Həbsxanadakı QANLI olayın DƏHŞƏTLİ təfərrüatı - Məhkumlara NİYƏ İŞGƏNCƏ verilir?

Həbsxanadakı qanlı olayın dəhşətli təfərrüatı Bir neçə gündür Azərbaycan həbsxanalarından tükürpədici məlumatlar gəlir.

Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində iki nəfərin öldürülməsi, bir neçə nəfərin isə ağır yaralanması barədə xəbərlər yayıldı. Məlum oldu ki, həyatını itirən məhkumların hər ikisi ağır işgəncəyə məruz qalıb. Bundan sonra yaralılardan xəstəxanaya yerləşdirilən məhkumun atası şok effekti yaradan açıqlamalar verdi. Onun sözlərindən aydın oldu ki, cəzaçəkmə müəssisəsində məhkumlara dəhşətli işgəncələr verilir. 

Belə bir məqamda AzNews.az-ın əməkdaşı dustaqlara işgəncələrin verilmə səbəblərini və ümumiyyətlə, baş verən son olayın təfərrüatlarını öyrənə bilib. Məlum olub ki, öldürülən məhkumlara 6 saylı cəzaçəkmə müəssisəsində deyil, 2 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilib. 

Məlumata görə, hazırda 2 saylı cəzaçəkmə müəssisəsində az qala fövqəladə vəziyyətdir: bir neçə cəzaçəkmə müəssisəsinin rəhbəri, eləcə də xüsusi təyinatlılar buraya cəlb olunub. Xüsusi təyinatlıların hücumu nəticəsində əksər dustaqlar döyülüb, işgəncəyə məruz qalıb. Nəticədə xeyli sayda məhkum ağır bədən xəsarətləri alıb, ikisi isə məlum olduğu kimi həyatını itirib. 

AzNews.az-ın əməkdaşı dustaqlara qarşı aparılan bu amansız əməliyyatın səbəbini də öyrənə bilib. Məlum olub ki, buna səbəb 2 saylı cəzaçəkmə müəssisəsində nizam-intizamın olmaması, müəssisənin demək olar ki, nəzarətdən çıxması, az qala “oğru qanunları” ilə idarə olunması barədə Penitensiar Xidmət rəhbərliyinə səhih məlumatların çatdırılması olub. Rəhbərlik isə nizam-intizamı bərpa etmək üçün müəssisəyə xüsusi təyinatlıları yeridib. 

Məlumat üçün bildirək ki, bir müddət əvvəl bu cəzaçəkmə müəssisəsinin rəhbəri dəyişdirilib. Yeni rəis Elçin Əlicanov bu vəzifəyə təyin olunandan sonra onun qarşısına əsas vəzifə kimi həbsxanadakı “vəziyyəti” dəyişdirmək qoyulub. Lakin bir müddət keçəndən sonra məlum olub ki, “vəziyyət” elə əvvəlki kimi qalmaqdadır. E.Əlicanov xilas yolu kimi bir neçə məhkumu başqa cəzaçəkmə müəssisələrinə göndərsə də, nəticə dəyişməyib. 

Yeri gəlmişkən onu da bildirək ki, hadisə baş verməmişdən bir neçə gün əvvəl Penitensiar Xidmət rəhbərliyi rəisə töhmət verib. Töhmətin verilməsinə səbəb isə rəisin üzərinə qoyulan əsas vəzifənin öhdəsindən gəlməməsi (cəzaçəkmə müəssisəsində nizam-intizamı bərpa edə bilməməsi) olub. Bundan sonra həbsxananın “şmon” edilməsi qərarı verilib. 

Məlumata görə, bu qərar verildikdən sonra xüsusi qrup (”voyska") müəssisəyə daxil olaraq dustaqlara dəhşətli işgəncələr verib. İki ölüdən başqa demək olar ki, əksər məhkumlar ciddi bədən xəsarətləri alıb. Lakin müəssisə rəhbəri yaralıların sayını gizlətməyə çalışır.

Məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsi kriminal aləmə yaxın şəxslərin əsas cəza çəkdiyi yerdir. Ona görə də, həmin müəssisə həmişə problemli yer kimi xarakterizə edilir. Lakin son dövrdə bu müəssisədə vəziyyətin dəyişdirilməsi, məhkumların qanunlara tabe edilməsi üçün xüsusi tapşırığın verilməsi belə bir faciəyə gətirib çıxarıb. 

Xatırladaq ki, sözügedən həbsxanada döyülərək öldürülən dustaqlardan biri 23 yaşlı Nurani İbrahimovdur. Mərhumun atası Fuad İbrahimov oğluna işgəncə verildiyini, döyülərək öldürüldüyünü deyib. “Oğlumdan başqa bir məhkum da öldürülüb. Hər ikisini vəhşicəsinə döyüblər. Sonra onları Məhkumların Müalicə Müəssisəsinə aparıblar. Zəng edib dedilər ki, guya, oğlun narkotik maddə istifadə edib. Buna görə də ölüb. Siqaret çəkməyən adam idi. Hər kəs onu namaz qılan, haqq sözün deyən biri kimi tanıyır” - deyə mərhumun atası bildirib. Dəfn mərasimində iştirak edən şəxslərdən Nurani İbrahimovu tanıyanlar onun 13 yaşından namaz qıldığını, narkotik vasitələrdən istifadə etmədiyini deyiblər. 

Onu da xatırladaq ki, N.İbrahimovla bərabər döyülərək öldürülən digər şəxs Sahib Abbasovdur. Məlumata görə, onun meyiti Gəncəyə göndərilib. Bildirilir ki, başqa iki məhkum - Elmirlə Tariyel də döyülüb. Onların da vəziyyəti ağırdır. AzerTaym.az






Fikirlər