Elçibəyi Kələkiyə gedəndən sonra ilk ziyarət edən KİM OLUB?

Oqtay Qasımov: “İmkanı olan, ürəyi istəyən insanlar gələ bildilər”

Eks-prezident Əbülfəz Elçibəyin 1993-cü il iyunun 17-də Bakını tərk edib doğulduğu Kələkiyə getməsinin hər ildönümündə müxtəlif səpkili müzakirələr meydana çıxır.

Maraqlıdır, bəs Elçibəy Kələkiyə getdikdən sonra onu ilk ziyarət edən hansi silahdaşı olub? Ümumiyyətlə, onun Kələkidə olduğu 4 il 4 ay ərzində silahdaşlarından kimlərin onun yanına gedib?

Ə.Elçibəyin köməkçisi olmuş, Kələkidə olduğu müddətdə bir an onu tək buraxmamış Oqtay Qasımov 24 ildən sonra “Yeni Müsavat”a açıqlamasında bəzi həqiqətləri açdı: “Bəy Kələkiyə getdikdən sonra təbii ki, kəndə çoxsaylı insanlar səfərlər edirdilər. Onların sırasında dövlət vəzifələrində çalışanlar, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər var idi. Nümunə olaraq deyə bilərəm ki, ilk dövrlərdə Kələkiyə səfər edənlərin arasında prezidentin müşaviri Cəmil Həsənli, mətbuat xidmətinin rəhbəri Arif Əliyev, xarici işlər naziri Tofiq Qasımov, Milli Məclisin Bakıdan göndərdiyi komissiya və ziyalılardan ibarət bir qrup səfər etmişdi. Bu qrupun içərisində Eldar Salayev, Kamal Abdulla və digərləri var idi. Gəlib-gedən insanlar olduqca çox idi.

Image result for Oqtay qasımov

İyunun 26-dan sonra dövlət katibi vəzifəsindən istefa verən Əli Kərimli də səfər etmişdi. Bir müddət Kələkidə qalanlar da olub. O zamankı səfərləri cəsarət məsələsi kimi qələmə verməyək. İmkanı olan, ürəyi istəyən insanlar gələ bildilər, Əbülfəz Elçibəylə görüşdülər. Gələnlərə bu cür yanaşaq ki, o zaman Əbülfəz Elçibəy ölkənin rəhbəri idi və öz kəndinə, ata yurduna getmişdi. O kəndə gələn hər bir insan artıq onun qonağı idi. Adətlərimizə görə qonağa hörmət ən vacib elementlərdən biridir. Ona görə hər bir qonağa diqqət göstərilir, onlar qəbul olunurdu. O insanların təbii ki, proseslərə və Elçibəyə münasibətləri baxımından hər birinə də münasibət fərqli idi. Gələn insanlara xüsusi ayrı-seçkilik olmasa da, amma təbii ki, həmfikirdə, fəaliyyətdə daha yaxın insanlara daha üstün, daha fərqli münasibət var idi və bu da olurdu”.

Image result for Elçibəy kələkiyə

O.Qasımov Elçibəyin ziyarətinə gedənlərə o zamanlar maneələrin yaradıldığından da söz açdı: “Bir faktı deyim ki, orada olduğumuz 4 il 4 ay 12 gün ərzində Kələkidə informasiya blokadamız olmayıb. Həm telefon vasitəsilə, həm də Bakı və dünyanın müxtəlif yerləri ilə əlaqə saxlamaq imkanlarımız var idi. Mətbuatı bir az gecikmə ilə olsa da ala bilirdik, radio məlumatlarımız olurdu. Gəlib-gedənlərə müəyyən əngəllər törədilirdi. O zaman mətbuatda bununla bağlı xeyli məlumatlar gedib. Naxçıvan hava limanından başlayaraq, Kələkiyə qədər çox müxtəlif yerlədə polis postları qurulmuşdu. Ordubada və oradan kəndə gələn insanlar yoxlamalardan keçirdi. Bəzən də ya hava limanında, ya da yoldakı polis postlarından Kələkiyə gələnlər geri qaytarılırdı. O zamanlar Kələkiyə gedib-gəlmək elə də asan məsələ deyildi. Bununla belə xarici ölkələrdən də gələnlər var idi. Xüsusi olaraq, Türkiyə səfirliyinin, konsulluğunun nümayəndələrini, Türkiyə xarici işlər nazirinin müavini göstərə bilərəm. Türkiyə Böyük Millət Məclisinin deputatları qrup halında gəliblər. O cümlədən, Amerikanın Bakıdakı səfirinin müavini, beynəlxalq qurumların Bakıdakı nümayəndəliklərinin təmsilçiləri Kələkidə olublar. Onların Əbülfəz bəylə görüşləri baş tutub”.

 






Fikirlər