Sərdar Həmidova milli qəhrəman adının verilməsi istənildi...

Sərdar Həmidova milli qəhrəman adının verilməsi istənildi... Bununla bağlı keçmiş döyüşçülər ordu rəhbərliyinə təqdimat göndərib; sabiq batalyon komandiri: “İTV Azərbaycanın döyüş tarixini saxtalaşdırır”...

“Bu günlərdə İctimai Televiziyada birinci Qarabağ savaşı zamanı Tərtərin müdafiəsinə həsr olunmuş veriliş efirə getdi. Həmin verilişdə Tərtər rayonunun erməni işğalçılarından qorunmasını şəxsən təşkil etmiş Sərdar Həmidovun haqqı tapdalandı. İTV-də qeyd edildi ki, Tərtər Özünü Müdafiə Batalyonunun komandiri Elman Hüseynov olub.
Lakin bu belə deyil. Elman Hüseynov Milli Qəhrəmandır, Allah ona rəhmət eləsin, şərəfli döyüş yolu keçib, qısa bir müddətdə də Tərtər Özünümüdafiə Batalyonunun komandiri vəzifəsini icra edib.


1992-ci ilin avqustundan 1994-cü il iyunun 21-dək Tərtər Özünümüdafiə Batalyonunun komandiri Sərdar Həmidov olub. Onun Tərtərin qorunmasında haqqına girmək ədalətsizlikdir, faktları saxtalaşdırmaqdır, döyüşçüləri incitməkdir, şəhidlərimizin, o cümlədən Elman Hüseynovun özünün də ruhuna hörmətsizlikdir”.

Sərdar Həmidova milli qəhrəman adının verilməsi istənildi...
Bunu əməkdaşımızla söhbətində S.Həmidovun döyüş yoldaşlarından biri, Tərtər Özünümüdafiə Batalyonunun qərargah rəisi olmuş Pənah Məmmədov dedi.

Onun açıqlamasından sonra S.Həmidovun özü ilə də əlaqə saxladıq. O bildirdi ki, İTV-də efirə gedən verilişdə tarixi faktların saxtalaşdırılmasına təəccüblənib: “Öncə onu qeyd edim ki, Elman Hüseynov fədakarlıq edən, şücaətli bir döyüşçü idi, Milli Qəhrəmandır, Allah ona rəhmət eləsin. 1993-cü ilin yanvarında mənim rəhbərliyim altında 13 nəfər döyüşçünün meyitini ermənilərin nəzarət etdiyi ərazidən çıxararkən şəhid oldu. Onun Tərtər Batalyonunun əvvəldən axıra qədər komandiri kimi təqdim edilməsi isə yanlışdır. Bu, Sərdar Həmidovun tarixi deyil, Azərbaycanın döyüş tarixidir, İTV bunu niyə saxtalaşdırır, buna bir cavab tapa bilmirəm.
Mən özüm haqda danışsam, deyəcəksiniz özünü tərifləyir, bu haqda döyüşçülərdən soruşmaq daha yaxşı olardı. Mən sadəcə bir məqamı deyim ki, İTV-də Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinin sədri Suliddin Yusifova istinadla danışırdılar. Mən Suliddin bəylə əlaqə saxladım, o mənə dedi ki, onun söylədikləri təhrif olunub. Mən də inanmıram ki, Suliddin bəy elə danışsın, çünki o, elə bu ilin mart ayında mənə milli qəhrəman adı verilməsi üçün ölkə rəhbərliyinə müraciət ünvanlayan şəxslərdən biridir”...


S.Həmidov deyir ki, onun özünün də xəbəri olmadan 2014-cü il mart ayının 22-də Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyi və Vətən Müharibəsi Veteranlar Birliyi (sədr Nizami Heydərov) yığıncaq keçirərək ona milli qəhrəman adı verilməsinə dair müraciət qəbul ediblər. Müdafiə naziri Zakir Həsənova ünvanlanan təqdimatda deyilir: “...Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər şöbəsi olaraq onun üzvləri adından bu təqdimatı Sizə göndərməklə, Həmidov Sərdar Məcid oğlunu yaxşı tanıdığımızı və onun Tərtər rayonunun müdafiəsində, zəbt olunmuş Ağdərə rayonunun düşməndən təmizlənərkən döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqları, şəxsi igidliyini nəzərinizə çatdırmaqdır.

