30.06.2014.- 3 rayonun qaytarılması ilə bağlı yeni təfərrüatlar

30.06.2014.- 3 rayonun qaytarılması ilə bağlı yeni təfərrüatlarMən sözümə və özümə hörmət edən adamam və ağzımdan çıxan sözün də məsuliyyətini dərk edirəm. 3 rayonun qaytarılması məsələsi mənim haradansa uydurduğum məsələ deyil. Bu, ATƏT-in Minsk Qrupu tərəfindən irəli sürülən və Rusiya, Fransa və ABŞ-ın da içərisində olduğu təklifdir”.

Bu sözləri mediaya ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Üzeyir Cəfərov Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam, Füzuli və Cəbrayıl rayonlarının geri qaytarılması barədə dediklərinin birmənalı qarşılanmamasını şərh edərkən deyib.

Onun fikrincə, 3 rayonun geri qaytarılması barədə dediyi fikirləri ciddi qəbul etmək lazımdır: “Bu, Üzeyir Cəfərov tərəfindən deyil, məhz Rusiya, Fransa, ABŞ tərəfindən verilən təklifdir. Fransa Prezidentinin Azərbaycana səfəri zamanı, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda keçirdiyi görüşlərdə bu üç rayon məsələsi müzakirə olunub. Mənim xarici diplomatlarla, rəsmilərlə, o cümlədən xarici ölkələrin politoloqları, hərbçiləri, hərbi analitikləri ilə mütəmadi görüşlərim olur, müzakirələrin nəticəsindən çıxış edərək bu fikri ortaya qoymuşam. O qədər sadəlövh deyiləm ki, Azərbaycanın taleyüklü məsələsinə dırnaqarası yanaşım. Mənim günahım deyil ki, danışıqlarda gedən mövzu kiminsə diqqətindən kənarda qalıb və mən bu məsələnin üstünə diqqəti yönəldirəm”.

Ü.Cəfərovun sözlərinə görə, 3 rayonun qaytarılması məsələsi Ermənistanda da müzakirə olunub: “Hətta bədnam “Dağlıq Qarabağ Respublika”sının rəhbərləri ilə də müzakirə olunub. Ona görə də bunu qeyri-ciddi, hansısa bir şəxsin açıqlaması kimi dəyərləndirmək lazım deyil. Özüm Azərbaycana olan bu təklifi qətiyyətlə rədd edirəm. Niyə BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi olduğu halda Azərbaycan hansısa 3 rayonla razılaşmalıdır? Qarabağ adi məsələ deyil. Mənim təklifimə qeyri-ciddi yanaşanların halına acıyıram, onlar elə bilirlər ki, gündəmə gəlmək üçün bu fikri səsləndirirəm. Lavrovun Bakıya, Ermənistana səfəri, Azərbaycan müdafiə nazirinin Moskvaya səfəri, Putinin telefon zəngi, o cümlədən Ermənistan diplomatlarının Dağlıq Qarabağda yüksək səviyyədə müzakirələr aparması hamısı bu məsələr ətrafındadır.Ermənistana başa salıblar ki, bütün rayonlar geri qaytarılmalıdır, çünki bunlar Azərbaycan əraziləridir. Ona görə də Ermənistan 3 rayonu qaytarmalıdır ki, əlavə uduşları olsun. İtirən Azərbaycan olacaq. Vəziyyət hansı səviyyədədir ki, hətta Azərbaycan öz ziyanına olan Madrid prinsiplərinə razılaşmışdı. Amma bütün bunların fonunda 3 rayon məsələsi Rusiya və Fransa tərəfindən ortalığa atılıb. Tam məsuliyyətimlə deyirəm ki, bu, çox ciddi söhbətdir. Azərbaycanın taleyinə təsir göstərə biləcək qərarlar ola bilər.Demirəm ki, Azərbaycan artıq təklif barədə razılığını verib. Bu, müzakirə mövzusudur. Lakin Ermənistan razılığını verib”.
Hərbi ekspertin qənaətinə görə, üç rayonun qaytarılması qarşılığında Azərbaycan Avrasiya İttifaqına daxil olacaq. O, konkret olaraq Ağdam, Füzuli və Cəbrayıl rayonlarının adının çəkilməsini belə əsaslandırdı: “Ola bilsin ki, Zəngilan rayonunun qaytarılması söhbəti var idi. Amma daha çox Ağdam, Füzuli və Cəbrayıl üzərində danışıqlar aparılıb. Çünki xəritəyə diqqət yetirəndə görürük ki, Cəbrayıl rayonunun müəyyən hissəsi bizim nəzarətimiz altındadır. Yarı hissə isə Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir. Sol tərəfdən Cəbrayıl, Füzuli və Ağdam qaytarılır, ondan sonra bufer zonada Rusiyanın və digər ölkələrin sülhməramlı qüvvələrinin yerləşdirilməsindən söhbət gedir. Növbəti illərdə isə danışıqlar prosesinin davam etdirilməsini düşünürlər. Bu, sadəcə oyundur ki, Azərbaycanı cəlb etmək istəyirlər.
Azərbaycanın isə uduşu olmayacaq”
.






Fikirlər