Kəşfiyyat düşmən ölkəyə girdi: Putin İrəvana ordu yeridə bilər - Ermənistanda SİYASİ DÖYÜŞ

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatıb.

Bu barədə erməni politoloq, şərqşünas Karine Qevorqyan deyib.Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır, əvəzində Qərb onun yerini doldurur: “Ermənistanda bir çox fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edir. Bu halda Amerikadakı erməni icmasının da rolu böyükdür. Bu gün Ermənistan Maydan dövrünün Ukraynasını xatırladır”.

Yaranmış bu vəziyyət Rusiyanı narahat edir, xüsusilə erməni hərbi birləşmələrinin NATO-nun Gürcüstanda keçirdiyi sonuncu təlimlərə qatılması vəziyyətin ağırlığından xəbər verir. Bir sıra ekspertlər Qərbin Ermənistanda aktivliyini kəsmək üçün Rusiyanın müxtəlif formalarda, hətta hərbi yolla bu ölkəyə müdaxilə edə biləcəyini düşünür.

Rusiyalı politoloq Nikita İsayevin fikrincə, Ermənistanda əsas rusiyayönümlü siyasətçi prezident Serj Sarkisyandır:

“Onun aşağı reytinqinin olması da məzh rusiyayönümlü olması ilə əlaqədardır. Ötən ilin yayında Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi 82 faiz idi. Parlament seçkilərindən sonra isə erməni ictimaiyyəti hakimiyyətdən Qərbə istiqamətlənən siyasət aparmağı tələb edir. Bu gün Ermənistanda hakimiyyətin bütün institutları hərfən də olsa, parlamentə keçib, bu da Rusiyaya münasibətə təsir edir. Avropa İttifaqına inteqrasiya, NATO ilə hərbi əlaqələr və s. Ermənistan hakimiyyətindən bu tələb olunur”.
N.İsayev hesab edir ki, erməni KİV-i də problemi ağırlaşdırır: “Faktiki olaraq, bu ölkədə rusiyayönümlü olan yeganə media orqanı “Sputnik Armenia”dır. Bir qədər də “News Armenia” seçilir. Yerdə qalanların əksəriyyəti qərbyönümlü mövqe tutur, çox az hissəsi isə neytraldır. Burada Qərb xüsusi xidmət orqanlarının, ilk növbədə ingilis, fransız və amerikalı kəşfiyyatçıların rolu da böyükdür. Qərb kəşfiyyatı Ermənistanda Rusiyadan daha fəal işləyir və nəticə əldə edirlər. Mən qorxuram ki, bu proseslərin nəticəsi olaraq biz təkcə Ermənistanı itirmirik, həm də 2-3 il sonra onun timsalında yeni düşmən qazana bilərik”.
Rusiyalı politoloq qeyd edib ki, bu vəziyyət Moskvanın Cənubi Qafqazda sonuncu qalasını itirməsi deməkdir.
“Görünən budur ki, hər şey belə davam edərsə, yaxın dövrdə Rusiya Ermənistanda NATO ilə rəqabətə girəcək. Biz bunun qarşısını almaq üçün iqtisadi sferada və KİV sahəsində yeni addımlar atmalıyıq”, - deyə o bildirib.
Siyasi Tədqiqatlar İnstitutunun direktoru, rusiyalı politoloq Serqey Markov da hesab edir ki, Ermənistan Ukraynanın yolunu gedir:

“Ermənistan hakimiyyəti də anti-Rusiya kampaniyasına lazımi reaksiya vermir. Ermənistan artıq Ukraynanın yolu ilə gedir. Bu, Rusiya üçün ciddi risklər vəd edir. Hər hansı Maydan tipli hadisələr erməni hakimiyyətinə Qərbə üz tutmağa əsas yarada bilər və Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər. Ermənistan Rusiyaya qarşı potensial düşmən ola bilər. Necə ki, Ukrayna, Baltikyanı ölkələr, yaxud Modova oldu, ermənilər də buna gedə bilərlər. Hər şey hökumətlərdən asılıdır. Bu baxımdan, İrəvan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsinə qarşı nəsə etməlidir”.
Hər iki rus politoloqun Kremlə yaxınlığı onların səsləndirdiyi fikirləri əslində, Rusiyanın Ermənistana xəbərdarlığı kimi də qəbul etmək olar. Bunun reallığını qəbul etsək, hesab etmək olar ki, Rusiya yaxın dövrdə Ermənistana ciddi müdaxilə edə bilər, yaxud anti-Rusiya kampaniyasının qarşısını alması üçün Sarkisyana qulaqburması verə bilər. (Publika.az)






Fikirlər