1 saylı cəzaçəkmə müəssisəsində nə baş VERİR?

1 saylı cəzaçəkmə müəssisəsində nə baş verir?


Məhkum yaxınları həbsxanaya qoşun yeridildiyini, Penitensiar Xidmət belə şey olmadığını deyir
"Yanvarın 22-də qohumlarımız 1 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedib. Heç kimə görüş verməyiblər, hamını qovub çıxardıblar. Səbəbi də həbsxanaya qoşun yeridilməsi olub".
Bunu "Azadlıq Radios"una adını çəkmək istəməyən məhbus yaxınlarından biri deyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsindəki məhbuslar döyülürmüş:
“İNDİ DƏ QOŞUN ORDADIR”
Başqa bir məhbus yaxını da AzadlıqRadiosuna deyib ki, yanvarın 22-də günorta 1 saylı həbsxanadakı məhbuslardan birinə baş çəkməyə gedib: "Birdən qara maskalılar, əsgərlər doluşdular 1 saylı həbsxanaya. Hamımızı çölə çıxardılar. Bu həbsxanada məhbuslar bahalığa etiraz ediblər və buna görə daxili qoşun əsgərləri və qara maskalılar yeridilib. Məhbusları döyüblər, hətta “dubinka”larda qan izləri görən olub. Bir qrup məhbusu da qara maskalılar maşınlara doldurub harasa apardılar. Biz indi burda dayanmışıq, vəziyyət bir qədər sakitləşib. Məhbuslar deyir ki, içəridə çox bahalıqdır. Misal üçün, çöldə 1 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa həbsxananın yeməkxanasında "perlovı"dan başqa heç nə verilmir. Buna etiraz ediblər, onların etirazına da belə zorla cavab verilib”.
Mehman Sadıqov, 18 oktyabr 2012
Mehman Sadıqov
“YALANDIR”
Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb: "Ora nə qoşun yeridilib, nə də məhkumlar döyülüb. Daxili nizam qaydalarına uyğun müəssisədə fəaliyyət davam edir. Deyilənlər yalandır".
1 saylı cəzaçəkmə müəssisəsi ümumi rejimlidir. Nizami rayonunda, Böyük Şor qəsəbəsində yerləşir. Yerli mediada bir neçə dəfə burda məhbusların döyülməsi xəbərləri yayılır. Penitensiar Xidmət İdarəsi bir qayda olaraq bu xəbərləri təkzib edib.
Azərbaycandakı çəzaçəkmə yerlərində ərzağın bir neçə dəfə baha satılmasıyla bağlı yerli hüquq müdafiəçiləri də daha öncə məlumat yayıblar. Cəzasını çəkib çıxan keçmiş məhbuslar da həbsxanalardakı bahalığın adi hal olduğunu deyir.

 

 






Fikirlər