Belə ki, Həmidov Sərdar Məcid oğlu 1992-ci ilin mart ayında Tərtər ərazi özünümüdafiə taborunun tərkibində əlahiddə rota yaradaraq, rayonun müdafiəsini təşkil etmiş, 1992-ci ilin may ayından Tərtər rayonunun müdafiə komitəsinin sədri olmuşdur. Və ərazidə yerləşən bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirərək uğurlu döyüş əməliyyatlarına rəhbərlik etmişdir. Məhz Həmidov Sərdar Məcid oğlunun şəxsi qabiliyyəti və səyi hesabına hazırladığı plan əsasında Nəcməddin Sadıxovun komandanlıq etdiyi 703 saylı hərbi hissə, Tərtər taboru və başqa silahlı birləşmələrlə birlikdə Ağdərə rayonunun kəndləri erməni düşmənlərdən təmizlənmiş və Ağdərənin mərkəzində Azərbaycan bayrağı dalğalanmışdır. Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin onlarla canlı qüvvəsi məhv edilmiş və onlarla texnikası qənimət kimi əldə edilmişdir. Belə əməliyyatların uğurla başa çatması Həmidov Sərdarın şəxsi igidliyi və qəhrəmanlıq nümunəsi kimi qiymətləndirilməlidir. Onun göstərişi və tapşırığına, döyüş aparmaq qabiliyyətinə tabe olaraq silahlı qüvvələr qısa müdətdə Ağdərə rayonunun Marquşevan, Marağa, Madagiz, Aşağı və Yuxarı Çaylı, Qırmızıkənd, Levonarx, Akop-Komari, Medşen, Maqavuz, Sərsəng Su Ambarı, Drombon, Poqasomer, Çıldıran, Vaqaus və Aterk kəndləri erməni düşmənlərdən azad olunmuşdur...

Cəmiyyət üzvləri olaraq şahidiyik ki, 1992-ci ilin 16 noyabrında Yaqaus kəndi istiqamətində döyüş əməliyyatı zamanı 13 nəfər əsgərimiz düşmən mövqeyində qalmışdı. Onların cəsədlərinin 18.01.1993-cü ildə çıxarılması və valideynlərinə təhvil verilməsində Həmidov Sərdar Məcid oğlu əməliyyata şəxsən rəhbərlik etmiş, əməliyyatda iştirak etməklə qəhrəmanlıq göstərmişdir.

1993-cü ilin fevralında Müdafiə Nazirliyinin rəhbərliyinin səriştəsiz əmrinə əsasən, Nəcməddin Sadıqov başda olmaqla, 703 saylı hərbi hissə şəxsi heyəti, texnikası bütünlüklə Aterk kəndində mühasirə vəziyyətinə salınmışdı. Həmidov Sərdar qətiyyətli və şəxsi igidlik göstərərək, əsl qəhrəmanlıq nümunəsi olaraq 703 saylı hərbi hissəni mühasirədən çıxarmışdır...

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra Sərdar Həmidov gənclərdən ibarət 2-ci Tərtər taborunun yaradılmasına nail oldu və torpaqlarımızın müdafiəsinə, o cümlədən Ağdamın Şotlanlı, Naxırçılar kəndlərinin düşməndən müdafiə olunması üçün briqada komandanlığının sərəncamına göndərdi.
03 may 1994-cü ildə erməni daşnakları Tərtər rayonunun Qapanlı kəndinin bir hissəsini zəbt etdiyi halda Sərdar Həmidov birbaşa döyüş mövqeyinə gələrək, pərakəndə halda olan döyüşçüləri, polis dəstələrini səfərbər edərək, orada olan hərbi hissələrlə əlaqə yaradaraq Qapanlı kəndini qəhrəmanlıq göstərərək düşməndən azad olunmasına nail olmuşdur.

Həmidov Sərdarın belə vətənpərvərliyi, hər qarış torpağımız üçün qan tökməyə hazır olmasım hər an nümayiş etdirən, qeyri-adi hərəkətləri nəticəsində dəfələrlə qəhrəmanlıq nümunəsi göstərməsi Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edən hər bir əsgər və zabitlərimiz torpaqlarımızın bir qarışını belə düşmənə verməmişdir, əksinə, ermənilərin yaşayış məntqəsi oları Marağa, Marquşevan, Maralyan, Həsənqaya, Yuxarı Çaylı, Aşağı Çaylı, Qırmızıkənd və s. kəndləri bu gün də Azərbaycan Ordusunun nəzarətindədir.

Sərdar Həmidovun torpaqlarımızın müdafiəsi zamanı döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıq nümunələrinin şahidi olduğumuz üçün cəmiyyətin idarə heyəti və onun üzvləri ona Azərbaycan Respublikasının milli qəhrəmanı adı verilməsi üçün bu təqdimatın Sizə göndərilməsinə qərar vermişdir.

