Jurnalist kimi fəaliyyətə başladığım illərdən bəri bir sıra qeyd dəftərçələrim və gündəliklərimi saxlaya bilmişəm. Bu günlərdə arxivimi araşdırarkən onlardan biri əlimə keçdi.
Dəftərçənin bir hissəsi zay olsa da, diqqətə layiq yazılar da qalıb. Onlardan ən maraqlısı 23 il öncə - iyunun 30-da Milli Məclisin tarixi bir iclasında apardığım qeydlərdir...
...Yəqin ki, böyük stajlı həmkarlarım, xüsusən parlament müxbirləri də razılaşar ki, bu günkü parlament iclasları 1990-cı illərdəkilərlə müqayisədə çox sönük və maraqsız keçir. Xüsusən 1993-cü ilin 4 iyun Gəncə olyalarından sonrakı deputat yığıncaqları Azərbaycan üçün taleyüklü olmaqla yanaşı, həm də ziddiyyətli, müxtəlif, əks qütblərdə olan siyasi fiqurların iştirakı və çıxışlarıyla zəngin idi. Bu sətirlərin müəllifinə 1993-cü il iyunun 30-da belə bir iclasda iştirak etmək müyəssər olmuşdu...
Öncə o ərəfədə baş vermiş hadisələrin qısa xronologiyasını xatırladaq. 23 il öncə bu günlər Azərbaycanın indiyə qədərki taleyində önəmli rol oynayan olaylar baş verirdi. 1993-cü il iyunun 4-də baş vermiş məlum Gəncə hadisələrindən sonra Bakıya dəvət edilmiş Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyev iyunun 15-də o vaxtkı prezident Əbülfəz Elçibəyin təklifi ilə Azərbaycan Ali Sovetinin sədri seçilmişdi. İyunun 17-də Elçibəy Kələkiyə getdikdən sonra isə parlamentin ayın 24-də təşkil edilmiş iclasında prezident səlahiyyətləri də Heydər Əliyevə verilmişdi. Lakin Surət Hüseynov hələ Bakıya gəlməmişdi...
Köhnə dəftərçədə stenoqram və videokadlara düşməyən məqamlar...
Bəzən jurnalistin öz dəftərçəsinə yazdığı qısa qeydlərdə elə məqamlar olur ki, onlar nəinki stenoqramlara, heç video-kadrlara da düşmür. Bu baxımdan hesab edirəm ki, Surət Hüseynov, Rövşən Cavadov, Nemət Pənahlı, Tofiq Qasımov, Etibar Məmmədov və s. kimi o günlərin qəhrəmanlarının da təsvir olunduğu qeydlər oxucular üçün maraqlı olar. Onları olduğu kimi nəzərinizə çatdırıram:
“...30 iyun 1993-cü il. Milli Məclisin iclası.
Siyasi partiya liderlərindən yalnız Nemət Pənahlı parlamentə buraxıldı
Bayırda elan etdilər ki, siyasi partiyalar iclasa buraxılmır. Ancaq Nemət Pənahlı (Milli Dövlətçilik Partiyasının sədri) buraxıldı. Əvvəlcə salonda əyləşmişdi. Əlində Surət Hüseynovun iri fotosu olan qəzet oxuyurdu. Sonra bayıra çıxdı. Girişdə Tahir Əliyevlə görüşdü. Az sonra Surət Hüseynov 9 mühafizəçi ilə salona daxil oldu. Rəhim Qazıyev də gəldi. Nemət də qayıdaraq Surət və Rəhimlə görüşdü. Rövşən Cavadov da gəldi. Tofiq Qasımov və Etibar Məmmədov hələ yoxdur...
Cəmi 41 deputat toplandı...
Məlum oldu ki, cəmi 41 nəfər Məclis üzvü toplanıb. Sədr Heydər Əliyev müzakirə olunacaq məsələləri elan etdi:
1.Azərbaycan Respublikası Baş nazirinin təyin olunması.
2. Respublika Baş prokurorunun təyin olunması.
Mətləb Mütəllimov təklif etdi ki, Gəncə hadisələriylə bağlı yaranmış komissiyanın ilkin məlumatı da gündəliyə salınsın.
Vahid Naxış və Mir Şahin Rövşən Cavadovla mehriban görüşdülər...
Nemət Surətlə yanakı əyləşib. Baş nazir Pənah Hüseynovun istefası qəbul olundu. Vahid Naxış və Mir Şahin içəri daxil olan kimi Rövən Cavadovla mehriban görüşdülər...
Heydər Əliyev:” Xalq Cəbhəsi mitinq keçirir, hədə-qorxu gəlir...”
Baş nazir məsələsi. Heydər Əliyev çıxış etdi: “Mənim bir amalım var. Xalqı qarşıdurmadan qurtarmaq, idarəetmə orqanlarının işinin gücləndirilməsi. Xalq Cəbhəsinin qüvvələri mitinq keçirir, bəyanat verirlər, hədə-qorxu gəlirlər. Bu pozğunluğa gətirib çıxarıb. Əbülfəz Elçibəy özü vəziyyətin gərginləşməsinə səbəb olub...”
H.Əliyev Surət Hüseynovun baş nazir olmasını təklif etdi
Sonra H.Əliyev Surət Hüseynovun Qarabağ cəbhəsindəki xidmətlərindən danışdı və onun baş nazir təyin olunması təklifini irəli sürdü. Təklif səs çoxluğuyla qəbul olundu. Tribunaya çıxan Surət Hüseynov:”Əgər mənə etimad göstərilirsə, xalqıma əlimdən gələni edəcəm... Çalışacağam ki, müharibəyə son qoyulsun...”
Tofiq Qasımov:”Azərbaycan Konstitusiyası pozulur...”
Deputat İbrahim İbrahimov (hazırda İbrahimli) Elçibəyin günahlandırılmasına etiraz edir.
Tofiq Qasımov:”Vaxtilə AXC-nin Surət Hüseynov və Rəhim Qazıyev haqqında bəyanatını tənqid edən mən olmuşam. Əbülfəz Elçibəyin bu məsələdə günahkar olması sübut edilməyib. 24 iyunda Azərbaycan Konstitusiyasının 121.7 maddəsi pozulub...”
Heydər Əliyev vurğuladı: ”Beynəlxalq aləm Azərbaycanın daxili işlərinə qarışmamalıdır...”
Tahir Kərimli də çıxış etdi. Rövşən Cavadovu kimsə çağırdı, salondan çıxdı, az sonra qayıtdı.
İclasda DİN, MN və MTN-in Nazirlər Kabinetinin tərkibinə daxil edilməsi haqda qərar qəbul olundu...
Heydər Əliyev və Surət Hüseynov mətbuat konfransı keçirdi
Təəssüf ki, sonrakı qeydlərim yazılmış vərəqlər itib. O dəqiq yadımdadır ki, iclasın sonunda parlament zallarından birində Heydər Əliyev və artıq baş nazir olan Surət Hüseynov birlikdə mətbuat konfransı keçirdi. Nemət Pənahlı da onlarla bir sırada dayanmışdı... Tele-jurnalistlərdən daha çox Mir Şahin fəallıq göstərirdi...