Azərbaycanın “HƏCC rekordçuları” bu il də durmayacaqlar: “Artıq SAYI-HESABI da itirmişəm”

Azərbaycanın “Həcc rekordçuları” bu il də durmayacaqlar

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu gündən Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulub. Bir nəfərlik ziyarət paketinin qiyməti 4150 ABŞ dolları təşkil edir.

Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Son illər Azərbaycandan olan bəzi zəvvarlar fasilə vermədən - dalbadal Həcc ziyarətinə gedirlər. Hətta Həcc ziyarəti üçün müəyyənləşdirilən qiymətin yüksək olması belə, həmin zəvvarları durdura bilməyib.

Maraqlıdır, bəs bu il ziyarət paketinin qiymətinin daha da yüksəlməsi Həcc rekordu qıran zəvvarların səfər etməsinə mane olmayacaq ki?

Modern.az saytı Azərbaycandakı “Həcc rekordçuları” ilə əlaqə saxlayıb.

“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bu il də Həcc ziyarətinə gedəcəyini bildirib. 

Allahın köməkliyi ilə bu il də Həcc ziyarətinə gedəcəm. Həcc ziyarəti elə bir xoş əməldir ki, bu yolu getmək sevgi işidir. Budəfəki Həcc ziyarətim sayca 29-cu olacaq”.

Hacı Əbdül ziyarətə yenə tək getməyəcəyini bildirib.

İnşallah, bu il də qismət olsa, Həcc ziyarətinə oğlum və adaşım Hacı Əbdüllə gedəcəyəm. Bilirsiniz ki, oğlum 5 yaşında Hacı olub. Allahın köməkliyilə bu il o, 3-cü dəfə ziyarətə gedəcək”.

 Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, keçmiş deputat Hacı Qalib Salahzadə də bu il Həcc ziyarətinə yollanacaq.

Bu il Həcc ziyarətinə gedəcəm. Bu ziyarətim sayca isə neçənci dəfə olacaq, yadımdan çıxıb. Onu bilirəm ki, çox getmişəm”.

Hacı Qalib ötən il Modern.az-a 28 dəfə Həcc ziyarətində olduğunu söyləmişdi.

 






Fikirlər