07.09.2014- “Mətbuat əhli olaraq biz fors-major situasiyalara hazır deyilik”

07.09.2014- “Mətbuat əhli olaraq biz fors-major situasiyalara hazır deyilik”İradə xanım, istər müstəqil, istərsə də iqtidarlı, müxalifətli bütövlükdə Azərbaycan mətbuatının bugünkü durumunu necə qiymətləndirərdiniz? Sizi qane edən və qane etməyən məqamlar hansılardır?
– Mətbuatı cəmiyyətdən, ümumiyyətlə, baş verən proseslərdən ayrılıqda müşahidə etmək olmur. Mətbuat güzgüdür, nə baş verirsə, onu da əks etdirir. Eyni zamanda, mənə elə gəlir ki, cəmiyyətin özünün xaotik vəziyyəti birbaşa mətbuata inikas edir. Çünki hələ də dəqiq bir ideoloji düstur tapılmayıb ki, nə olmalıdır, necə olmalıdır, nədən çıxış edərək hansı yolla getmək lazımdır? Məsələn, dünən sözlərini, mövqeyini düzgün qəbul etdiyimiz bir adamı sabah düşmən də elan edə bilirlər və biz də bunu normal qarşılamalı oluruq, əslində, vəziyyət anormal olsa da. Ona görə mənə elə gəlir ki, mətbuatın durumunun necə olacağı, olması bizim məmləkətin, ölkənin özünün inkişafı ilə bağlıdır. Yəni, indiki halda mətbuatımızın durumunu orta qiymətləndirmək olar, biz özümüz necə yaşayırıqsa, mətbuatımız da elədir.
– Mətbuat azadlığı ilə də bağlı müxtəlif yanaşmalar var. Bir qisim insanlar mətbuat azadlığının, ümumiyyətlə, azadlığın hüdudsuz olmamasını önə çəkir, digər bir qisim insanlar isə bunun əksini söyləyir – mətbuat azadlığının, azadlıqların sonsuz, hüdudsuz olmasını vurğulayır...
– Biz hələ o həddə gəlib çatmamışıq ki, problemləri az olan dövlətdə yaşayaq. Dövlət tam güclü olanda, heç bir problemi olmayanda onda nədənsə arxayın olmaq olar. Bir müqayisə aparım. Fikir vermisinizsə, amerikalılar öz bayraqlarının şəkli olan şortiklər də geyinirlər və bunu normal qarşılayırlar. Bilirsiniz niyə? Çünki heç bir kompleksləri yoxdur. Dövlət o qədər güclüdür ki, dövlətin bayrağı o qədər yuxarıdadır ki, onu hara geyinirsən geyin, hörmətsiz olmayacaq. Amma biz bəzən ən xırda şeylərə elə reaksiya veiririk ki... Bu da, görünür, bizim komplekslərimizlə bağlıdır. Çünki məzlumuq, əzilirik, problemlərimiz çoxdur və o problemlərin fonunda belə şeylər hətta, vizual olaraq bizi çox qıcıqlandırır, böyük qarma-qarışıqlıqlara gətirib çıxara bilər. Bu azadlıq məsələsini də mən belə qiymətləndirirəm, yəni, mənə elə gəlir ki, ən böyük azadlıq qanunların diktaturasıdır. Qanunlar düzgün işləsə və hamıya aid olsa, bu, ən böyük azadlıqdır. Əgər bu gün qanun mənə deyirsə ki, bu işi dəqiq görmək lazımdır və bunu sən də edəcəksən, ən böyük nazir də edəcək, ancaq eyni zamanda, mən buna tabe olmuramsa, onda bu azadlıq deyil, ümumən heç nə deyil. Azadlıq başqasının haqqını tapdalamaq deyil ki? Əksinə, azadlıq sən və sənin çevrəndə, çevrənin çevrəsində olan insanların daha rahat yaşamasına xidmət etməlidir. Buna paralel olaraq, mətbuatdakı azadlıq da ölkədəki xaosu artırmağa xidmət etməli deyil. Qanunlar işləməlidir və mətbuatı da qanunlar tənzimləməlidir, yəni, nə edə bilər, nə edə bilməz. Amma yenə deyirəm, bu hamıya aid olmalıdır. Oliqarxlar üçün bir qanun, bir mətbuat, yetim-yesir üçün bir qanun, bir mətbuat ola bilməz.
