Bu gün ƏBÜLFƏZ ELÇİBƏYin DOĞUM GÜNÜdür!
Eks prezidentin ətrafında olanlar onunla bağlı maraqlı xatirələrini danışdılar... Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidentlərindən biri olmuş Əbülfəz Elçibəyin doğum günüdür. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. Bu gün münasibətilə Elçibəyin silahdaşlarından onun barəsində xatirələrini öyrəndik.
Yazıçı-publisist Mehriban Vəzir “Yeni Müsavat”a bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Elçibəy eyni yolun yolçuları olublar: “Həmçinin onların mövcudluğu da təkcə 20-ci əsrə deyil, bundan sonra gələcək bütün illərə, əsrlərə aiddir. Çünki hər ikisi Azərbaycan xalqı üçün elə bir təfəkkür forması təqdim ediblər ki, bu, dünyada durduqca var olacaq və demokratiyanı sevən, cümhuriyyətçi insanlar bu yolla gedəcəklər. Biz Elçibəyə münasibətdə olan tənqidi fikirləri də normal qəbul edirik. Çünki Elçibəyin şəxsən özü ilə savaş getmir. Bu savaş sistemlərin savaşıdır. Azərbaycanda hələ də tam olaraq sıradan çıxarılması mümkün olmayan işğal sisteminin davası var. Elçibəy azadlıq simvoludur, qarşı tərəf isə Azərbaycanın səadətini quduz imperiyaların tərkibində olmaqda görənlərdir. Ona görə də bu, normal prosesdir. Bu dava Azərbaycanda köləlik siyasətini müdafiə edən sonuncu insanın qalmasına qədər gedəcək. Əlbəttə ki, bu insanlar özlərini kölə siyasətinin nümayəndəsi hesab etmirlər. Çünki insanın özünü görməsi çətindir. Elçibəy fəlsəfəsi, dünyagörüşü demokratik ideyaları daim mövcud olub, yaşayacaq. O, bənzərsiz bir şəxsiyyət, əvəzsiz liderdir. Onun da liderliyi Azərbaycan xalqı və ideyası ilə bağlı olduğu üçün daima davam edəcək”.
AXC iqtidarı dönəmində Əbülfəz Elçibəyin mətbuat katibi olmuş tanınmış media eksperti Arif Əliyev “Yeni Müsavat”a bildirib ki, iyunun 24-də həm də Elçibəyin çox sevdiyi Nəcəf Nəcəfovun ad günüdür: “Hər ikisi faktiki olaraq sonuncu ad günlərindən birini birlikdə keçirdilər. Ən çox yadımda qalan da həmin ad günü mərasimi oldu. Həmin zaman Nəcəfin vəziyyəti ağır idi, ancaq buna baxmayaraq çox şən məclis oldu. Hər ikisi həyatdan çox tez getdi. Bəlkə də onların gördükləri işə, fəaliyyətə görə həyatları hələ yeni başlayırdı. Çox tez getsələr də hər ikisi çox işıqlı anlarla yadda qalıblar. Güman edirəm ki, Əbülfəz Elçibəy sağ olsaydı, ölkə müxalifətinin vəziyyəti indiki kimi olmazdı. Çünki o, özlüyündə böyük bir impuls idi. Sağ olsaydı, müxalifət partiya səviyyəsində olmasa da, hərəkat səviyyəsində daha canlı olardı. Çünki Elçibəyin özü də hərəkata meylli adam idi və fəaliyyətinin son dövründə də gənclərlə daha çox işləyirdi. Bu baxımdan, hesab edirəm ki, sağ olsaydı, bu gün siyasi həyat daha qaynar olardı”.
Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov onunla bağlı bir sıra maraqlı məqamlara toxundu. O bildirdi ki, Elçibəy ad günlərini keçirməyə xüsusi həvəsli olmayıb: “Onun ad günü iki dəfə tədbir formasında keçirilib. Bunlardan biri 1996-cı ildə Kələkidə baş tutdu. Özü istəməsə də Bakıdan xeyli adam getmişdi, qonaqlar çox olduğu üçün tədbir təşkil olundu. Növbəti ad günü isə 1999-cu ildə Əbülfəz bəy Kələkidən qayıdandan sonra Bakıda keçirildi”. O.Qasımov ən çox müzakirə edilən Elçibəyin hakimiyyəti qoyub, Kələkiyə getməsi məsələsi barədə də danışıb: “Artıq Əbülfəz Elçibəyin Kələkiyə getməsi ilə bağlı məsələlər tarixə çevrilib. İndi bu haqda deyilən fikirlərin də hamısı ehtimalların, fərziyyələrin üzərində qurulub. Söylənən fikirlər heç o dövrü də tam olaraq əks etdirmir. Çünki faktiki olaraq həmin zaman hakimiyyəti qorumaq mümkün deyildi. Söhbət ondan gedir ki, Əbülfəz Elçibəyə sadiq olan qüvvələrin və o qüvvələrə rəhbərlik edən şəxslərin mühüm bir qismi qiyamçıların əlində idi. Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər, bələdiyyə polisinin birinci müavini Mehdi Mehdiyev qiyamçıların əlində idi, qvardiyanın komandanı Tahir Məmmədov şəhid olmuşdu və sairə. Yəni belə bir vəziyyətdə sadiq olan komandirlərin böyük bir qismi artıq qarşı tərəfin əlində idi. Qalan hissənin bir qismi başsız idi, güc strukturlarının da içərisində əhəmiyyətli bir hissə prezidentə qarşı çıxıb, qiyamçıların tərəfində idi. Belə olan təqdirdə hakimiyyəti necə saxlamaq olardı? Bu barədə çox şey danışsalar da, reallığı nəzərə almırlar. O dövrdə baş verənlərin ardıcıllığı, görünür, yaddan çıxıb. Ona görə də bu məsələlərin müzakirə edilməsini çox da vacib hesab etmirəm. Artıq bu, tarixi bir hadisədir və baş verib. Biz də azərbaycanlı olaraq bunun nəticələrini yaşayırıq. Söhbət ondan gedir ki, biz bilmirik ki, Elçibəy Bakını tərk etməsəydi nə olacaqdı. Bunu qəti şəkildə və birmənalı demək çətindir. Yaxud da Gəncə qiyamı hansısa formada yatırılardısa, ondan sonra hadisələr necə inkişaf edəcəkdi? Bunu da deyə bilmərik. O dövrdə Rusiya birmənalı şəkildə Elçibəyin hakimiyyətinin devrilməsi xəttini həyata keçirirdi və bunun üçün də bütün variantlara getməyə hazır idi. Açıq şəkildə dövlət nümayəndələrinə bu məsələni bildirmişdilər. Məsələ burasındadır ki, qiyamın arxasında olan, onu dəstəkləyən yalnız Rusiya deyil, həm də İranın, rusların maşası kimi Ermənistanın, eləcə də Qərbin əli vardı. Bütün bunlar onu deməyə əsas verir ki, o dövrdə vəziyyət çox qəliz idi”. O.Qasımov silahdaşlarının bu gün Elçibəy dəyərlərinə qarşı münasibətindən də danışıb: “Onların münasibətlərini normal sayıram. Gəncə qiyamından hakimiyyət olaraq çıxa bilməməyimizin günahı təkcə Əbülfəz Elçibəyin məsuliyyəti məsələsi deyildi. Təbii ki, o, komandanın lideri kimi birinci məsuliyyət daşıyan şəxs idi. Ancaq komandanın üzvü olan hər bir şəxs təbii ki, məsuliyyət daşıyıcısıdır. O baxımdan, bu gün Əbülfəz bəyə silahdaşlarının münasibəti kifayət qədər yaxşıdır. Sevindirici haldır ki, bu fikirlər daha çox gənc nəslin arasında yayğındır”.