01.06.2014.- Bu gün imtahandır
TQDK-dan verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün 2014-cü ilin sonuncu sınaq imtahanını keçirir.
İmtahan bu gün Bakı, Naxçıvan, Gəncə, Daşkəsən, Ağstafa, Tovuz, Sumqayıt, Qobustan, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Şirvan, Salyan, Lənkəran, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz və Siyəzən şəhərlərində ümumilikdə 65 binada təşkil olunur.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmış və 48387 abituriyent qeydiyyatdan keçib. İmtahan mərkəzlərinə buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir.
Qeyd edək ki, başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmır.