27.06.2014.- Nazir təhsil sistemində maliyyələşdirmə modelinin qurulmasından danışdı
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Bakıda Təhsil və Maliyyə nazirliklərinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri və təhsil sistemində FARABİ layihəsinin tətbiqinin vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda deyib ki, dövlət sifarişinin adambaşına maliyyə prinsipinin üzərində qurulması onlar arasında sağlam rəqabəti gücləndirib. Onun sözlərinə görə, artıq bir çox ali məktəblər bu sahədə müəyyən təcrübə qazanıblar: “Dövlət sifarişinin adambaşına maliyyələşmə prinsipinin üzərində qurulması dolayısı ilə ali məktəblərin reytinqini müəyyən etməklə onlar arasında sağlam rəqabət yaradıb. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 5 əsas istiqamətindən biri dünyanın aparıcı təhsil standartları ilə eyni səviyyədə olan maliyyələşdirmə modelinin qurulmasını ehtiva edir. Bu istiqamətdə görüləsi işlər hələ çoxdur. İlkin mərhələdə ən böyük hədəf daxili xərclər strukturunun optimallaşdırılması və təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsidir. Onu da unutmamalıyıq ki, aparılan islahatların mərkəzində tələbələr durur. Atılan addımların əsas məqsədi onların təhsillərində keyfiyyət artımına nail olmaqdır”.