“PUTİN QARABAĞ Probleminin Həllində ÜMİDLİ Deyil” – ƏRDOGAN(Yenilənib)
“Məncə, bu, tərəflər arasındakı münasibətlərlə əlaqədardır” Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərinin yekunlarını şərh edib. APA-nın “star.com.tr”-ə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə edildiyini bildirib. “Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri – star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”, – deyə R.T.Ərdoğan qeyd edib. Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub. Noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılıb. Bu arada Rusiyanın “Kommersant” qəzeti də yazıb ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin yenidən nəzərəçarpacaq dərəcədə fəallaşsa da, sülh razılaşması hələ birmənalı şəkildə çox uzaqdır: “Hələlik isə tərəflər bir sıra işçi təklifləri, habelə onların mümkün keyfiyyət və zaman göstəricilərini müzakirə edirlər”-qəzet yazır. “Kommersant” bildirib ki, indiki işçi təkliflər Madrid prinsiplərinin modernizə edilmiş versiyasından ibarətdir. “Qarabağ məsələsi kürd və Yaxın Şərq münaqişələri kimi prinsipcə həlli mümkün olmayan münaqişədir”-bunu qəzetə açıqlamasında “Sivilzasiyalar dialoqu” İnstitutunun rəhbəri Aleksey Malaşenko deyir. “Biz hansısa ümumi yanaşmalar tapıb bunlar barədə danışa bilərik. Lakin Madrid prinsipləri Qarabağ məsələsinin necə həll edilməli olduğunu göstərir. Azərbaycan Qarabağın müstəqilliyini tanımaqdan nə qədər ki, imtina edir, heç bir həll mümkün deyil. Ermənistan isə öz növbəsində Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını qəbul etmir. Bununla belə Azərbaycan və Ermənistan bundan sonra da danışıqlar prosesi ilə oynayacaq, çünki bu, daxili konsolidasiya məsələsidir”-Malaşenko vurğulayıb. “Strateji kommunikasiyalar” Bürosunun direktor müavini Yevsey Vaslyev isə “Russia Today”a şərhində deyib ki, Lavrovun Bakıya və İrəvana səfərindən heç nə gözləmək lazım deyil. “Çünki Rusiya diplomatiyasının hazırkı səyləri status-kvonun saxlanılmasına yönəldilib, hansı ki, status-kvonu saxlamaq göründüyündən daha ağırdır”-o deyir.