Azərbaycana ünvanlanan sevgi dolu TƏBRİKLƏR
Publika.az xaricdə yaşayan həmvətənlərimizin qarşıdan gələn 2018-ci il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımıza təbriklərini təqdim edir.
Samirə Patser - Almaniya, Berlin. (Almaniya-Azərbaycan forumu çərçivəsində mədəniyyət sahəsinin rəhbəri və Avropa Əməkdaşlıq Forumunun sədri) "Həmvətənlərimi həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramı münasibətilə təbrik edirəm. Tale elə gətirib ki, təqvim ilinin dəyişməsi tarixinə bütün dünyada yaşayan soydaşlarımızın "Həmrəylik günü" də təsadüf edir. Bu da təsadüfi deyil. Çünki məhz bu tarix soydaşlarımızı rəmzi mənada birləşdirən, onların həmrəyliyini əks etdirən bayramdır. İlk illər bu bayramın əhəmiyyəti bizə tam agah olmasa da, zaman keçdikcə, ölkəmiz güclənib, nüfuzu artdıqca xaricdə yaşayan azərbaycanlılar "Həmrəylik günü"nün önəmini daha dərindən hiss edirlər. Diasporumuz hələ gəncdir, birgə daha çox pillələri qalxacağımıza ümid edirəm. Həmçinin, qarşıdan gələn 2018-ci ildə həmvətənlərimə ailə səadəti, sevinc dolu günlər, sülh və əminamanlıq arzu edirəm".
Mirvari Fətəliyeva - Fransa, Paris. (Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Paris Azərbaycan evinin rəhbəri) "Paris Azərbaycan Evi təşkilati adından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, dünyanın hər bir güşəsində yaşayan həmvətənlərimizə səadət və işlərində davamlı uğurlar arzulayıram! 2018-ci ilin xoş hadisələrlə zəngin olmasını, bəşəriyyətə əmin-amanlıq gətirməsini, Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşına, Demokratik Respublikaya layiq töhfələr verməsini, bütün azərbaycanlılara hər cəhətdən düşərli olmasını, mehriban dostluqlar, sevgi və xoşbəxtliklə dolu keçməsini diləyirəm! Sözdə deyil, əməldə həmrəy olmaları diləyi ilə "Həmrəylik günü"nüz və Yeni iliniz mübarək olsun!"
Lev Spivak- İsrail (“Azİz” İsrail, Azərbaycan beynəlxalq assosiasiyasının icraçı direktoru) "Əziz dostlar, “Azİs” assosiasiyasının bütün üzvləri adından sizi Yeni il və Azərbaycanlıların Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm. İsrail və Azərbaycan xalqına 2018-ci ildə sağlamlıq, xoş güzəran, sevinc və müvəffəqiyyətlər arzu edirəm. Qoy bu il Bakının və Qüdsün meydanlarını balacaların qəhqəhəsi, parklarda əyləşən ağsaqqalların, ağbirçəklərin səsləri bürüsün. Həm azərbaycanlılar, həm də yəhudilər bizim qəlbimizdədirlər. İki ölkəni bir-birindən ayıran kilometrlərə rəğmən arzularımız, amalımız da bir-birinə çox bənzəyir. Hər iki xalq öz mədəniyyətini, tarxi dəyərlərini qoruyub, yaşadır, qonaqpərvərdir. Ən əsası isə öz qonşuları ilə sülh və əminamanlıq içərisində yaşamaq istəyirlər. “Azİs”in fəaliyyət göstərdiyi illər ərzində ölkələrimiz arasında mədəni, ictimai-siyası əlaqələrin daha da möhkəmləndirilməsinin şahidi oluruq. Ümid edirik ki, "Odlar Yurdu” Qarabağ məsələsini də sülh yolu ilə həll edib, məcburi köçkünlərini tarixi torpağlarına qaytaracaq".
Billurə Bernard - Nigeriya, Laqos. (Azərbaycanın Dostları Təşkilatının sədri) "Nigeriyada fəaliyyət göstərən Azərbayanın Dostları Təşkilatı adından bütün Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni il bayramı münasibəti ilə ürəkdən təbrik edirik. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu gün ölkəmiz dünyada güclü müstəqil dövlət kimi tanınır. 2018-cı ildə uzaq Nigeriyadan xalqımıza bolluq, firavanlıq, əmin-amanlıq və ölkəmizin hər zaman inkişaf etməsini, çiçəklənməsini arzu edirik!"
Tofiq Məmmədov - Yeni Zellandiya, Oklend. (Azərbaycan Milli Cəmiyyətinin sədri) "Vətəndən nə qədər uzaqda yaşasaq da, həmvətənlərimizi, doğma Azərbaycanı unutmuruq. Xalqımıza 2018-ci ildə bütün sahələrdə bol-bol uğurlar arzulayıram. Hər kəsə uzun ömür, ən əsası, can sağlığı arzu edirəm. Çünki can sağlığı varsa, hər şey yoluna düşəcək. İnanıram ki, bundan sonra ölkəmiz daha da güclənəcək. Happy New Year!"