15.07.2014- "Pudralı həmsədr bizə torpaq qaytarandır?" - MÜSAHİBƏ

15.07.2014- "Pudralı həmsədr bizə torpaq qaytarandır?" - MÜSAHİBƏAqil Abbas: “İŞİD-in Amerikanın layihəsi olduğu üzə çıxacaq”
Suallarımıza millət vəkili Aqil Abbas cavab verib. Deputat əsasən Dağlıq Qarabağ münaqişəsi, problemin həlli yolları, aparılan danışıqlar, ABŞ səfirinin ötən həftə verdiyi açıqlama, İraq Şam İslam Dövlətinin İraqda etdiyi hərəkətlər, Qəzzanın bombalanması, orucluq ayı və özünün oruc tutub-tutmadığı barədə fikirlərini açıqlayıb.
- Aqil bəy, son zamanlar diplomatlar bəyan edirlər ki, Şuşa və Xankəndi istisna olmaqla, işğal edilən Azərbaycan torpaqları dərhal azad olunmalıdır. Buna münasibətiniz necədir?
- Bəli, mətbuatda bu tip xəbərlər gedir. Ancaq biz maraqlanıb bilməliyik ki, bu yazıların mənbəyi haradandır. Biri yazır ki, üç rayon qaytarılacaq, digəri 5 rayonun işğaldan azad ediləcəyini iddia edir. Əcəba, bu xəbərləri haradan əldə edirlər? Mən bilmirəm. Siz maraqlanın görün, belə mənasız və boş informasiyaları haradan götürürlər, mənbə kimdir?
- Bir neçə gün əvvəl Amerikanın Azərbaycandakı səfiri bəyan etmişdi ki, işğal edilən ərazilər dərhal geri qaytarılmalıdır...
- Bəli. Mən də bu haqda oxudum. Amma Amerika səfiri Morninqstarın bu bəyanatı mənim üçün heç nədir. Mən bunu boş söz hesab edirəm. Bəyəm Amerikanın səfiri mənim torpağımı alacaq? Bunlar, sadəcə, söz-söhbət, danışıq, baş aldatmaqdır. Bundan o yana deyil. Odur ki, mən buna ciddi baxmıram.
- Yəni torpaqların geri qaytarılmasını real hesab etmirsiniz?
- Mən heç Morninqstarı qəbul etmirəm. O, nə səfirdir ki? Getsin öz işi ilə məşğul olsun.
- Bəs, Qarabağ məsələsi ilə kim məşğul olsun?
- Bu işlərlə Azərbaycan dövləti məşğul olur. Ali Baş Komandan işğal olunan torpaqlarımızı azad edəcək.
- İndiki mərhələdə torpaqlarımızın azad edilməsi ehtimalı yoxdur?
- Torpaqlar qaytarılacaq. Qaytarılmasa, onda biz niyə yaşayırıq? Əvvəl siyasi mənada torpaqlarımızı geri qaytaracağıq, dünyanı geri çəkəcəyik, hər kəs biləcək ki, haqq bizim tərəfimizdədir. Bundan sonra isə torpaqlarımızı vuruşmaqla qaytaracağıq. Azərbaycanın bunun üçün gücü də, ordusu da var. Mən hər zaman savaş demişəm. Torpaqlar savaşla qaytarılacaq.
- Savaşsız mümkünsüz hesab edirsiniz?
- Savaşsız heç nə mümkün deyil. 22 ildir ATƏT fəaliyyət göstərir. Pudralı, parfumeriyalı ATƏT. Gəlirlər, yeyib-içib gedirlər. Aralarında da biri var idi-Fasiye. Azərbaycana gələndə adam qoxudan ölürdü. Mən belə adamlarla torpaq qaytaracağam? ATƏT torpaq qaytarandır? Azərbaycan artıq dünyada sözünü deyəcək sözə və güclü hakimiyyətə malikdir. Hazırda dövlət hər yerdə öz sözünü deyir. Bizə o lazımdır ki, dünya işğal olunan torpaqların bizə məxsus olduğunu bilsin. Sabah müharibə başlayanda dünya bizə embarqo tətbiq etməsin. Amerika, sən deyirsən, amma erməni torpaqdan çıxmır, eləcə də, Rusiya deyir, yenə çıxmır. Qardaşım, səni eşidib torpaqdan çıxmadılar. Biz onları nə cür torpaqlardan çıxarmağın yolunu bilirik. Söhbət ondan gedir ki, Qarabağı ilk olaraq siyasi meydanda udmaq, daha sonra savaş yolu ilə azad etmək lazımdır.
- Siz düşünürsünüz ki, diplomatların “işğal edilən Azərbaycan əraziləri dərhal boşaldılmalıdır” fikrinin heç bir mənası yoxdur?
