Rusiya iqtisadiyyatını acı aqibət gözləyir - Tramp rus rublunu ÇÖKDÜRDÜ
“ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi göstəricilər sindiromu ilə üz-üzə qoya bilər” Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, bu sanksiayaların tam reallaşacağı halda Rusiya əsas regional layihələrdə iştirakdan mərhum olmaqla yanaşı, hətta bu ölkənin maliyyə və qiymətli kağızlar bazarı da ciddi risk altına düşəcək: “Bu kontekstdən rublun kursu yenə də gündəmə gəlməkdədir. Aydındır ki, sanksiyalar Rusiyanın valyuta bazarında da təsirsiz ötüşməyəcək. Buna görə də, sanksiyaların necə tətbiq olunması və eləcə də Avropa Birliyinin mövqeyi rublun taleyi baxımdan əhəmiyyətli olacaq. Rəsmi statistikada neftin dünya bazar qiyməti aşağı düşdükdən sonra xarici valyuta ehtiyatalarını təxminən 88 milyard dollar itirərək 343 milyard dollara ehtiyata malik olan Rusiya Mərkəzi Bankının da intervensiya imkanları qısa müddətli dövrdə mümkün olsa da uzun müddətli zaman üçün yetərli deyil. Digər tərəfdən, 529 milyard dollarlıq xarici borc olan Rusiyada borc öhdəlikləri rezervlərdən 34 faiz çoxdur. Bu isə, Rusiyada “sığorta yastığının” çox həssas olduğundan xəbər verir. Unutmayaq ki, 2017-2019-cu illər üçün orta hesabla 1.3 faiz iqtisadi atım proqnozlaşdıran beynəlxalq maliyyə qurumları isə bu qənaətə yeni sanksiyalardan öncə gəlmişdilər. Ekspert qeyd edib ki, yeni sanksiyalar tam miqyası ilə tətbiq olunduğu halda rublun yenidən dəyərsizləşməsinin qarşısını almaq çətin olacaq: “Hələlik sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəyi gözlənilir və bu baxımdan da xarici valyutaya tələb artasa da Moskva rublu müəyyən müddət qorumağa çalışacaq. Amma sankiyaların tam gücü ilə tətbiq olunacağı və xüsusən də Avropa Birliyininin əsas dövlətlərinin bu qadağalara qoşulacağı halda ilin sonuna doğru rubla təzyiq kəskin artacaq. Bu halda rublun yenidən dəyərsizləşməsi qaçılmaz ola bilər. İqtisadçı bu vəziyyətin Azərbaycana təsiri məsələsinə də toxunub: “Rusiya pulunun dəyərsizləşməsi iqtisadi baxımdan bizim üçün də arzuoluna deyil. Çünki, bu Rusiyaya ixracatımıza, orada yaşayan həmyerlilərimizin iqtisadi aktivliyinə təsir göstərir. İxrac olunan kənd təsərrüfatı məhsullarımızın 90 faizinin Rusiya bazarına göndərildiyini, remitensinin həcminin 1 milyard dollardan çox olduğunu nəzərə alsaq bu təsirləri qiymətləndirmək çətin olmaz. Ucuz rubl manatın məzənnəsi üçün də arzuolunan deyil. Bu baxımdan, Rusiyaya tətbiq edilən yeni sanksiyalardan sonra Azərbaycan Mərkəzi Bankı rubl ilə bağlı bədbin ssenarilərin valyuta bazarımıza təsirini minimumlaşdırmağa öncədən hazır olmalıdır”. AzerTaym.az