Ali məktəblərə vahid imtahan sistemi

Ali məktəblərə vahid imtahan sistemiTəhsil Naziri Mikayıl Cabbarov 2015-ci ildən bəzi təhsil müəssisələrinə qəbulun vahid imtahan əsasında aparılacağını bildirib. Nazir deyib ki, hazırda Azərbaycanda təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün tədbirlər görülür.

Təhsil Nazirliyi, yoxsa TQDK?

Nazirin sözlərinə görə, bir ay ərzində şagirdlərin 2 imtahan - yəni buraxılış və qəbul imtahanları verməsinə ehtiyac olmayacaq və hazırda Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması və vahid imtahanın keçirilməsi məsələsi müzakirə edilir. M.Cabbarov bu imtahanların Təhsil Nazirliyi, yaxud TQDK tərəfindən keçirməsi ilə əlaqədar məsləhətləşmələr aparıldığını da bildirib. Nazir bu tədris ilində orta ixtisas təhsili müəssisələri, yaradıcılıq ixtisasları olan ali məktəblər və digər bəzi təhsil müəssisələrində bu yeniliyin tətbiq ediləcəyini deyib: “Güman edirik ki, bu yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imtahan nəticəsində mümkün olacaq. Bu islahat ardıcıl olaraq həyata keçiriləcək”. Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə qəbulun aparılması təcrübəsi bu ildən tətbiq olunub. Belə ki, 9 illik təhsil bazasında şagirdlər 2 fəndən - ana dili və riyaziyyatdan imtahan verərək, istədikləri kolleclərə seçim edə biliblər.

Təhsilimiz buna hazır deyil”

Azərbaycanda təhsilin imkanları bütövlükdə vahid qəbul imtahanının keçirilməsinə imkan verirmi?
Vahid imtahan sistemini məqbul variant hesab edən təhsil eksperti Səftər Nəhmətlinin fikrincə, Azərbaycanda təhsil sistemində bu prosesə keçməzdən öncə təhsildə bir sıra əsaslı islahatların aparılmasına ehtiyac var: “Hazırda Azərbaycan təhsil sistemində vəziyyət elədir ki, buraxılış imtahanından keçməyənlərə də xüsusi göstərişlə attestat verilir. Hətta bəzi regionlarda imtahan keçilmədən də məzunlara attestat verilməsi halları olub. Şagird 11 il təhsilə ömür sərf edib, nəticədə iki fəndən imtahan vermək iqtidarında deyilsə, deməli, bu təhsilin verilməsində də ciddi problemlər var. Yaxud 2007-ci ildən Azərbaycanda təhsil islahatları aparılmalı idi. Kurikulum sisteminə keçildi, amma praktikada yox, sənəd üzrə. Kurikulum sənədinin tətbiqinə dair kifayət qədər dövlət vəsaiti xərclənib, amma müəllimlərin əksəriyyəti kurikulumun mahiyyətindən xəbərsizdir. Azərbaycan sanki təhsildə təcrübə sahəsinə çevrilib. Rəsmi qərar verilir, amma icra olunmur.
Doğrudur, vahid qəbula keçilməsi məqbul hesab olunan variantdır, amma Azərbaycan təhsili buna hazır deyil. Ona görə də mən irəli sürülən bu cür təklifləri yalnız şüarçılıq sayıram. Təhsil sisteminə son dərəcə ciddi yanaşılmalıdır və hesab edirəm ki, təhsil nazirinin ətrafında olanlar təhsil sistemini mükəmməl bilməlidir”.


Qəbulu universitetlər aparsın!”

Turizm İnstitutunun müəllimi Məhərrəm Zülfüqarlı isə hesab edir ki, tələbə qəbulunu hər ali məktəbin özü aparmalıdır. Belə olan halda isə TQDK-nın fəaliyyətinə ehtiyac qalmayacaq: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması keçid dövrü üçün nəzərdə tutulmuşdu ki, sovet dövründə ali məktəblərdəki rüşvətxorluq, tapşırma və sair neqativ hallar aradan qaldırılsın. Bu gün dövlət müstəqilliyimizin bərpasının 23 ili tamam olur, amma hələ də bu problemlər aradan qaldırılmayıb. Dünyanın əksər ölkələrində qəbulu universitetlər özləri aparır. Yəni Azərbaycanda da bu prosesin vaxtı çatıb, amma bunun üçün öncə ali məktəblərdə bayaq sadaladığım neqativ hallar aradan qaldırılmalıdır. Bu halları aradan qaldırmadan vahid imtahana keçilmək fayda verə bilməz. Tələbə çox savadlı ola bilər, amma universitetdə rüşvətxor müəllim üçün onun biliyi yox, pul maraqlı olacaq”.

