Milli Məclisin komitələri 2013-cü ilə dair HESABAT verdi - “Hələ “mətbəximiz”də çoxlu layihələr var”

2013-cü il Milli Məclisin komitələri üçün necə yadda qaldı? Komitələrdə hansı qanun layihələri müzakirə olundu və yaxud da hansı qanun layihələri yarımçıq qaldı?

Modern.az bununla bağlı Milli Məclisdəki komitələr arasında ilin yekunlarına dair sorğu keçirib.

Regional məsələlər Komitəsinin üzvü Tahir Rzayev: “Yola saldığımız ildə yarımçıq qalan qanun layihəsi yoxdur. İş planına əsasən komitənin iclasında 7 məsələ müzakirə olundu. Komitənin 6 aylıq hesabatı müzakirə olunub. Bələdiyyələrin əraziləri və torpaqlar haqqında qanunvericiliyə əsasən rayonlarda kəndlərin adlarının dəyişdirilməsi əsas məsələ idi. Cəlilabad, Masallı, Naxçıvanın Şərur, Şahbuz rayonlarında yerləşən kəndlərin və Xaçmaz rayonunun Xraxoba kəndinin adı dəyişdirilməsi olub. Həmçinin dövlət büdcəsinin müzakirəsi keçirildi. Bütün komitələrdə olduğu kimi bizdə də geniş müzakirə oldu. Bundan başqa vətəndaşlarla görüşlər keçirildi. Xarici ölkələrə 1 il ərzində deputatlarımız səfər ediblər. Müəyyən bələdiyyələrlə əlaqədar qanunvericiliyə uyğun olan iş təcrübəsini öyrənmək, ordakı işlərlə tanış olmaq kimi məsələlərdə komitə üzvləri istər regionlarda, istərsə də xarici ölkələrdə işlərlə tanış olublar”.

Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli: “Komitədə 14 iclas keçirildi. 7 qanun layihəsi parlamentdə təsdiq olundu. Bunlar hamısı əhalinin sosial müdafiəsini gücləndirən layihələrdir. Eyni zamanda, “mətbəximiz”də çoxlu qanun layihələri var ki, onlar gələcəkdə perspektivlə zaman-zaman müxtəlif sahələri gücləndirən layihələrdir. Bunlar haqqında mətbuatda çoxlu yazılar gedibdi. Bu layihələr yenə də parlamentdə çözülür. Baş xətt Prezidentin səsləndirdiyi sosial dövlət quruculuğu istiqamətidir. Ən maraqlısı odur ki, Prezidentin imzası ilə komitəyə çoxlu qanun layihəsi gəlir və o qanun layihələri də müzakirə olunur və parlament onu qəbul edir. Məsələn, uşaqların məcburi icbari dispanserizasiyası. Bu qanun layihəsi çox güclü qanun layihəsi idi. Azərbaycanın genefondunun kökündən yaxşılaşdırılmasına xidmət edən layihədir. Bu günlərdə biz bu layihə ilə əlaqədar olaraq sabah inzibati xətalar məcəlləsinə dəyişiklik edəcəyik. İcbari dispanserizasiyanı pozan adamın cəzalandırılması belə nəzərdə tutulur. Komitədə çoxlu layihələr vardı ki, biz müzakirə etdik. Buna baxmayaraq, payız sessiyası çox gərgin sessiya idi. Həmin ərəfədə prezident seçkiləri keçirildi. O dövrdə parlamentin komitəsinin işi nisbətən az idi. Bizim komitədə büdcə müzakirələri oldu. Sosial Müdafiə Fondunun büdcəsini təsdiq etdik. Büdcənin özündə sosial yönüm məsələsi müzakirə olundu. Buna baxmayaraq, bir neçə qanun layihəsi var ki, komitənin “seyfində” qalmaqdadır. Məsələn, “Pasient haqqında” Qanun layihəsi hazır layihədir, lakin burda da müəyyən məqamlar var ki, yenidən baxılmalıdır. “Reproduktiv sağlamlıq haqqında qanun layihəsidir. Bunlar uzun müddətdən gələn qanunlardır. Neçə illərdir ki, çözülüb bağlanıbdı. İstirahət haqqında qanun da çözülən qanunlardandır. Fikirlər haçalanıb. Bir sıra qanunlara əlavə dəyişikliklər vardı. Ailə Məcəlləsində nikaha girən oğlan və qızın cütlüyü tibbi arayış təqdim etməsi məsələsinin məcburiliyi kimi məsələlər hələ də işlənilir”.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə: “Əsasən Azərbaycanın imzaladığı bir sıra dövlətlərarası sazişlərin ratifikasiyasını təmin elədik. Bununla yanaşı, Azərbaycanın bir sıra ölkələrlə qərarları təqdim edib təhlil etdik. Azərbaycanın strateji layihələrini də parlamentdə təsdiq etdik. Bunlar Azərbaycanın dünya ilə əlaqələrini möhkəmləndirir”.

Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov: “2013-cü ildə yarımçıq qalan qanun layihələrini növbəti ilin yaz sessiyasında plenar iclasa təqdim ediləcək. Payız sessiyasında xüsusi bir qanun layihəsi qəbul etmədik. Ancaq qanunların düzəlişində iştirak etdik. Ona görə ki, bundan qabaq mədəniyyət haqqında böyük qanun qəbul etmişdik. İndi də daha çox yeni qanunlar üzərində iş gedir. Əsasən kinematoqrafiya haqqında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə yeni qanun hazırlayırıq. Sonra yarımçıq qalmış qanun layihəmiz var: “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında”. Bu qanun layihəsi üzərində də çalışırıq. Eyni zamanda, kulinariya mədəniyyəti haqqında bir qanun layihəsi hazırlanır. Muğam sənətinin, aşıq sənətinin inkişafı haqqında da layihəmiz var. Bu qanun layihələrinin yalnız komitə səviyyəsində hazırlanması prosesi gedir. Hələ ki proses gedir, yəqin ki, müzakirəyə çıxardan olmayıb. Gələn ilin yaz sessiyasında bir neçə qanun layihəsini plenar iclasda təqdim edəcəyik”.

İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov: “Mənə elə gəlir ki, bütün qanun layihələri müzakirəyə çıxarıldı və qəbul edildi. Eyni zamanda, bir sıra qanunlara, o cümlədən sahibkarlığa yardımla əlaqədar qanuna dəyişikliklər edildi. Reklam, rəqabət haqqında qanun layihələri isə qəbul edilməyib”.

Aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev: “Əsas qanunlara dəyişiklik idi ki, onları etdik. “Kooperasiya haqqında qanun layihəsi” qaldı. Çünki orda bəzi nüanslar var ki, müəyyən ziddiyyətlər yaradır. 2014-cü ilin yaz sessiyasında bu qanun layihəsinə bir də baxılacaq. Həmçinin Prezidentdən bir neçə qanun layihəsi gəlmişdi. Onların hamısı müzakirə olundu”.

Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı: “ Fəaliyyətimiz səmərəli oldu. “Təhsil haqqında” Qanuna bəzi dəyişikliklər edildi. Xüsusilə ata-ana himayəsindən məhrum olan uşaqların ödənişli əsaslarla xərclərini dövlətin öz üzərinə götürməsinə dair dəyişikliklərin qəbulu əhəmiyyətli idi. Bundan əlavə, komitə üzvləri plenar iclaslarda fəal olublar. “Elm siyasəti haqqında” Qanun layihəsinin müzakirəsinə yenidən ehtiyac var. 2014-cü ilin yaz sessiyasında həmin layihə müzakirəyə çıxarılacaq”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Mübariz Qurbanlı: “2014-cü ilə heç bir qanun layihəsinin qalmadı. O cümlədən 2013-cü ildə komitədə bir sıra qanunlara əlavə və dəyişikliklər edilib”.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov: “Qanunvericilik təşəbbüsü Prezidentdən gələn qanunlar və dəyişikliklər olub. Həmçinin TANAP layihəsi müzakirə olunub. Milli Məclisin plenar iclaslarında təkliflər irəli sürülüb”.

Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü Zahid Oruc: “2013-cü ildə Qəbələ radiolokasiyasının fəaliyyətinin dayandırılması və ümumən o müqavilənin bütövlükdə ləğv olunması qəbul edildi. Azərbaycanın bununla öz müstəqilliyini daha da möhkəmləndirdi. Hərbi xidmət və hərbi vəzifə haqqında qanun layihəsi bu il qəbul edildi. O cümlədən Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığa aid daha bir qanun layihəsinə dəyişikliklər reallaşmış oldu. Son olaraq Milli Məclisin son iclasında Birləşmiş Ştatlarla Azərbaycan arasında maddi-texniki əməkdaşlığın müddətində uzadılması ilə bağlı sənədi ratifikasiya etdik. Hərbi qulluqçuların statusu ilə bağlı qanun layihəsi isə 2014-cü ilə qaldı”.

İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova: Milli Məclisin son iclasında 31 sənədə baxdıq. Bunların içində körpələr evinin vergilərdən azad olunması da var. Eyni zamanda, payız sessiyasında da çoxlu sənədlərə baxılıb”.






Fikirlər