Uçuruma gedən RUSİYA Ermənistanı da özü ilə APARIR – Ağ Ev YEREVANI da nişan alıb

ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı hazırladığı “Kreml hesabatı” rəsmi Moskvanın bütün iqtisadi-siyasi elitasını əhatə edir.

 Bu siyahıda sadəcə Rusiya prezidenti Vladimir Putinin və ona az yaxın olanların adları yoxdur. Rusiyanın baş naziri Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov da siyahıya daxil edilib.

Bu sənədin tam detalları açıqlanmayıb, lakin bəllidir ki, məqsəd Rusiyanı siyasi proseslərə təsirdən maksimum kənarlaşdırmaq, iqtisadi rıçaqlarını əlindən almaqdır.

Ötən gün Rusiya prezidenti Vladimir Putin bu sənədlə bağlı fikrini bildirib. O deyib ki, bu addım onsuz da mürəkkəb vəziyyətdə olan Rusiya-ABŞ münasibətlərini daha da çətinləşdirir, ümumilikdə, beynəlxalq münasibətlərə böyük zərər vurur.

“Baxın, görün, nə axmaqlıq baş verir. Rusiyanı Şimali Koreya və İranla bir sıraya qoyurlar, eyni zamanda bizdən xahiş edirlər ki, Şimali Koreyanın nüvə probleminin həllində iştirak edək. Bu, bəyəm axmaqlıq deyil? Gizlətməyəcəm, biz bu siyahını gözləyirdik. Cavab tədbirləri görməyə də hazır idik. Bunlar münasibətlərimizi sıfıra endirə biləcək tədbirlərdi. Lakin biz əks addımlar atmaqdan hələlik özümüzü saxlayırıq"-deyə Putin qeyd edib.

Amerikanın bu sənədi Rusiyanın hakim elitası və Kremlə yaxın oliqarxlar, aktivistlər, biznesmenlər üçün sarı kartdır.

Ağ Evin Moskvaya qarşı atdığı addımların radiusu bununla məhdudlaşmır. “Kreml hesabatı” ilə paralel olaraq Amerikanın Rusiya hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar qüvvəyə minib 

Ötən gündən etibarən Rusiyanın hərbi sənayesinə daxil olan şirkətlərlə müqavilə imzalayacaq şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edilməyə başlanılıb.

Məlumatlara görə, sanksiyalar 2017-ci ilin yayında qəbul edilən “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” qanun əsasında tətbiq ediləcək.

Lakin Amerika Rusiya hərbi sənayesi ilə əməkdaşlıq edən başqa ölkələrin də sanksiya siyahısına daxil edilməsini ləngidib. Ağ Ev mövqeyini belə əsaslandırıb ki, hələlik buna ehtiyac yoxdur. 

İstənilən halda Rusiyanın hərbi sənayesinə qarşı tətbiq edilən sanksiyalardan birbaşa olaraq Kremlin hərbi müttəfiqləri əziyyət çəkməsələr də, dolayısı ilə onlara da təsirlər olacaq.

Nəzərə alsaq ki, Rusiyanın regionda bir nömrəli müttəfiqi Ermənistandır, o zaman rəsmi Yerevan üçün heç də xoş olmayan sürprizlər gözlənilir. Çünki Ermənistanın əsas silah tədarükçüsü Rusiyadır. 

Hələ sırf Rusiya şirkətlərinə tətbiq edilən bu siyahının təsir dairəsi genişləndirilməmiş Ermənistan mətbuatı həyəcan təbili çalır. Bildirilir ki, onsuz da, Ermənistan hazırkı durumda da əziyyət çəkəcək – hələ gələcəkdə Rusiya hərbi-sənaye şirkətləri ilə əməkdaşlıq edənlərin bu siyahıya salınması ehtimalı da var. Bu isə Ermənistanın bir dövlət kimi iflası olardı.

Bu, yeni siyasi-iqtisadi münasibətlər kontekstində yaranan problemlər qrupudur və Ermənistan üçün “xərçəng şişi”dir. Bu “şiş”in metastaz verməsi üçünsə səbəblər çoxdur, hər an Yerevan sürprizlərlə qarşılaşa bilər.

Üstəgəl, “Kreml hesabatı”na görə də Ermənistan mediası artıq bədbin notlar üzərinə köklənib. Ermənistanın analitik 1in.am portalı yazıb ki, “Kreml siyahısı”nın Ermənistan üçün bilavasitə təsirləri var. Çünki bu siyahıya Rusiyada fəaliyyət göstərən erməni biznesmenlər, bu azmış kimi Ermənistan iqtisadi-siyasi həyatında nüfuz sahibi olan şəxslər də daxil edilib. Misal üçün, milyarder Samvel Karapetyan, iş adamı Kamo Avaqumyan.

Yəni Ermənistan bu insanlar vasitəsi ilə cəzanın hədəfinə gəlir. Həqiqətən də Ermənistan üçün çox təhlükəli bir vəziyyət yaranır, çünki Ermənistanın iqtisadiyyatda taleyi, kapitalının formalaşması bu insanların davranışlarından asılıdır.

Dilemma qarşısında qalan Ermənistan isə Karapetyan və Avaqumyandan yalnız bir xahiş edə bilər – Putinlə əlaqələrin kəsilməsi. Bunu isə etmək Yerevan üçün olduqca çətindir, çünki özü də Rusiyanın birbaşa təsir dairəsindədir.

Rusiyanın hərbi-sənaye şirkətlərinə tətbiq edilən sanksiyalardan isə onsuz da Ermənistan itirir. Ermənistan mətbuatı isə Ermənistanın acizliyini etiraf edərək yazır:

“Ermənistan Rusiyadan silah almayacaqsa, Azərbaycana qarşı necə müqavimət göstərəcək”. Bu cümlədə illərin siyasi münasibətlərini özündə ehtiva edən məqamlar çoxdur. Bu həm ona işarədir ki, Rusiya olmasa, Ermənistan Qarabağ cəbhəsində məhv edilər.

Üstəgəl, Ermənistan mətbuatı Azərbaycanın hərbi əməkdaşlığı genişləndirməsini və bundan qazandığını etiraf edir. Çünki Azərbaycana silah təkcə Rusiyadan yox, İsrail, Türkiyə, Pakistan, Çexiya, Belarus və Ukraynadan da silah alır. Yəni, Azərbaycan üçün alternativ bazarlar çoxdur.  

Ermənistanın isə alternativ imkanları yox dərəcəsindədir, üstəgəl ölkədə Rusiyanın hərbi bazası mövcuddur.






Fikirlər