- Yaxşı bəyanatdır, demirəm ki, niyə belə deyiblər. Sadəcə olaraq, mən belə insanların sözünə əhəmiyyət vermirəm. Mən belə bəyanatlara da inanmıram. - Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Ermənistan münasibətləri kontekstində həll ediləcək, yoxsa qlobal proseslərin tərkib hissəsi kimi?
- Birincisi, təbii ki, dünyasız mümkün deyil. Dünya fırlanır, hər yeri dağıdırlar. Demək istəyirəm ki, bu problemin həll olunmasına dünya imkan vermir. Dünya geri çəkilərsə, bir həftədən sonra Ermənistan Azərbaycana əlini uzadar, bu məsələlər sülh yolu ilə həll olunar. Amma dünya geri çəkilmək istəmir, çünki özünün maraqları var.
- Dünya niyə geri çəkilmir?
- Dünya İraqı bombalayır, Suriyada vətəndaş müharibəsi aparır, Əfqanıstanı qarşıdurma həddinə çatdırır. Mən qeyd etdim ki, dünyanın öz marağı var.
- Konkret olaraq hansı maraqları var?
- Türkləri birləşməyə qoymurlar, hər zaman təzyiq altında saxlamaq istəyirlər. Azərbaycanı, Türkiyəni, elə Ermənistanı da bu yolla təzyiq altında saxlamaq istəyirlər. Çalışırlar ki, Azərbaycanın Rusiya ilə münasibətləri gərgin həddə olsun. Mən Amerikanın bütün siyasi məsələlərini bilmirəm. Bilsəydim, gedib Obamanın yerində işləyərdim.
- Rusiyanın bu münaqişədə marağı yoxdur?
- Təbii ki, var. Rusiyanın imperiya marağı var, onlar da türklərin birləşməsini, insanların mehriban yaşamasını istəmir. Əgər Azərbaycan Ermənistanla müharibə vəziyyətində olmasaydı, indi Azərbaycan hansı iqtisadi-sosial durumda olardı? Təsəvvür edin ki, Ermənistanla Türkiyənin sərhədi açılardı. Ağdamdan İqdıra iki saata getmək mümkün olardı. Dəmir yolu da, qaz kəməri də, neft boruları da Ermənistan üzərindən çəkilərdi. Görün nələr ola bilərdi. Bu halda türk dünyası birləşirdi. İndi isə biz Gürcüstanı dolanmaqla Türkiyəyə gedə bilirik. İnsanların adam kimi yaşamasını istəməyən dövlətlər var. Baxın görün 50 milyonluq Ukraynanı hansı günə qoyurlar.
- Ukraynanı bu günə Rusiya qoyur, yoxsa Amerika?
- Amerika. Əsas da Qərb. Nə oldu, Ukrayna neçə müddət idi ki, sakit və rahat yaşayırdı da. Guya Avropa Birliyinə daxil olan kimi Ukraynanın başı üzərində şaftalı töküləcəkdi?
- Azərbaycan olaraq biz Qərbə doğru getməliyik, yoxsa Rusiya istiqamətində?
- Biz heç bir tərəfə getmirik. Niyə hansısa istiqamətə getməli, kiminsə arxasına düşməliyik? Biz müstəqil və demokratik ölkəyik, siyasətimizi də özümüz yürüdürük. Təbii ki, Avropaya inteqrasiya olunmalıyıq. Amma bu o demək deyil ki, biz nələrisə itirməliyik. Biz niyə kiminsə arxasınca getməliyik? İkincisi də, mən kiçik dövlətin deyil, böyük dövlətin vətəndaşıyam. Böyük dövlət olduğumuzu da göstərəcəyik.
- İraq Şam İslam Dövləti adlı silahlı qruplaşmanın İraqda, ələlxüsus Kərkükdə insanları incitməsi, öldürməsi nə ilə bağlıdır?
- Türkləri qırırlar, mənim Türkiyəm də Qəzza ilə bağlı İsrailə nota verir. Türkiyə zamanında İraq məsələsində səhvə yol verdi. 2003-cü ildə Türkiyə İraq siyasətini düzgün qurmadı. İndi görəcəksiniz ki, İraq Şam İslam Dövlətinin Amerikanın layihəsi olduğu üzə çıxacaq. Onlara silahları Amerika verib. İndi çoxları deyir ki, İraq Şam İslam Dövləti qəfildən meydana çıxıb. Əslində, bu, qəfil meydana çıxan qüvvələr deyil. Onlar əvvəl Suriyada Əsədə qarşı vuruşurdular. İndi istiqamətləndiriblər İraqa. Başlarını da doldurublar ki, gedin bu torpaqları bölüşdürün.
- Dünyada yeddi türk milləti var. Bəs nədən onlar İraqda qırılan türkmənləri müdafiə etmirlər?
