Dollarla «döyüşdən» hansı ölkə nə qədər itirib?
Ötən il birjalarda ən yadda qalan hadisələrdən biri məhz dolların beynəlxalq valyuta səbətində bahalaşması oldu. Xüsusilə, neftin qiymətinin ucuzlaşması fonunda indekslərdə dolların artması maliyyə sektorunda gərginlik yaşatdı. Lakin yeni il başlayandan ABŞ valyutasının mövqeyində nisbətən sabitləşmə müşahidə edilir. Dünən Asiya indekslərində 0,18 faiz bənd bahalaşma baş vermişdisə, Avropa və Afrika indekslərində 1,2 faiz bəndə yaxın azalma özünü göstərdi.
Əlbəttə, dollar digər valyutalar nisbətən bahalaşdıqca, mərkəzi bankların bazara müdaxilələri dərinləşir. Hər bir ölkə öz milli valyutasını qorumaq üçün bazara daha çox dollar buraxmağa məcbur olur, ya da daha az rezerv itkisini sığortalamaq üçün devalvasiyaya gedirlər.
Məsələn, Türkmənistan Mərkəzi Bankı bu ayın əvvəlində 22,8 faizlik devalvasiyaya getdi. Onların milli valyutası olan manatın ABŞ dollarına olan məzənnəsini 2,85-dən 3,5-ə qaldırdı. İndi 1 ABŞ dolları 3,5 yeni Türkmənistan manatına bərabərdir.
Digər qonşularımız Gürcüstan, Rusiya və Türkiyə isə artıq ötən ilin ikinci yarısından etibarən pullarının kursunun yumşaldılması siyasətini həyata keçirdilər. Region ölkələr arasında yalnız Azərbaycan manatın kursunu sabit saxlamağa nail ola bilib. Təbii ki, bu proses valyuta rezervlərinin azalması hesabına həyata keçirilir. Qonşu ölkələrin mərkəzi banklarının milli pullarını qorumaq üçün nə qədər xərc çəkdiklərinə dair kiçik bir araşdırma aparmağa çalışdıq.
Rus rublunu qorumaq üçün 80 milyard dollar xərclənib
Məlumdur ki, dolların möhkəmlənməsində ən çox itirən ölkə Rusiya və Ukrayna oldu. İndi rubl və qrivna dünyada "ən zəif" valyuta statusunu alıb. Hazırda Rusiya Mərkəzi Bankının satışında 1 dollar 61,866 rubl təşkil edir. Pərakəndə satışda isə bu rəqəm daha yüksəkdir. Ötən ilin noyabr ayından sonra rubla müdaxilə etməkdə çətinlik çəkən Mərkəzi Bank "üzən məzənnəyə" keçməsilə bağlı erkən qərarını açıqladı. Çünki bu qərarın 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilirdi. Bundan sonra rus pulu dollarla və avroyla müqayisədə 2 dəfədən çox ucuzlaşdı. Bir ayda rublun 18-20 faiz dəyərdən düşməsini müşahidə etdik.
Təkcə dekabr ayında ölkənin baş maliyyə qurumu intervensiyaya 4,5 milyard dollar xərcləməli olub. Əgər Rusiya Mərkəzi Bankı avqust ayından etibarən hər ay bazara 450 milyon dollara yaxın pul buraxmalı olurdusa, noyabrın ortasından etibarən bu, bir həftədə 2 milyard dollara qədər qalxdı. Baxmayaraq, "üzən məzənnə" siyasətinə keçəndən sonra günə maksimum 360 milyon dollarlıq rubl alışının həyata keçiriləcəyi bəyan edilsə də, bu rəqəm 700 milyona qədər yüksəldi. Rus analitikləri hesab edir ki, intervensiya maliyyə sabitliyini risk altına atır. Belə ki, rublun kursunda dinamikanın dəyişməsi kəskin devalvasiya və yüksək inflyasiya təhlükəsini yarada bilər. Ötən ilin 6 ayı ərzində Rusiyanın Mərkəzi Bankı rubla müdaxilə etməklə 80 milyard dollardan çox vəsait istifadə etməli olub.
Dövlətin, iri şirkətlərin və bankların xarici borclarının həcminin 700 milyard dollara çatması da rus pulu üçün əlavə təzyiq yaradıb. Dövlətin beynəlxalq rezervləri isə sürətlə əriməkdədir. Əgər ötən ilin noyabr ayında valyuta ehtiyatları 421 milyard dollar təşkil etmişdisə, ilin sonunda bu rəqəm 388 milyon dollara qədər düşüb. Artıq dövlət rəsmiləri 2015-ci ilin Rusiya üçün ağır bir il olacağını etiraf edirlər. Neftin qiyməti bahalaşmayacağı, sanksiyalar götürülməyəcəyi təqdirdə rezervlər belə ölkənin köməyinə gələ bilməyəcək.
Türkiyə günə 20 milyon dollardan 40 milyon dollara qədər yüksəltməli oldu
Türkiyə lirəsinin (YTL) də vəziyyəti ürək açan deyil. Ötən ilin ortasında 1 dollar 1,3 YTL təşkil edirdisə, artıq birjalarda 2,29 YTL-yə düşməklə böyük dəyər itirib. Türkiyənin Mərkəzi Bankı lirənin intervensiyası üçün sonuncu dəfə 2011-ci ilin dekabrın 30-da 2,8 milyard dollar bazara pul buraxmışdı. Doğrudur, 2014-cü ildə bu rəqəm rekordlanmasa da, ötən ilin əvvəlində bir gündə 2 milyard dollarla maliyyə bazarına müdaxilə olunması ilə bağlı xəbərlər yer aldı. Ümumilikdə, il boyu gündəlik dollar satışı avqusta qədər 20 milyon təşkil edib. Dolların bahalaşdığı sentyabr ayından isə bu rəqəm 40 milyona qədər yüksəlib. Lakin Türkiyə Mərkəzi Bankı ötən ili itki ilə deyil, xeyirlə başa vurub. Bank öz rezervlərini artırmağı bacarıb.
Manatı qorumaq üçün nə qədər vəsait xərclənib?
Azərbaycana gəlincə, hökumət qarşıda duran əsas məqsədlərdən birinin məhz manatın kursunun sabit saxlanması olduğunu bildirir. Bu isə ölkənin valyuta rezervlərinin əriməsi hesabına baş verir. Əlbəttə, Azərbaycan Mərkəzi Bankı manatı sabit saxlamaq üçün nə qədər vəsait xərclənməsi ilə bağlı hər hansı bir açıqlama vermir. Lakin rezervlərdən azalamaya nəzər yetirdikdə müəyyən rəqəmlər əldə etmək mümkündür. Dövlət Neft Fondunun ilin 9 ayının yekunlarına görə açıqladığı rəqəmlərdə valyuta məzənnələrinə görə itkilərin 1 milyard dollara yaxın olduğunu qeyd edib. Mərkəzi Bankın isə ilin 11 ayının nəticələrinə görə, beynəlxalq ehtiyatlar bir ayda 553 milyon dollar azalıb. Hesabat ilinin son 4 ayında isə itkilər 590 milyon dollar təşkil edir. Bu müddət ərzində valyuta ehtiytalarında azalma 194 milyon dollar olub. Şübhəsiz ki, bu azalma manatın dollar qarşısında "dirəniş" göstərməsidir. Beləliklə, ötən il Mərkəzi Bank manata müdaxilə etmək üçün təxminən 1,5 milyard dollar xərcləməli olub.
(bizimyolinfo)
Vüsalə RÜSTƏMOVA