Murad Dadaşov Ziya Məmmədova maşın bağışlayıb? - MÜSAHİBƏ
“Onlar bahalı hədiyyələri sevmirlər, heç qəbul da etməzlər...”
Əməkdar artist, tanınmış şoumen Murad Dadaşov AzVision.az-a müsahibəsində bir sıra məqamlara toxunub. O, deputat olmaq istəyi, yeni layihələri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovla olan münasibətlərindən söz açıb:
-Murad müəlllim, bildiyimiz kimi, bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Millət vəkilliyinə namizdəliyiniz verəcəksinizmi?
-Mən deputatlığa namizədliyimi verməyəcəyəm. Deputat da olmaq istəmirəm. Bu insanın şəxsi mövqeyi ilə bağlı olan məsələdir. Belə bir fikir yoxdur.
-Yeni ildə hansı layihələriniz olacaq? “Maşın şou” yenidən efirlərdə olacaqmı?
-Bu il ərzində bir neçə yeni layihələr nəzərdə tutulub. Yaxın müddətdə bununla bağlı açıqlama verəcəyəm. “Maşın şou” çox sevilən layihədir. Tamaşaçılar və telekanallar tərəfindən çox aylı təkliflər gəlir. Biz istəmirik ki, təkrarçılığa yol verək. Yenilik etmək istəyirik.
-Eşitdiyimizə görə, iş adamı Anar Məmmədovla yaxın münasibətləriniz var.
-Anar Məmmədov mənim çox istədiyim və hörmət bəslədiyim əziz dostum, yaxın sirdaşımdır. Mən onu təkcə dost kimi yox ,Azərbaycan Respublikasının ən fəal gənc iş adamı, vətənpərvər insan; kimi tanıyıram. Anar Məmmədovun fəaliyyəti həmişə dövlətimizin mövqeyinin möhkəmləndirilməsi ilə bağlıdır. Anar müəllimin savadı, biliyi və uzun illər xaricdə aldığı təhsil bazası imkan verir ki, o bütün fəaliyyətini Azərbaycanın mövqeyinə yönəltsin. O, Azərbaycan-Amerika Alyansının rəhbəridir. Bu alyans çox böyük uğurlar qazanıb. Onun Qolf Federasiyası da öz işini davam etdirir. Get-gedə qolf Azərbaycanda daha da məhşurlaşır. Anar müəllim böyük bir komanda ilə çalışır. Bütün işləri o, təkbaşına eləmir. Anar Məmmədov günün 24 saatını işləyir, istirahət eləmir. Onun yaşı nə qədər gənc olsa da çox böyük işlər görür.
- Belə bir məlumat yayılmışdı ki, siz Anar Məmmədovun oğlu balaca Ziyanın ad günün də ona bahalı maşın hədiyyə etmisiniz. Bu doğrudurmu?
-Mən Anar Məmmədovun oğlu balaca Ziyanın kirvəsi deyiləm. Anar müəllim mənim övladımın kirvəsidir. Anar müəllim və ailəsi heç vaxt təntənəli ad günü mərasimləri keçirmirlər. Onlar həmişə çox sadə və ailə daxilində mərasim keçirirlər. Elə bir şey yoxdur. Ziya hələ balaca bir körpədir. Onun atası, anası, babaları, balaca Ziyaya yaşına uyğun hədiyyələr verilər. Mən onlarda belə qayda-qanun görmüşəm. Allah bütün balaları saxlasın. Uşağa yaşına uyğun hədiyyə verərlər. İndi “Mersedes” C Klasslarla oxşayan balaca maşınlar var. Uşağa həmin maşından hədiyyə verərlər. Həmin maşınların isə qiyməti elə də bahalı deyil. Mən bu ailədə elə şeylər görməmişəm. Mən elə bahalı bir hədiyyə də verməmişəm.
Bahalı hədiyyəni heç onlar özləri də qəbul etməzdilər. Onlar çox təvəzökar adamlardır. Nə qədər onlar barəsində danışsalar da onlar öz həyat tərzləri var. Onlar iş başında olan adamlardır. Çox şeylər yazıla bilər. Reklam etdiyim şirkətlərin 90 faizinin sahibliyini mənə yazırlar. Bu o demək deyil ki, bunlar doğrudur. Allah ağızlarından eşitsin, təki elə olaydı. Amma reallıq belə deyil.
Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədovun nəvəsi onunla eyni adı, eyni soyadı daşıyır.