Cahangir Hacıyevə həbsxanada “yaşayış qurmağa” imkan verilmədi- SABİQ BANK RƏHBƏRİ AĞIR DURUMDA
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevdən xəbər var. Gununsesi.info-nun xəbərinə görə, olduqca ağır şəraiti olan bu müəssisədə sağlam və normal qaydada yaşamaq yalnız imkanlı məhbuslara nəsib olsa da Cahangir Hacıyev bundan da məhrum edilib. Belə ki, saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, “Zon”a köçürülən sabiq bank rəhbərinin Tibb Məntəqəsində ayrıca otaqda qalması üçün müraciəti təmin olunmayıb.
Məlumata görə, C.Hacıyev müəssisədə təmir-bərpa işləri üçün müəyyən vəsait ayırmağa da hazır olduğunu vəd edib. O, başqa məhkumlarla birlikdə 180 nəfərlik “barak”da qalır.
Bu müəssisədə məhkumların saxlanma yataqxanaları heç bir penitensiar qaydalara cavab vermir. Hər “barak”da təxminən 180-200 nəfər saxlanılır ki, bu da qanunvericiliyə ziddir. Həmin məhkumlar arasında HİV və Hepatit xəstəliyinin daşıyıcısı olanlar da kifayyət qədərdir.
Qeyd edək ki, Qızıldaşdakı daş karxanalarının arasında yerləşən bu müəssisəyə bir qayda olaraq kasıb məhkumlar və siyasi məhbuslar göndərilir.
13 saylı Cəzaçəkmə Müəssisəsində sabiq səhiyyə naziri Əli İnsanov, Tofiq Yaqublu, Pərviz Həşimli, Anar Məmmədli, Fərəc Quliyev və Əbdül Əbilov cəza çəkib. Hazırda bu müəssisədə İlkin Rüstəmzadə və Bayram Məmmədov saxlanılır.