“Xəlil Rza Ulutürk hər belə sözə görə bizi 20 qəpik CƏRİMƏLƏYİRDİ”
Firudin Cəlilov: “Dilimizi rus sözlərindən bu cür təmizləyirdik” Bu gün Azərbaycanda çəkilən bir sıra serial və tamaşalarda rus dili ilə bağlı ifadələr yer alır, rus sözlərinə kifayət qədər çox müraciət edilir. Maraqlıdır, əlaqədar qurumlar bu cür halara qarşı mübarizə aparmalıdırmı? Azərbaycan tamaşaçı üçün çəkilən film və tamaşalarda rus sözlərindən istifadə Azərbaycan dilinə qarşı bir növ mədəni istila, mədəni təcavüz hesab edilə bilərmi? Moderator.az-a açıqlama verən sabiq təhsil naziri, professor Firdun Cəlilov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Son 150 ildə rus dili Qafqazda ümumi ünsiyət vasitəsi olub. Təbii ki bu durum Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların dilində iz buraxmalı idi. Yazı dilindən rus sözləri son illər təmizlənsə də, danışıq dilində hələ rus sözlərinə rast gəlmək olur və zaman aşamasında onların sayı azaır. Bu gün bədii ədəbiyatda, səhnə əsərlərində bəzi rus sözləri bədii vasitə kimi işlənirsə, bu normal haldır. Vaxtilə, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı da bu üsuldan istifadə edirdi. Ancaq günlək danışıqda, özəlliklə jurnalistikada buna yol vermək olmaz. 70-ci illərdə Xəlil Rza Ulutürk bunun üçün bir oyun qurmuşdu, gündəlik danışıqda söhbət vaxtı hansımız bir rus sözü işlətsəydik 20 qəpik cərimə verirdik, bu yolla dilimizi rus sözlərindən təmizləyirdik, yığılan pul da çayçıya verilirdi...”