Ümid edirik ki, ərazi bütövlüyümüz uğrunda canlarından keçən, əlil olan insanların xahişini nəzərə alıb ədalətin bərpası üçün silahdaşımız və komandirimiz olmuş
Həmidov Sərdar Məcid oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsi üçün Ali Baş Komandan, cənab Prezident İlham Heydər oğlu Əliyev qarşısında vəsatət qaldıracaqsınız".


Daha sonra S.Həmidov onunla bərabər döyüşlərdə iştirak etmiş bir neçə şəxslə bizi əlaqələndirdi. Həmin şəxslər dedilər ki, bütün tərtərlilər Sərdar Həmidovun hansı şücaətləri göstərdiyini bilirlər: “Biz isə birbaşa onun tabeliyində döyüşmüşük, faktları daha dəqiq bilirik”.

S.Həmidovun döyüş yoldaşları ilə dəqiqləşdirmələrimiz zamanı onlar dedilər ki, Tərtərdə könüllülərdən ibarət özünümüdafiə batalyonu 1991-ci il oktyabrın 9-da yaradıldı, onun formalaşdırılmasına başlanıldı. 1991-ci ilin dekabrında Elman Hüseynov batalyona komandir təyin edildi. 1992-ci il aprelin 5-də isə müdafiə nazirinin əmri ilə Boris Zöhrabov batalyon komandiri təyin olunub. Həmin tarixdən Elman Hüseynov batalyon komandirinin müavini, Pənah Məmmədov isə qərargah rəisi təyin edildilər. 18 may 1992-ci ildə Sərdar Həmidov Tərtərin icra başçısı təyin edildi. 1 avqust 1992-ci ildə də Sərdar Həmidov Tərtər Özünümüdafiə Batalyonunun komandiri təyin edildi. O hələ komandir olmamışdan, icra başçısı təyin olunmamışdan qabaq da rayonda “RAYPO”nun müdiri idi.
Sərdar Həmidova milli qəhrəman adının verilməsi istənildi...
Bu vəzifədə işləyəndə Tərtər rotasının yaradılmasına nail olmuşdu. O, Tərtər batalyonunun silahlanmasını şəxsən həyata keçirib.
Tərtərin müdafiəsi, Ağdərənin alınması planı şəxsən Sərdar Həmidov tərəfindən qurulub, döyüş əməliyyatlarına birbaşa rəhbərlik edib.
1992-ci il iyunun 18-də 150-yə yaxın ermənini səngərdə məhv etmişdik. Bu planı Sərdar bəy şəxsən qurmuşdu, tapşırıqları o vermişdi.

1992-ci il iyulun 4-5-də onun tapşırığı ilə Ağdərəni işğaldan azad etmişdik.
Ağdərəyə bayrağı Sərdar Həmidov sürücüsü İlham Cəfərova sancdırmışdı. Bunlar videoçəkilişlərdə də var.


Bundan başqa, bizim batalyonun tabeliyində Teyyubun rəhbərlik etdiyi bölmə 1992-ci il sentyabrın 22-də Vaguaz kəndi yaxınlığında əməliyyat keçirdi, Teyyub özü də daxil olmaqla 13 şəhid döyüş yerində qaldı. O meyitləri çıxarmaq mümkün olmurdu, Sərdar Həmidov birbaşa özü 1993-cü il yanvarın 18-də həmin meyitlərin çıxarılması əməliyyatını həyata keçirdi, bu zaman güllə yarası da almışdı. Bundan başqa, 1993-cü ilin mart ayında Kəlbəcər mühasirədə olan vaxt Sərdar Həmidov Tərtər istiqamətindən birbaşa Kəlbəcərə getmişdi, orada uğurlu əməliyyatlar keçirmişdik. Bütün bu şücaətlərinə görə, hesab edirik ki, Sərdar Həmidova milli qəhrəman adı verilməsi müraciəti tam haqlıdır, Sərdar bəy buna haqq edir. Hələ 1993-cü ildə 703 saylı hərbi hissənin komandanlığı Sərdar Həmidovun Azərbaycanın Milli Qəhrəmanı adını alması üçün sənədlər hazırlayıb Müdafiə Nazirliyinə göndərmişdi. Lakin o təqdimat təsdiqini tapmayıb. Yenidən döyüşçülərin bu müraciəti etməsi doğru addımdır".


M.MAHRIZLI






Fikirlər