Ərəblərin respublika quruluşlu ölkələri üsyanlara niyə yem oldu - BÖYÜK SİRR

“Ərəb baharı” artıq 7-ci ilindədir. 2010-cu ilin dekabrında Tunisdə küçə satıcısının (Məhəmməd Buəzizi – K.R) özünü yandırmasına etirazlarla başlayan proses Tunisdən sonra digər Şimali Afrika ölkələrinə, daha sonra bütün ərəb dünyasına yayıldı.

Tunis, Misir, Liviya, Mərakeş, Əlcəzair, Yəmən, Suriya, İordaniya, Küveyt, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və daha bir neçə ölkədə təxminən eyni dövrdə başlayan etirazlar ərəb üsyanları kimi tarixə düşdü. Bu gün baxdığımızda mənzərə çox aydındır.

Tunisdə, Misirdə, Yəməndə, Liviyada o zamana qədər mövcud olan iqtidarlar dəyişib. Tunis və Misirdəki qismən sabitliyi nəzərə almasaq, Yəmən, Suriya, İraqda qanlı müharibələr və onun bütün ərəb-müsəlman, hətta bütün dünyaya zərərləri davam edir.

 

ərəb baharı ile ilgili görsel sonucu

Ancaq inqilabın baş verdiyi və onun uğur qazandığı ölkələrə baxanda maraqlı mənzərə alınır. “Ərəb baharı” üsyanları niyə yalnız respublika quruluşlu ərəb ölkələrində uğur qazandı? Tunis, Liviya, Misir, Yəmən, Suriya (İraq onsuz da xaraba qalmışdı) kimi öləkələrdə monarxiya deyil, respublika quruluşları, formal da olsa seçki sistemi, əsasən dünyəvi idarəçilik mövcud idi. Bu ölkələrdə baş verən üsyanlar həm ərəb ölkələrinin, həm də dünyanın böyük diqqətini çəkdi və Liviyada birbaşa NATO müdaxiləsi, Suriyada silah və maliyyə dəstəyi ilə üsyançılara kömək edildi.

 Oxşar etirazlar monraxiya rejimlərinin mövcud olduğu Mərakeş, İordaniya, Küveyt, Bəhreyn kimi ölkələrdə də baş verdi, ancaq dünya bu etirazları “görmədi”, əksinə, Bəhreyndə xarici ölkələrin hərbi dəstəyi ilə bu üsyanlar yatırıldı.

İlgili resim

Razılaşarsınız ki, hər nə qədər zəif və ağır olsa da, demokratiyaya keçid imkanı, təhsil, mədəniyyət, inkişaf (modernizm) respublika quruluşlarının olduğu ərəb ölkələrində monarxiyaların olduğu dövlətlərdən daha realdır. Məsələn, hər nə qədər sülalə rejimi olsa da, Suriyada dünyəvi sistem, seçki, qadınların kişilərlə bərabər hüquqları vardı. Halbuki, qonşu ərəb krallıqlarında qadınlar hələ də avtomobil idarə etmək uğurunda mübarizə aparır, səsvermə hüququnu isə yeni əldə etməyə çalışır. Yəni, istənilən halda perspektiv baxımından, üstəlik, mütərəqqi qanunlar baxımından daha irəlidə olan ərəb respublikalarında inqilablar dəstəklənsə də, digər monarxiyalarda bu baş vermədi.

 

İlgili resim

 Belə anlaşılır ki, Qərb ölkələri, ümumiyyətlə, ərəb dünyasında marağı olan böyük dövlətlər ərəblərin siyasi və mədəni olaraq inkişafında maraqlı deyillər. Monarx ərəblər ən son model mersedes sürsələr də, sistem min il əvvəlki ilə eynidir. Bu gedişlə min il sonra da eyni olacaq. Siyasi və sistem dəyişikliyi respublikalarda mümkün idi, ancaq onlar da xaraba qaldılar. Yenidən dirçəlmələri uzun illər tələb edəcək.Son Qətər böhranı göstərdi ki, tək əllə idarə olunan ərəb rejimləri Qərb dövlətləri, eləcə də Rusiya kimi super güclər üçün çox rahat yemdirlər. Bir qayda olaraq daxildə legitimliyi dini təşkilatlar, tayfa birliklərindən və qismən silahlı qüvvələrindən (əksəriyyətində nizami ordu belə yoxdur – K.R) alan ərəb şeyxləri böyük güclərin əlində oyuncaqdırlar, onların oyunlarını oynayırlar. Bu zaman öz xalqları qarşısında heç bir öhdəlik və məsuliyyət hissi daşımırlar. Yalnız həddən artıq etiraz riski artanda sahib olduqları enerji ehtiyatları hesabına topladıqları sərvətdən “pay ayırmaqla” xalqa səxavət göstərirlər. Bu durum hər şeydən öncə ərəb ölkələrinə “sağmal inək” olaraq (ifadə ABŞ-ın indiki prezidentinə məxsusdur – K.R) baxan Qərb siyasətçiləri üçün həddən artıq əlverişlidir.

 






Fikirlər