– Bəs qanunlar özü necə, hamının haqqını tanıyırmı?
– Baxır hansı qanun. Əgər qanun düzgün işlənibsə, düzgün hazırlanıbsa və hamıya aiddirsə, onun heç bir qorxusu yoxdur. Qanun ürəklərə işləməlidir, hamının ürəyinə yol tapmalıdır. Qanun yalnız o vaxt qanun olur.
– Yeri gəlmişkən, “Diffamasiya haqqında” qanunun qəbulu məsələsində də fikirlər haçalanır – bunu vacib sayanlar da, qəbul etməyənlər də var...
– Şəxsən mən “Diffamasiya haqqında” qanunun qəbulunun əleyhinəyəm, onu qəbul etmirəm. Çünki Azərbaycanda elə bir mühit formalaşıb ki, bu qanunun qəbulundan sui-istifadə edənlər dərhal çoxalacaq. Diffamasiyanı bəhanə edib nə istəsən yazacaqsan və deyəcəksən ki, yazmışam-yazmışam də, bu mənim haqqımdır. Onda belə çıxır ki, onu gedim vurum öldürüm? Çünki onsuz da məni daha qanunlar qorumur. Bu baxımdan, mən “Diffamasiya haqqında” qanunu qəbul etmirəm. Bu məsələdə mən bizim ölkənin gerçəklərini daha çox nəzərə alıram.
– İradə xanım, Siz kifayət qədər müstəqil və peşəkar jurnalist kimi tanınırsınız, bu baxımdan, yuxarıdakı mövqeyiniz məlum statusunuzla, imicinizlə ziddiyyət təşkil etmir ki?
– Axı, müstəqillik o demək deyil ki, sən başqasının haqlarını tapdalamalısan, kimlərisə təhqir etməlisən, kimlərinsə özəl həyatını çıxarıb ortalığa qoymalısan. Bizim belə haqqımız yoxdur...
– İradə xanım, bir müddət öncə cəbhə xəttində məlum qanlı olaylar yaşandı, az qala ikinci Qarabağ savaşı başlayacaqdı. Ancaq bir fakt da ortadadır ki, həmin ərəfədə bəzi KİV-lər və bir sıra dövlət qurumlarının mətbuat xidmətləri Azərbaycanın xeyrindən daha çox, onun ziyanına ola biləcək fəaliyyət sərgilədilər. Hətta, bununla bağlı bu günlərdə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə geniş müşavirə keçirildi...
– Ümumiyyətlə, həmin hadisələr baş verən zaman gördüm ki, biz mətbuat, media əhli olaraq fors-major situasiyalara hazır deyilik, eyni zamanda, bu yöndə qanunlarımız da işləmir. Birincisi, əgər hər hansı bir hadisə olubsa, bu barədə ilk növbədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yaymalı və onun KİV-də hansı şəkildə verilməli olduğunu da nəzərdə tutmalı idi. Mətbuat elə-belə bir şey deyil ki? Panika yaratdılar, dedilər ki, sərhədyanı rayonlardan insanlar yenə qaçmağa hazırlaşırlar. Axı, indi 1993-cü il deyil, 2014-cü ildir. Azərbaycanın dövləti, dövlətin ordusu var və ordu hər yerdə hər şeyi qorumalıdır. İkincisi, hadisə təmas xəttində, cəbhə xəttində baş verib əsgərlər həlak olublar. Bu hadisə olan vaxt orada aşpaz olmalı deyildi, mühəndis olmalı deyildi, müəllim olmalı deyildi, hərbçi olmalı idi. Ancaq bunu buraxdılar cəmiyyətin müzakirəsinə ki, niyə filankəs ölür, filankəs ölmür? Bu da haradasa təbiidir. Əgər inşaatda bir hadisə olsa, çöksə,orada mühəndis öləcək, inşaatçı öləcək, fəhlə öləcək,ancaq bu hadisələr sərhəddə olub və hərbi konfliktdir. Hərbi konfliktdə isə daha çox hərbçilər həlak olurlar. Bəs onda mətbuatın bunu belə şişirdib, bu şəkildə təqdim etməsi, bu xaosu yaratması nəyə xidmət edirdi? Əslində, bunlar da bilindi. Bəziləri xarici ölkələrdən pul almış adamlar idi, onların maraqlarına xidmət edirdilər, panika, xaos yaratmaqla məşğul olurdular. Bəziləri heç nəyi fikirləşmirdilər, savadsızlıqlarından, bəsitliklərindən reytinq yığmaq xatirinə ağızlarına gələni yazırdılar. Amma kimlər ki, dövlət, Vətən, bayraq anlayışını anlayır, onlar soyuqqanlıqlarını çox qorudular və hadisələrə yanaşmada düzgün mövqe tutdular. Bəzən deyirik ki, əşşi, filankəs belə etdi, filankəs elə etdi. Elə-belə deyil, hər bir şeyin öz səbəbi var, səbəbsiz heç nə olmur. Filankəsin nə üçün belə danışmağının arxasındakı qüvvələri yoxlamaq lazımdır.
