06.07.2014.- “İŞİD-in arxasında anqlosakslar dayanır” - MÜSAHİBƏ
Özünü İraq Şam İslam Dövləti adlandıran silahlı qurum Şimali İraq ərazisində hərbi əməliyyatları davam etdirir.Qədim türk torpaqları olan Mosul, Kərkük, Diyalə və digər əraziləri ələ keçirən silahlı qruplaşma hazırda buranın yerli sakinləri olan türkmənlərə qarşı xüsusi qəddarlığı ilə seçilir. Türkmənlərin çoxu artıq ata-baba yurdunu tərk edərək bu silahlı qruplaşmanın nəzarət etmədiyi ərazilərə gedirlər.
İraqın şimal hissəsindən hər gün tükürpədici xəbərlər gəlir. Bu mövzuda suallara Vətəndaş Həmrəyliyi Partiyası (FHP) və Dünya Azərbaycanlıları Konqresi (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlı cavab verib.
- Sabir bəy, özünü “İraq Şam İslam Dövləti” adlandıran qurum Şimali İraqda türkmənləri sıxışdırmaqda, cinayət törətməkdə davam edir. Bu hadisəyə türk dövlətlərinin münasibətini necə qiymətləndirirsiniz?
- İndiki münasibət faciəvidir və İraq türkmənlərini taleyin ümidinə buraxmaq kimidir. Türkiyə, Azərbaycan, eləcə də, İranda yaşayan 35 milyonluq azərbaycanlılar türkmənləri terrorun, separatizmin, silahlı quldur dəstələrinin ixtiyarına buraxdılar. İlk səhv ABŞ-ın İraqa hərbi müdaxiləsi ilə başladı. O zaman Türkiyə bu prosesə qoşulmalı, lazım gəlsə, türkmənlərin yaşadığı ərazilərə ordu yeritməli idi. Çünki bir dövlət kimi Türkiyənin Şimali İraqda marağı var idi, burada yaşayan 3 milyonluq türkmən Türkiyənin bir parçasıdır. Onlar əslində Atatürk zamanından Türkiyənin qarantı altında olmalı idi. Mustafa Kamal bu torpaqları geri qaytarmaq üçün də mücadilə aparırdı. Amma təəssüf ki, həmin vaxt bu, mümkün olmadı. Sonrakı dövrlərdə Türkiyə hər zaman ora sıx və sıcaq münasibət bəsləyib. Təəssüflər olsun ki, Ədalət və İnkişaf Partiyasının hökuməti bu münasibətləri, türkmənlərin taleyini nəzərə almadı. Üstəlik də ABŞ İraqa ordu yeridəndə Türkiyə bir kənarda qaldı. Hətta bundan sonra da Türkiyə ayıq tərpənsə idi, indi başqa vəziyyət olardı.
- Bəs, Azərbaycan?
- Biz bilirik ki, bu Azərbaycan üçün daha çətindir. Azərbaycanın İraqla birbaşa sərhədi yoxdur, aramızda Güney Azərbaycan var, üstəlik, bizim bir dövlət olaraq özümüzün ciddi problemlərimiz var, ölkə müharibə şəraitindədir. Kərkük, Mosul, Diyalə zamanında Azərbaycanın tərkibində olsa da, bir müddət də Türkiyənin tərkibinə daxil olub. Türkiyə bu xalqa sahib çıxmalı idi. Özü sahib çıxmasa, bura girməsə belə, orada türkmənlərin təşkilatlanmasına, özünü müdafiə etməsinə dəstək verməli idi. Bu xalqı taleyin ümidinə buraxmaq olmaz. Türkmənlərin qonşuları silahlananda, terror dəstələri düzəldəndə, dağlara çıxanda türkmənlər əliyalın şəkildə, lap bizim Dağlıq Qarabağdakı vətəndaşlarımız kimi taleyin ümidinə qalmışdı. Türkiyə onlara yardım etməli idi. Əgər onlara yardım olsaydı, bu xalq qəhrəman xalqdır və özünü müdafiə edə bilərdi. Ancaq onların dəstək çağırışına səs verilmədi. İndi də yerindən-yurdundan qoparılan, hər şeyindən məhrum olan bir xalq ortalıqdadır. Bu gün onları təşkilatlandırmaq, müqavimətini təşkil etməyin özü böyük sual altındadır. Həm də son dərəcə çətindir. Demək olar ki, biz Kərkükü, Mosulu-qədim torpaqlarımızı itirdik. İndi camaatın ora qayıtması son dərəcə çətindir. Bu xalq o qədər acı tale yaşayıb ki, hətta zamanında onlara zülm edən PKK-nın nəzarətində olan bölgələrə sığınmağa məcbur olurlar. Bundan acı tale ola bilməz.
