Ərəb şeyxlərinin Neftçalada dəbdəbəli ov mərasimi

Qətərli zənginlər Mahmudçala qoruğunda şahinlə ov etməyə gəlib
Ərəb şeyxlərinin Neftçalada dəbdəbəli ov mərasimi

Qətərın bir qrup zəngin adamları noyabrın 24-də axşam saatlarında Azərbaycan dövlət nömrə nişanlı, “Toyota” markalı “CİP”lərdə Salyan şəhərinə gediblər. Bu ali qonaqları Dövlət Yol Polisinin xidməti maşınları müşayiət edib. Ərəb şeyxlərini gətirən karvanda 30-dək “Toyota” markalı “CİP” olub.
Bu məlumat “Yeni Müsavat” qəzetinin redaksiyasına Salyandan - Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov tərəfindən verilib.
Məlumatda deyilir ki, axşam “Kür” otelində gücləndirilmiş mühafizə altında gecələyən zəngin ərəblər özləri ilə xeyli sayda şahin quşu da gətiriblər. Noyabrın 23-də səhər isə ovçuların qaradərili qulluqçuları yerli sakinlərdən onlarla çöl göyərçini və xırda quzular alıb. Onlar bu heyvanları kəsərək ərəb şeyxlərinin şahinlərini yemləyiblər.
Aşura günündə ailəsini günəmuzd qazancı hesabına birtəhər dolandıran insanların belə İslam dininə hörmət əlaməti olaraq işə çıxmadığı indiki gündə ulu babalarının yasını saxladığımız zəngin ərəblərin bu harın hərəkətləri Salyan sakinləri tərəfindən ikrahla qarşılanıb.
Xəbərdə o da deyilir ki, noyabrın 25-də axşamüstü ərəb zənginləri nadir quşları ovlamaq üçün polisin müşayiəti ilə Neftçaladakı Mahmudçala yasaqlığına yollanıblar.
Xatırladaq ki, ərəb şeyxlərinin və neft zənginlərinin Azərbaycanda belə dəbdəbəli ov mərasimləri düzənləməsi yeni hadisə deyil. Təxminən 3 il öncə də mediada belə məlumat yayılmışdı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şirvan qoruğunda qızılquş və şahinlərlə qanunsuz ov edən 4 əcnəbi vətəndaşı saxlayıblar. Onların da ərəb zənginləri olduğu vurğulanırdı. Sonradan Bakıya yola salınan həmin əcnəbi ovçuların aqibəti, aldıqları cəza və ya mükafat barədə hər hansı rəsmi açıqlama verilmədi...






Fikirlər