– Sizcə, bu məsələləri tənzimləmək üçün yeni bir qanuna ehtiyac varmı?
– Artıq 20 ildir bu dövlət var. Mövcud qanunların işləmə mexanizmi faizi çox aşağıdı, sadəcə. Hər gün bir hadisə olacaq, biz də hər gün o hadisə ilə bağlı bir qanun fikirləşməliyik? Bu gülünc olur, axı. Bu birdəfəlik müəyyən olunmalıdır, yəni, hər hansı bir hadisə baş verəndə hansı nazirlik, cavabdeh dövlət qurumu özünü necə aparmalıdır. Çünki xalqın vəziyyəti də dövlətin qurumlarının özünün necə aparmağından çox asılıdır. Deyək ki, böyük panika düşsəydi, dövlət qurumları bir az gec ayılsaydı, o köç yenidən başlasaydı və kimsə gəlib o torpaqlarda otursaydı, sonra nə olacaqdı? Ona görə də bunların hamısını indidən düşünmək lazımdır. Hər situasiyaya bir qanun düşünmək olmaz. Amerikada Konstitusiyada cəmi 4-5 dəfə dəyişiklik olub. 250 ildir bu ölkə yaşayır, amma cəmi 5 dəyişiklik ediblər Konstitusiyalarında. Biz isə az qala hər situasiyada bir qanun meydana çıxarırıq. Bu düzgün deyil.
– Bir məqama da münasibətinizi bilmək istərdik. Qarabağ savaşı başlayandan bu yana belə iddialar, fikirlər var ki, müharibə, hərbi xidmət sanki kasib, imkansız insanların övladlarının alnına yazılıb, varlı, imtiyazlı, imkanlı insanların balaları üçün deyil və sair. Bu haqda nə deyə bilərsiniz?
– Ola bilər ki, bu iddiaların haqlı məqamları da var. Əslində, balaca bir ölkədə yaşayırıq və guya hamı haqqında hər şeyi bilirik. Kimin uşağı əsgər gedib, kiminki getməyib, harada xidmət edib və ya etməyib. Ancaq onu da deyim ki, bütün dünyada ağır hərbi konfliktlərdə professional hərbçilər iştirak edirlər. Mən elə gəlir ki, bizim də ordumuz ona doğru gedir, ancaq indi o professional hərbi xidmətə kim gedir, kim getmir, bu artıq başqa söhbətdir. Eyni zamanda, kimsəni də məcbur etmək olmaz. Bu da insanın içindən gələn bir istəkdir. Bir də ümumiyyətlə, bu son 50-60 ildə harada görmüsünüz ki, zəngin adamların uşaqları hərbçi olsun? Görmüsünüz onu? Dünyanın hansı ölkəsində var o? Yoxdur. Əgər oxuya bilirlərsə, onlar gedirlər Harvardda oxuyurlar, Oksfordda oxuyurlar. Bizimkilərin uşaqları onların heç birində oxuya bilmirlər, nə orada oxuya bilirlər, nə burada. Bax, bundan danışmaq lazımdır ki, niyə bizim varlıların bir çoxunun uşaqları bu qədər imkanları ola-ola heç biri gedib orada oxuya bilmir. Gəlin bundan da danışaq.


Kamil HƏMZƏOĞLU
525.az






Fikirlər