“Axsaq Nazim”lə bağlı yeni məlumatlar
Kriminal aləmdə “Axsaq Nazim” ləqəbilə tanınan şəxs Moskva polisi tərəfindən saxlanılıb. Gəncə şəhər sakini olan 1969-cu il təvəllüdlü Nazim Cəmil oğlu Hümbətov 2008-ci ildən axtarışda olub.
Moskva polisinin məlumatına əsasən, saxlanılan şəxs Rusiya paytaxtında və Peterburqda sifarişli qətllər törətmiş beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olub. Polisin məlumatına görə, saxlandığı zaman “Axsaq Nazim”in üstündə “TT” markalı tapança və saxta Azərbaycan vətəndaşı pasportu aşkar edilib. Rusiya polisi saxlanılan şəxsin məxfi həyat tərzi keçirdiyini, daim yaşadığı ünvanlarını dəyişdiyini və saxta pasportlardan istifadə etdiyini qeyd edib.
Rusiya Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin 28-ci şöbəsinin rəisi Aleksandr Nikolayeviç deyib ki, “Axsaq Nazim”in həbs üçün uzun müddət əməliyyat tədbirləri görülüb. Daim üzərində silah gəzdirən bu şəxsin tutulması üçün əməliyyatın qəfil keçirilməsi killeri çaşdırıb. Professional killer əməliyyat ildırım sürəti ilə keçirildiyindən silahı işə sala bilməyib. A.Nikolayeviç əməliyyat məlumatlarına əsaslanaraq “Axsaq Nazim”in beynəlxalq cinayətkar qruplaşmanın lideri olduğunu söyləyib.
Bildirib ki, o, 2002-ci ildə Moskvanın Odinsovo vilayətinin 4 sakinini qətlə yetirib. Güman olunur ki, bu qruplaşma Moskva, Sankt-Peterburq və Leninqrad vilayətlərinin ərazisində sifarişli qətllərlə məşğul olub. “Onun bütün qurbanları Rusiyada restoran və fərdi bizneslə məşğul olan azərbaycanlılar olub. Həmin biznesmenlərin qətllərini sifariş edənlər də azərbaycanlılar olub”.
“Yeni Müsavat” qəzeti isə başqa bir məlumat yayıb. Qəzetin məlumatına görə, N.Hümbətovun Azərbaycanın hüquq-mühafizə orqanlarından birinin generalı ilə yaxın münasibətləri olub. Həmin generalın və N.Hümbətovun qurbanlarının kimliyini öyrənmək üçün araşdırma aparırıq.