- Siz türkmənlərə yardım üçün fondun yaradılmasını təklif etmişdiniz. Biz türkmənlərə necə kömək edə bilərik?
- Bu gün Türkiyədə MHP başqanı Dövlət Baxçalının təşəbbüsü ilə bir yardım kampaniyasına başlanılıb. Mən bu prosesi diqqətlə izləyirəm. Yardım kampaniyasına düyü, çörək, un, yağdan tutmuş yorğan-döşəyə qədər hər şey toplanır. Çünki çöllərdə qalanlar var. Dərmandan başlanan və adi şeylərə qədər yardım toplanır. Bu bir kömək kampaniyasıdır. Hesab edirəm ki, bizim özümüz bunu təşkil edə bilməsək də, Türkiyədəki bu dəstək kompaniyasına qoşulmalıyıq. Azərbaycanda da təşkil oluna bilər. Əlbəttə, dövlət bunu təşkil edə bilər və bizim dövlətimizin bu imkanları var. Amma bu iş təkcə dövlət işi deyil, bu həm də millət işidir. Xalq da öz tərəfindən, dövlətin müdaxiləsi olmadan bu işi görməlidir. Çünki bu məsələlərdə dövlətlərin münasibətləri ayrı müstəvidə qurulur, amma xalq bu məsələlərdə azaddır və istədiyi addımı ata, yardım edə bilər.
- Hazırda Sizin Mosul və Kərküklə təmaslarınız varmı?
- Bəli, mənim münasibətlərim var. Əvvəla, mən köhnə millət vəkili Təzioğlu ilə əlaqə saxlayıram. O, həm də Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvüdür. Bundan başqa, mən İraq-Türkmən Cəbhəsi ilə əlaqə saxlayıram. Eləcə də, türkmənlərin Türkiyədəki dərnəkləri ilə əlaqələrə malikəm. Həmçinin Avropa və digər ölkələrdə olan mühacir İraq-Türkmənlərinin dərnəkləri ilə münasibətlərimiz var. Lazım olan vaxt onları arayıb danışa bilirik. Amma indi konkret olaraq əlaqələrimizi quran İraq-türkmən Cəbhəsində təmsil olunan dostlarımız və DAK İdarə Heyətinin üzvü Təzioğludur.
- Hazırda Mosul, Kərkük, Diyalə və digər türkmən torpaqlarında türkmənlər yoxdurmu, onlar bu əraziləri tamam tərk edib?
- Çoxu bu əraziləri tərk edib. Qalanlar da çox ağır şərtlər altında yaşayırlar. Təsəvvür edin ki, özünü İraq Şam İslam Dövləti adlandıran qurumun əsgərləri ailə qurmayan qızları axtarırlar ki, onlarla ailə qursunlar, onlar evlərə soxulurlar, hər cür təcavüz, İslama yaraşmayan hərəkətlər edirlər. Bu, İslam deyil, İslama həqarət, onu gözdən salmaq, dünyada genişlənən və nüfuzu artan dinimizə son dərəcə böyük zərbə vurmaqdır. Min il əvvəl xaçpərəstlərin səlib yürüşləri baş verib. İslam dünyasını bir yumruq kimi xaçpərəst dünyası ilə savaşıb, onlara müqavimət göstərib. Anadoluda böyük birlik var idi. Bütün xalqlar müsəlman olaraq səlib yürüşlərinin qarşısını alırdılar. Amma indi heç səlib yürüşlərinə də ehtiyac yoxdur. İslam dünyasında məzhəb ayrılıqları salıblar, yeni və eybəcər qurumlar yaradıblar ki, onlar da bir-birini qırmaqla məşğuldurlar. Çox təəssüf ki, islam məhzəbçiliyi getdikcə siyasiləşir və hətta bir sıra dövlət başçıları bu məsələlərə xırda təriqət mövqeyi ilə yanaşırlar.
- Sabir bəy, İraq Şam İslam Dövləti adlanan qurumun arxasında hansı qüvvələr dayanır, bu silahlı dəstələri ortaya çıxarmaqda məqsəd nədir?