Büdcəsi Azərbaycanın büdcəsindən çox olan universitet var.

M.Zülfüqarlı dedi ki, qəbulu hər universitet özü aparsa, universitetlər arasında sağlam rəqabət yaranar və təhsilin səviyyəsi yüksələr: : “Bu prosesi həyata keçirə bilməyən ali məktəb rəqabət zamanı sıradan çıxacaq. Hazırda isə qəbulu TQDK aparır. Yəni universitet işçilərinin taleyi TQDK-dan asılı olur. TQDK isə universitetlərə qəbulu ildən-ilə çətinləşdirir, universitetlərdə isə təhsil asandır. Çünki rüşvət verib, ixtisasını öyrənmədən diplom alanlar hələ də var. Rüşvət mexanizmi aradan qaldırılıb, universitetlər özləri qəbul aparsa, TQDK-nın fəaliyyəti avtomatik dayanar. Azad rəqabət olar və universitetlər öz reytinqinə uyğun tələbə toplayar, sağlam rəqabət vasitəsilə təhsil inkişaf edər. Hazırda Gürcüstana, Türkiyə, Ukraynaya imtahansız attestatla qəbulla bağlı hazırda çox reklamlara rast gəlirik. Bu o məqsəd daşıyır ki, həmin universitetlər daha çox tələbə cəlb etsinlər və o universitetlərin büdcəsinə pul keçsin.
Dünyanın yüksək səviyyəli universitetləri arasında Azərbaycandan bir ali məktəbin adı yoxdur. Dünyanın nüfuzlu ali məktəbləri var ki, reytinqini bu yolla qazanıb. Elə universitet var ki, büdcəsi Azərbaycanın büdcəsindən çoxdur. Əlbəttə, nazir də bu problemdən çıxış yolu axtarır”.


TQDK ləğv oluna bilər.

M.Zülfüqarlı Azərbaycanda tətbiq ediləcək vahid qəbul imtahanında Qazaxıstan təcrübəsinin tətbiq olunmasına da tərəfdar deyil: “Təhsil qanunun layihəsi müzakirə olunarkən vahid imtahan məsələsi irəli sürüldükdə biz bunu zamanında tənqid etmişdik. Çünki vaxtilə Qazaxıstanda tətbiq olunan sistem təklif olunurdu. Bu sistemə görə, məzunlar imtahan verib, sonra topladığı bala uyğun universitetlərdən müsabiqədən keçməli idi. Məzunun tələbə olma müqəddəratını bu müsabiqənin həll etməsi də ziddiyyət yaradır. Hətta Milli Məclisdə Təhsil Komissiyasının sədri Şəmsəddin Hacıyevlə bu barədə söhbətimiz oldu, o bildirdi ki, müsabiqə yox, müsahibə keçiriləcək, amma bu da məqbul variant deyil. Mexanizm sadə olmalıdır. Universitetə müvafiq bal toplayan gənc pulunu verib təhsilini alsın, bacarmayanın da pulu batacaq. Ona görə də bu proseslər ya tam TQDK-nın nəzdinə keçirilməlidir, ya da ki, TQDK ləğv olunub, universitetlərə verilməldir”.

Təklif

2008-ci ilə qədər Tələbə Qəbulu Komissiyasında (TQDK) imtahanın təşkili sektorunun müdiri olmuş Fərman Abdullayev hesab edir ki, TQDK qiymətləndirmə qurumu olduğuna görə qəbulun vahid imtahan əsasında aparılması səlahiyyəti bu quruma həvalə edilməlidir. Amma ekspert bunun üçün TQDK-da şəffaflıq prinsiplərinə əməl olunmasını vacib sayır: “İndiki vəziyyətdə TQDK-nın obyektiv imtahan aparmasına cəmiyyətdə şübhələr var və bu şübhələrin də əsaslıdır, çünki TQDK-da qeyri-şəffaf mühit mövcuddur. Digər tərəfdən, mən hesab edirəm ki, Azərbaycanda ali təhsil pulsuz həyata keçirilməlidir, çünki buna iqtisadi imkanı yol verir”.

Sevil HİLALQIZI






Fikirlər