Əli İnsanov residivist oldu: onu NƏLƏR GÖZLƏYİR?

Картинки по запросу əli insanov

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Belə ki, iyulun 24-də Əli İnsanovun barəsində hökmdən kasasiya şikayəti verilib. Bu barədə məlumat verən vəkil Toğrul Babayev bildirib ki, şikayət Ali Məhkəməyə təqdim edilib. Yaxın vaxtlarda şikayət üzrə məhkəmə prosesi keçiriləcək.

Vəkil əlavə edib ki, Ə. İnsanov istintaq təcridxanasından 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. T. Babayev müvəkkili ilə görüşdüyünü və səhhətinin normal olduğunu da deyib.
Bəs ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməklə Ə. İnsanov nələrdən məhrum ediləcək?
Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan vəkil Əsabəli Mustafayev bildirib ki, ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməklə məhkum bir çox rahatlıq və istirahətdən məhrum edilir:
"Bu, əsasən saxlanma rejimi ilə bağlıdır. Orada istirahət məsələsi, boş saatlar, yatmaq, digər dustaqlarla təmas imkanları, ən əsası isə yaxınlarla görüşlərin, telefon zənglərinin məhdudlaşdırılmasıdır. Bundan əlavə, evdən göndərilən sovqatların alınmasına da digər rejimlərdən fərqli olaraq məhdudiyyət qoyulur. 11 saylı cəzaçəkmə müəssisəsində olmuşam və şəraiti heç də yaxşı deyil. Ərazi olaraq çöllükdə yerləşir və bir qədər külək olan kimi toz-torpaqdan tərpənmək olmur. Eyni zamanda su təminatında da ciddi məhdudiyyətlər var. Qışı soyuq, yayı isti olan köhnə baraklardır. Qısası, şəraiti çox pisdir. Ciddi rejimli cəzaçəkmə müəssisəsinə əsasən maddənin ağırlığına uyğun olaraq məhkumlar göndərilir. Ümumilikdə burada cəzalarını çəkənlərin cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Ona görə də ümumi rejimli deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzalarını çəkirlər. Konkret olaraq Əli İnsanova gəlincə isə onda artıq residiv var. Məhz buna görə də ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. Residiv o deməkdir ki, onda artıq ikinci ağır cinayət əməli var. Birinci və ardınca da ikinci cinayət də ağırdırsa, bu, artıq residiv yaradır”.
Vəkil Əli İnsanovun ciddi rejimli cəzaçəkmə müəssisəsindən azad oluna biləcəyi məsələsinə də toxunub: "Müəyyən müddət keçdikdən və cəzasının bir qismini çəkdikdən sonra yenidən ümumi rejimli cəzaçəkmə müəssisəsinə qaytarıla bilər. Bu, ağır cinayətlərdə 3/2 müddət nəzərdə tutulub. İndi qanunlara dəyişiklik ediləcək və yeni qaydalara görə, artıq cəzanın yarısı çəkildikdən sonra rejim yüngülləşdirilməsi, cəzanın çəkilmə qaydasının dəyişdirilməsi üçün müraciət edə bilərlər”.
Qeyd edək ki, bir müddət əvvəl Qaradağ Rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.
2016-cı ilin oktyabrında İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar versə də, onun barəsindəki hökm dəyişdirilməyib.
2016-cı il oktyabrın 11-də məhkəmə keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb.






Fikirlər