QARABAGla bağlı 3 ssenari – RUSİYA “VALI” çevirir
İrəvanın “iki stul”da oturmaq siyasəti dəngəni dəyişir; Ermənistanda prezident dəyişikliyinə şimaldan ilginc reaksiyalar; rusiyalı tanınmış politoloq: “Ermənilər növbəti dəfə Rusiyanı satdılar, nəticəsi o olacaq ki...” İşğalçı Ermənistanda martın 2-də, parlamentdə baş tutmuş növbəti prezident seçkisi ətrafında müzakirələr davam edir. Bəllidir ki, səsvermə nəticəsində Böyük Britaniyada səfir işləmiş və imkanlı iş adamı, hakim Respublikaçılar Partiyasının namizədi Armen Sərkisyan 10 səsə qarşı 90 səslə, alternativsiz prezident seçilib. Ən maraqlı məqamlardan biri isə onun ikili vətəndaşlıq daşımasıdır. Daha doğrusu, namizədliyi verilən ərəfədə Ermənistan vətəndaşlığını qəbul eləməsidir. Çünki Ermənistan konstitusiyası ikili vətəndaşlığa icazə vermir. Bundan başqa, yeni prezidenti Qərbə bağlı şəxs kimi təqdim edənlər az deyil. Yəni belə qənaət hasil olur ki, Ermənistandakı hakim rejim əslində bununla Qərbə növbəti reverans edib. “Yeni Müsavat” xatırladır ki, az öncə - keçən ilin noyabrında Ermənistan Avropa Birliyi (AB) ilə tərəfdaşlıq sazişi imzalamaqla Rusiyada qıcıq yaratmışdı. Bundan qabaq isə İrəvanda faşist əlaltısı Qaregin Njdeyə abidə ucaltmaqla işğalçı ölkə Rusiyanın qınağına tuş gəlmişdi. Hətta məsələyə Rusiya XİN-i etiraz bildirərək, hadisəni qəbuledilməz adlandırmışdı. “Rusiya nasizm təzahürlərinin qəhrəmanlıq kimi qələmə verilməsinə qarşıdır. Biz ermənilərin Böyük Vətən müharibəsindəki şücaəti haqda bilirik, ona görə belə bir heykəlin İrəvanda niyə qoyulmasını anlamırıq”. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova belə demişdi. Lakin Njdenin abidəsi bu gün də yerində durur. *****
Qayıdaq İrəvanın Qərbə seçki reveransına. İşğalçı ölkədə son prezident seçki formal xarakter daşısa da, - yeni prezidentin səlahiyyətləri sələflərindən fərqli olaraq, məhdud olacaq, - prosesin özü və onun mümkün nəticələri indi ən müxtəlif rakurslardan, o cümlədən Qərb-Rusiya qarşıdurması və Qarabağ kontekstində təhlil edilməkdədir. Məsələn, parlamentin müxalifət yönlü “Yelk” (“Çıxış”) blokunun üzvü Nikol Paşinyana görə, Armen Sərkisyan ölkənin prezidenti yox, hakim mafiyanın üzvü seçilib.