- Biz neyləyək, İraqa müharibəmi elan edək? Bizim öz problemimiz var. Biz öz problemimizi həll etməmiş dünyanın problemlərinə müdaxilə edə bilmərik. Dağlıq Qarabağ kimi düyünə düşən çətinliyimiz var. Bu məsələ ilə məşğul olmalıyıq.
- Axı dünyada bir deyil, yeddi türk dövləti var...
- Biz Azərbaycan olaraq mənəvi dəstək ifadə edirik. Amma silah götürüb İŞİD ilə vuruşmayacağıq. Suala gəldikdə, deyim ki, əslində yeddi deyil, iki türk dövləti var-Azərbaycan və Türkiyə. Digərləri yarım türk dövlətləridir, tam türk dövləti olmayıblar. Onların türk dövləti olması üçün 10-15 il zaman lazımdır.
- Qəzza bölgəsində baş verənləri necə qiymətləndirirsiniz?
- Siz məndən də gözəl bilirsiniz ki, dünyanın hər yerində qırılan müsəlmanlardır.
- Nəyə görə?
- Təhsili, savadı, elmi yox. Baxın görün saytlarda nələri müzakirə edirlər? Orucluq vaxtı başın bağlanıb-bağlanmaması məsələsini. Əgər bir millət XXI əsrdə bu mövzunu müzakirə edirsə, demək, onun gələcəyi dumanlıdır. Hələ orucluq vaxtı nəfəs alıb-almamaq mövzusunu da müzakirə edirlər. Görün nələri müzakirə edirlər. Belə müsəlman necə irəli gedə bilər? İkincisi, Qəzzanı bombalayan müsəlmandırmı? Bəyəm onun üçün ramazan ayı var? Bombalayır da.
- Yaxşı, siz orucluq zamanı Həmasın İsrailə raket atmasına, üç uşağı aparıb qətlə yetirməsinə necə baxırsınız?
- Xahiş edirəm ərəblərlə bağlı mənə suallar verməyin.
- Niyə?
- Qətərin, Səudiyyə Ərəbistanın kralları qiyməti bir milyon dollardan baha olan unitazda əyləşirlər. Qəzzada ölənlər də mənim deyil, onların əmisi oğludur. Mən ərəb deyiləm.
- Siz oruc tutursunuz?
- Xeyr, tutmuram. Amma Allahıma, peyğəmbərimə inanıram. Oruc tutanlara da normal yanaşıram. Kim sidq ürəkdən oruc tutursa, qəbul olsun. Oruc sağlamlıqdır, Allahın buyuruğudur.
- Ancaq siz daha çox ateist kimi danışırsınız...
- Mən ateist deyiləm, ziyalıyam.
- Ziyalı ateist ola bilməz?
- Ola bilər. Amma mən dinə başqa gözlə baxıram. Mən ziyalıyam, dini bilirəm, dünyadakı bütün dinlər haqda da informasiyam var. Mənim üçün İsa da, Musa da, Məhəmməd də peyğəmbərdir. Özüm də müsəlmanam və and içəndə də Həzrəti Abbasa and içirəm.
- Demək istəyirsiniz ki, həm də şiəsiniz?
- Yox. Belə məsələlər mənim üçün çox əhəmiyyətsizdir. Mən sünni və ya şiə məsələsinə o qədər də fikir verən insan deyiləm. Sadəcə olaraq qarabağlılar and içəndə Həzrət Abbasa and içirlər.
- Siz Milli Məclisin son sessiyalarından birində xaricə gedib vuruşan vətəndaşlarımız haqda qanun qəbul etmisiniz. Amma indi də İŞİD-in tərkibində, eləcə də, Suriyada azərbaycanlılar vuruşur. Bunu necə qiymətləndirmək olar?
- Bəli, Azərbaycandan kənarda hər hansı bir terror təşkilatında vuruşan varsa, onun haqqında cinayət işi qaldırılacaq və həmin vətəndaş həbs ediləcək. Azərbaycan vətəndaşı heç bir terror təşkilatında vuruşa, onun üzvü ola bilməz.
- Ancaq qanun qəbul olunsa da, buradan gedib Suriya və İraqda vuruşanların qarşısını almadı...
- Nə bilirsiniz ki, almayıb? Qanun bir aydır qəbul edilib, hazırda işlər gedir. Siz düşünürsünüz ki, bir ayın içində bu işlər həll olunacaqdı? Yəqin ki, gedənlərin qarşısının böyük hissəsi alınıb. Bunu siz, mən deyil, dövlət daha yaxşı bilir. Amma məncə, Suriyada deyil, Qarabağda vuruşmaq lazımdır.


Nemət Hüseynli






Fikirlər