MILLI AZADLIQ hərəkatının 29-cu ILI

Картинки по запросу Milli azadlıq hərəkatının 29-cu ili 

 Ənvər Əliyev: “Bu gün o meydan yoxdur

Bu gün Azərbaycanda milli azadlıq hərəkatının başlandığı gündür. Müstəqilliyimizin əldə edilməsi yolunda ilk addımın atıldığı 17 noyabr tariximizə Milli Dirçəliş Günü kimi yazılıb. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində 29 il öncə - 1988-ci ildə Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapıb.

Məhz bunun nəticəsində 1988-ci ildə Azadlıq meydanında (o zaman Lenin meydanı adlanırdı-red.) 17 noyabrdan dekabrın 5-ə qədər davam edən uzunmüddətli oturaq aksiya keçirilib. Bundan üç il sonra əldə etdiyimiz müstəqilliyimizdə bu günün önəmi misilsizdir.

Hər ilin bu günləri 17 noyabr ətrafında ən  müxtəlif müzakirələr açılır. 29 il öncə başlayan proseslərdə itirdiklərimiz və qazandıqlarımız müzakirə edilir. İstiqlalımızı əldə etməyimiz önə çəkilir və xalq olaraq qazancımızın müqayisəyə gəlməyəcək dərəcədə yüksək olduğu vurğulanır. Amma bununla belə Dağlıq Qarabağ kimi tarixi ərazilərimizin işğalı itkimiz kimi qələmə verilir.

Eyni zamanda, 17 noyabrda insanların toplaşdığı Azadlıq meydanının taleyi ciddi müzakirələr doğurub. Demək olar ki, hazırda o meydanda meydanlıq halı qalmayıb. Şərəfli tariximizin başlandığı bu müqəddəs məkandan avtomobil dayanacaqları və ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli idman yarışlarının  təşkil olunduğu yerlərdən biri kimi istifadə olunur.

Bayramlar, qeyri-iş günləri sırasından çıxarılan Milli Dirçəliş Günümüzün 29 illiyini hərəkatın önəmli simalarından olan  Ənvər Əliyevlə dəyərləndirdik.

17 noyabr mitinqinin öncüllərindən olan Ə.Əliyev duyğusal danışdı: “O zamankı xalqımı heç bir xalqla müqayisə edə bilmərəm. Kənar xalqların içərisində də az olmamışam, Azərbaycan xalqının 29 il öncəki inqilabı düşüncəsi, vətəndaş mövqeyi, vətənpərvərlik hissi inanmıram ki, başqa bir xalqda olsun. O elə bir hiss idi ki, 50-100 ildə bir xalqa qismət olur. O zaman Azərbaycan ziyalıları, tələbələri tamam başqa ruhda idilər. Azərbaycan qadını ən fədakar qadın simvolu kimi düşüncəmə həkk olunub. Biz küçələrdən meydana doğru yürüş edəndə balkonlardan  qadınlar qışqırırdı ki, yavaş gedin, uşağı bağçaya, məktəbə qoyub gəlirik, biz də sizlərə qoşuluruq. Özümü xoşbəxt sayıram ki, mən o günləri görmüşəm. Yazılarımda azdan-çoxdan bunları qeyd edirəm. Düşünürəm ki, Azərbaycanın inqilabi tarixi o günlərlə müqayisə olunmalıdır. Amma indi təəssüflər olsun ki, bizlər tanınmaz bir haldayıq. Biz indi qarın, bir tikə çörək düşüncəsi ilə yaşayırıq. Düşünmürük ki, bu düşüncə qarın doyana qədərdir. Biz o hadisələri Topxana hadisələri ilə izah etməməliyik. O vaxt mənim aparıcısı olduğum mitinqdə ermənilərə birliyimizi göstərmək üçün analoqsuz çıxışlar olub. O zaman dörd maddəmizin biri də Topxana oldu. Niyə biz böyük məsələlərimizi kiçik, bəsit bir hissələrə bölməliyik? Bütün dünya xalqımızın birliyindən danışırdı. O dövrün prizmasından danışsam, millətimizdən torpaq almaq çətin məsələ idi. Bizdən bəlkə də yüz dəfə çox olanlar o vaxt bizim yolumuzla getdilər, amma meydana bizdən qat-qat az insan yığa bildilər. Biz ilin xalqı da boş yerə olmadıq. O adı bizə verənlər hər şeydən xəbərdar idilər”.

Ə.Əliyev itirdiyimiz və qazandıqlarımızdan da danışdı: “Əvvəla, müstəqillik qədər millətin tarixində önəmli, yaddaqalan, millətin millət kimi formalaşmasına təkan verən ikinci bir hadisə ola bilməz. Bu çox böyük bir hissdir. Təəssüf ki, biz onu olduqca kiçildirik. Biz atributlarımızın, bayrağımızın, Cümhuriyyətimizi yaradan kişilərimizin arzularının bərpası uğrunda vuruşurduq. Bizim canımızı fəda etməyi göz altına aldığımız, bunun üçün mübarizə apardığımız simvollarımızı metro stansiyalarında, universitetlərimizin döşəmələri üstündə görəndə nifrət yaranır ki, ay biçarələr, sizlər layiq olmadığınız müqəddəs şeylərə niyə nail olmusunuz. O bayrağı bağrına basıb, öpən çoxsaylı oğlanlar görmüşəm. Yanımda olan o insanlar sonradan cəbhədə vuruşdular, şəhid oldular. O bayrağın üstündəki səkkiz guşəli ulduz indi bəzi yerlərdə foyedə ayaqlar altındadır. Əlimizlə qazandıqlarımızı öz əlimizlə məhv edirik. Milli ruhun itirilməsinin nəticəsidir ki, torpaq gedir. Ana dediyimiz vətənin anasını ağlatdıq. Əl çala-çala itirdiklərimizə ancaq cümə axşamı keçiririk”.

Müsahibimiz Azadlıq meydanının acınacaqlı duruma salınmasına kövrələrək belə münasibət bildirdi: “Bu gün o meydan yoxdur. Bu meydan bir qrup insanın yığışıb siqaret çəkməsi, tum çırtlaması üçün deyil. O vaxt o meydana girəndə bilsəydik ki, qanımızı tökəcəklər, yenə geri dönməzdik. Orada insanlar bir-birinə ruh kimi baxırdılar, ruhlar, fikirlər müqəddəsləşmişdi. İndi o meydan heç nəyə yaramayan bir yerə çevrilib. 29 il öncəki hissləri inanıram ki, yenidən geri qaytaracağıq. Zamana ehtiyacımız var. Biz müqəddəs sandıqlarımızın ucuzlaşdırıldığını görəndə ruhdan düşdük. O zaman valideynlərimiz bizi meydanlara təhrik edirdi. 70 yaşlı anam böyük məmurun mənim aksiyalara nə üçün getdiyimi soruşanda deyirdi ki, o orada olmasa, sən burada otura bilməzsən, sən nə qanırsan ki, vətən, müstəqillik nədir. Bunu müharibədə ailəsini itirmiş, 1937-ci ilin qırğınlarını görən anam deyirdi, o qorxu nə olduğunu bilmirdi”.






Fikirlər