Onun sözlərinə görə, Armen Sərkisyan da bundan sonra hakim partiyaya müqavimət göstərməyəcək. “Ermənistan konstitusiyası Ermənistan vətəndaşının başqa ölkənin vətəndaşı olmasını qadağan edir. Əgər Armen Sərkisyan 2002-ci ildə Britaniya vətəndaşlığı alıbsa, o zaman Ermənistan vətəndaşlığından imtina etmiş sayılır. Bəs bu adam necə prezident seçilib? O, sadəcə, hakim rejimə bağlıdır və ondan asılıdır”, - deyə erməni deputat vurğulayıb. *****
Öz növbəsində rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov İngiltərədəki səfirin Ermənistan prezidenti təyin edilməsinin Rusiyanın təhlülkəsizliyi baxımından Moskvaya əlavə problemlər yaradacağını söyləyib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “İnterfaks-Azerbaydjan” agentliyinə müsahibəsində deyib. “Ermənistan Avropa Birliyi ilə assosiasiya sazişi imzalayanda Rusiya siyasi elitası real olaraq şok keçirdi. Böyük Britaniyadakı sabiq səfirin Ermənistan prezidenti seçilməsi isə Rusiya üçün ”ikinci şillə" oldu", - deyə o qeyd edib. Politoloqun sözlərinə görə, qəfildən Ermənistan vətəndaşlığını qəbul eləmiş şəxsin, ola bilsin hətta xarici vətəndaşın prezident seçilməsi onu göstərir ki, Rusiya buna hazır olmayıb və böyük ehtimalla, İrəvanın Rusiya əleyhinə apardığı Avrointeqrasiya siyasətinin davamıdır: “Yumşaq desək, Rusiyanın Qafqaza yönəlik xarici siyasəti tam fiaskoya uğrayıb və Ermənilər növbəti dəfə Rusiyanı satıblar. Mən əminəm ki, Ermənistanın xarici siyasət kursunu Rusiyadan Qərbə dəyişməsi Kreml üçün təhlükəsizlik planında böyük problem yaradır. Məsələ ondadır ki, bizim Ermənistanla kollektiv hərbi qruplaşma barədə anlaşmamız var. Buradan çıxış edərək söyləmək olar ki, Rusiya üçün ciddi təhlükə yaranır. Yəni hansısa gizli şeyləri Ermənistan Qərbə ötürəcək. Heç bir zəmanət yoxdur ki, Rusiya Silahlı Qüvvələri ilə Ermənistan qüvvələri arasında mövcud olan ”özününkü-yad" kodları (Radiolokasiya tanıtma sistemi - red.) Qərbin əlinə keçməyəcək və bu kodlar altında Rusiya Federasiyası üzərində icazəsiz uçuşlar həyata keçirilməyəcək". Ekspert mövcud vəziyyətdə hadisələrin üç mümkün inkişaf variantını ehtimal edir: “Birinci variant Rusiyanın Cənubi Qafqaz siyasətinin iflas olmasıdır. Bundan sonra Moskva hansısa sanksiyalar tətbiq edir və hansısa formada reaksiya veririk. İkinci variant: etiraf edirik ki, bu, bizim regionda xarici siyasət uğursuzluğumuzdur və heç bir reaksiya vermirik. Üçüncü variant: baş verənlər Rusiyanın Ermənistana münasibətdə məqsədli şəkildə yürütdüyü siyasətin nəticəsidir. Əgər birinci variantdan çıxış eləsək, o zaman biz Azərbaycanın işğal altındakı ərazilərlə bağlı atacağı istənilən addımı bəyənməliyik. İkinci variantdırsa, o zaman Qarabağ nizamlanmasına dair danışıqlar davam etməlidir. Üçüncü variantda isə Azərbaycan üçün Dağlıq Qarabağ konflikti kontekstində heç nə vəd olunmur”.
Öz növbəsində digər tanınmış rusiyalı politoloq Sergey Markov bu qənaətdədir ki, Armen Sərkisyan kimi bir adamın Ermənistanda prezident postuna gətirilməsi erməni lobbisinin rəsmi İrəvana təsirini gücləndirə bilər. “Yeni Müsavat”ın məlumatına görə politoloq deyib: “Dağlıq Qarabağ məsələsində diaspora bir qayda olaraq, Ermənistan əhalisindən daha radikal mövqe tutur. Bu da perspektivdə Ermənistanın Qarabağla bağlı kursunun daha sərtləşməsinə gətirə bilər. Ancaq bu, ehtimaldır”, - deyə Sergey Markov əlavə edib. ***** Göründüyü kimi, İrəvanın “iki stul”da oturmaq siyasəti getdikcə daha qabarıq çalar almaqdadır. Daha dəqiqi, bu siyasət Qərbin xeyrinə reveranslarla zənginləşməkdədir. Rəsmi Kremlin buna reaksiyasını yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Ən azı ona görə ki, Ermənistan Güney Qafqazda Rusiyanın əsas hərbi qalası və bölgədəki “gözüdür”...