürətlə də səhv yerdə qəza etsən ölə bilərsən. Ona görə də biz psixologiyamızda dəyişiklik etməliyik və əvvəlki vaxtlardan dərs götürməliyik. Özümüzə oradakı təcrübələrdən götürüb, indiki texnologiyanın lazım olanlarına tətbiq etməliyik. İndi fikir verin, bir maşına minirsən 10 saniyəyə saatda 100 km-ə qalxır. Maşın var 3-4 saniyəyə də çıxır. Amma normal maşınlardan söhbət gedir. Allah bizi belə yaratmayıb axı. Biz 8-10 km sürətlə qaça bilərik o yan-bu yana. Biz indi 8-10 km-lə qaçan adamı götürüb qoyuruq maşının üstünə və deyirik ki, 100 km sürətlə qaç. Fiziki reaksiya gedən vaxtı, gözlərin görüb dərk etmə, beynində onun fırladıb reaksiyaya girməsi o qədər uzun vaxtıdır ki, 1 saniyə də çatmır. İndi fikir verin, 30 km-də qarşında nəsə olsa 100 km-lə əyləci basmadan belə onu vuracaqsan. Artıq bu qədər pis həddə çatır. Texnologiya yaxşıdır, irəli getdi, amma biz insanlar irəli gedə bilmirik. Bizim düşüncəmiz bu qədərdir. Ən yaxşı reaksiyanı 1 saniyəyə verə bilərik. Amma 1 saniyəyə yer yerindən oynayar».