- Bunun arxasında Avropa dayanır. Dediyim kimi, islam dünyasını parçalamaq istəyən qüvvələrdir. Vəhhabilərin, yeni yaranan və kökü olmayan qondarma təriqətlərin arxasında kimlər dayanırsa, bu silahlı dəstələrin də arxasında onlar dayanır. Qərb, Avropa, Böyük Britaniya, Amerika dayanır. Yəni bu hərəkatların arxasında dayanan konkret olaraq anqlosaks kökənindən gələnlərdir.
- Siz türkmənlərə dəstək məsələsində türk dövlətlərinin adını çəkəndə ancaq Azərbaycan və Türkiyənin adını qeyd etdiniz. Əslində isə dünyada tanınan yeddi və tanınmayan bir türk dövləti var...
- Tamamilə haqlısınız, hazırda dünyada müstəqil yeddi türk dövləti mövcuddur. Amma biz hələ Türküstanın, Mərkəzi Asiya dövlətlərinin diqqətini bütövlükdə bu məsələyə cəlb edə bilməmişik. Yəni bütövlükdə informasiya qıtlığı var. Hər kəs üzünü Avropaya çevirir ki, bunları Avropa bilsin və eşitsin deyir. Amma çox təəssüf ki, öz qardaşlarımıza belə bu məsələdə geniş məlumat verə bilmirik. Mən xatırlayıram, İndoneziyada İslam Konfransı Təşkilatının sessiyası keçirilirdi. Həmin vaxt Fransa hökuməti erməni “soyqırımı” olmayıb deyənlərə cəza tətbiq etməyə başlayır və yeni qanun qəbul etmək istəyirdi. Mən Türkiyədən gələn dostlarımıza dedim ki, bu məsələni İslam Konfransı Təşkilatının sessiyasında qaldırmaq istəyirəm, hesab edirəm ki, islam dövlətləri bunu bilməlidir. Amma türk deputatlar dedilər ki, yox, bunların bilməyi ilə, bilməmələrinin fərqi yoxdur. Mən həmin sessiyada geniş çıxış etdim, dedim ki, bunu siz bilməlisiniz, çünki sizlər həm də həlledici dövlətlərsiniz, BMT-də səsiniz var. Məlum oldu ki, bu dövlətlərin çoxu, ümumiyyətlə, 1915-ci il hadisəsi nədir, ermənilərin iddiası, soyqırımı kimi ciddi mövzular haqda heç nə bilmirlər. Təsəvvür edin ki, Türkiyənin min illik qonşusu olan suriyalı deputatlar belə bundan bixəbər idilər. Mənim çıxışımdan sonra onlar daha geniş məlumat almaq istədilər. Bundan sonra Türkiyə Böyük Millət Məclisinin başqanı Cəmil Çiçəyin rəhbərliyi altında sessiyada iştirak edən nümayəndələr xeyli sayda suallara cavab verən, bu hadisələrə aydınlıq gətirən bir neçə dildə məlumat kitabçası gətirdi. Gördüm ki, bunun xeyli müsbət nəticəsi oldu. Türkiyədən gələn nümayəndə heyəti də buna görə bizə təşəkkür etdi. İndi biz elə bilirik ki, Kərkükdə baş verənlərdən, türkmənlərin ağır şərtlər altında yaşamasından, təcavüzə məruz qalmasından bütün türk dövlətləri məlumatlıdır. İndi biz görürük ki, son illərdə Qazaxıstan Dağlıq Qarabağ məsələsində konkret mövqe nümayiş etdirir, Özbəkistan müəyyən mövqe ortaya qoyur. Halbuki, bəlkə də, bizlər 20 il bundan əvvəl normal informasiya mühiti yarada bilsəydik, bu dövlətlər Dağlıq Qarabağ məsələsində daha net mövqe ortaya qoyardılar. Sizə deyim ki, Özbəkistanda azərbaycanlılara müdhiş bir sevgi var. Qazaxıstanın özündə də Azərbaycana böyük sevgi var. Mən özüm canlı olaraq bu sevgini müşahidə etmişəm. Bunlar sözdə türk deyil, ruhları ilə türkdürlər. Odur ki, işləmək, yaxınlaşmaq lazımdır. Təəssüflər olsun ki, bizlər bu məsələdə yetərincə işləyə bilmirik.
Amma indi də gec deyil və bu işlərə ciddi yanaşmağımız lazımdır.