Ramil Usubov Bakı polisində – FOTOLAR
“Hər bir əməkdaş etik davranış qaydalarına ciddi riayət etməlidir” Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müşavirəni giriş sözü ilə açan nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, uğurla davam etdirilən hüquq-mühafizə siyasəti, Nazirlik tərəfindən bununla əlaqədar icraya yönəldilən əmr və göstərişlər hesabat dövründə paytaxt polisinin fəaliyyətinə də öz müsbət təsirini göstərib. Ötən il Bakı şəhəri və onun ayrı-ayrı rayonları üzrə əməliyyat şəraitinin kompleks təhlil edildiyi, cinayətkarlığın dinamikasında əsas təmayüllər, neqativ proseslər və dəyişikliklər öyrənilməklə qarşılıqlı əlaqələrin təkmilləşdirildiyi, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflərin hazırlanaraq icra edildiyi diqqətə çatdırılıb. Daxili işlər naziri çoxsaylı beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlər zamanı asayişin mühafizəsinin daha da gücləndirilərək mümkün təxribat hallarının qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlərin görüldüyünü xüsusi vurğulayıb. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovhesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər istiqamətlərində həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə edib. Cinayətlərin 80, onun ağır növlərinin 78,7, qeyri-aşkar şəraitdə baş verənlərin 69,7, şəxsiyyət əleyhinə olan cinayətlərin 94,4, o cümlədən qəsdən adam öldürmələrin 92,9, adam öldürməyə cəhdlərin 96,9, qəsdən sağlamlığa ağır zərər vurmaların 90,2, adam oğurluqlarının 80 faizinin açılması təmin olunub. Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olduğunu deyən polis general-mayoru M.Seyidov tədbir iştirakçılarıının nəzərinə çatdırıb ki, baş idarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5.301 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 316 bağlı cinayət açılıb. Həmçinin o da qeyd olunub ki, təqsirləndirilən şəxs qismində axtarışda olanların 73,7, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 55,1 faizi tutulub. Narkotiklərlə bağlı aşkar edilmiş 802 fakt üzrə qanunsuz dövriyyədən 272 kiloqramdan çox narkotik vasitə çıxarılıb. 2016-cı illə müqayisədə paytaxtda yol-nəqliyyat hadisələrinin sayı 5,6 faiz, xəsarət alanların sayı isə 20 faiz azalıb, habelə avtoxuliqanlıq edən 92 sürücü barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib. Baş idarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlara da toxunaraq onların aradan qaldırılması üçün görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Məruzə ətrafında çıxış edən aidiyyatı xidmət və rayon polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrdən, həmçinin nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar. Ramil Usubov baş idarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat-profilaktik işin səmərəliyinin artırılmasını, сinayətlərin qarşısının alınmasında, bağlı qalmış сinayətlərin açılmasında ərazi polis orqanlarına əməli köməklik göstərilməsini, paytaxt üzrə qeydə alınmış cinayətlərin əksəriyyətinin mülkiyyət əleyhinə olması baxımından gələcəkdə bu sahədə daha effektli tədbirlərin görülməsini, narkotik vasitələrin, xüsusən onların güclü təsirə malik növlərinin qeyri-leqal dövriyyədən daha çox çıxarılması üçün əməliyyat tədbirlərinin gücləndirilməsini tələb edib. General-polkovnik R.Usubov əmin olduğunu bildirib ki, paytaxtın polis orqanlarının şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin ictimai-siyasi, mədəni və idman həyatında mühüm hadisələrlə, beynəlxalq əhəmiyyətli yarışlarla, kütləvi tədbirlərlə, əlamətdar bayramlarla zəngin olacaq bu il də Bakı şəhərində təhlükəsizliyin, əmin-amanlığın yüksək səviyyədə qorunmasına öz töhfəsini verəcək.
Bildirilib ki, əvvəlki illə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 6, qəsdən adam öldürmə cinayətləri 4,8, soyğunçuluqlar 10, quldurluqlar 16, dələduzluqlar 3,4, avtonəqliyyatın qaçırılması 6,3, xuliqanlıq cinayəti isə 12,2 faiz azalıb.
Məruzədə vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işinin il ərzində ciddi nəzarətdə saxlanıldığı, 74.283 ərizə və müraciətin daxil olduğu, 1.915 vətəndaşın qəbul edildiyi bildirilib.
Müşavirəyə yekun vuran nazir 2017-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.
Nazir tələb edib ki, hər bir əməkdaş şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini, vəzifə borcunu daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, öz fəaliyyətlərində başlıca məqsəd kimi vətəndaş məmnunluğunu təmin etməlidir.