TƏHSİL NAZİRİNİN MÜAVİNİ VERGİLƏRƏ GETDİ - Prezident sərəncamı YOXdur, amma…

metin-eynullayev

Azərbaycan Vergilər Nazirliyində yeni nazirin gəlişindən sonra yeni komandanın formalaşdırılması prosesi davam edir. Xəbər verdiyimiz kimi, yeni nazir Mikayıl Cabbarov artıq bir neçə təyinata imza atıb, Təhsil Nazirliyindəki komandasının bir neçə üzvünü Vergilər Nazirliyinə transfer edib. Məsələn, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər.

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub.

C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.

Təhsil Nazirliyindən Vergilər Nazirliyinə hələlik ən diqqətçəkən transfer isə dünən – dekabrın 29-da baş tutub. “AzPolitika.info”ya daxil olan məlumata görə, Təhsil nazirinin müavini Mətin Eynullayev dünəndən etibarən Vergilər Nazirliyində işə çıxmağa başlayıb. Maraqlıdır ki, Mətin Eynullayevin Təhsil nazirinin müavini vəzifəsindən azad olunması haqda Prezident sərəncamı hələ ki, elan olunmayıb. Lakin o, artıq Təhsil Nazirliyindəki fəaliyyətini dayandırıb və Vergilər Nazirliyində işə çıxır. Çox böyük ehtimalla, müvafiq sərəncam bayram günlərindən sonra elan olunacaq.

Mətin Eynullayevin Vergilər Nazirliyində hansı postu tutacağı haqda məlumat yoxdur. Lakin ehtimal ki, o, burda da nazir müavini olacaq.

metin-eynullayev

Mətin Eynullayev Təhsil nazirinin müavini vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu. Bunadək o, Təhsil Nazirliyinin Aparat rəhbəri postunu tuturdu.

M.Eynullayev uzun müddətdir ki, Mikayıl Cabbarovla birlikdə çalışır. Belə ki, Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda o, bu idarədə hüquqşünas və Aparat rəhbəri vəzifələrində çalışıb. Cabbarov 2013-cü ildə təhsil naziri təyin edildikdən sonra onu da nazirliyə dəvət edərək, Aparat rəhbəri postunu həvalə edib.

Bəzi məlumatlara görə, Mətin Eynullayev təhsil nazirinin tələbə yoldaşıdır.

AzPolitika.info

 
 






Fikirlər