Petrosyan Qarabağı Bakıya vermək istəyir - POQOSYAN
Ermənistanda parlamentli idarəetmə formasına keçid bütün istiqamətdə parçalanmalara səbəb olacaq. Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində rusiyayönlü erməni ekspert Vladimir Poqosyan söyləyib. “Bu, xüsusilə, cəmiyyətdə maksimum qarşıdurmaya gətirib çıxaracaq. Ölkəni parlament yox, Prezident Aparatı idarə edəcək. Yeni idarəetmə forması artıq dövlət institutlarını məhv etməyə başlayıb. Bu alqoritm Ermənistan üçün yararlı deyil. Müharibə vəziyyətində olduğumuz zaman prezident hakimiyyətini zəiflədib, parlamentli idarəetmə sisteminə keçmək olmaz. Birincisi, İrəvan regiondakı situasiyanı nəzərə almır. Azərbaycan və Türkiyə bizdən fərqli olaraq müharibə şəraitində olduqlarını görüb, hakimiyyəti gücləndirdilər. Başqa cür ola da bilməz. İkincisi isə geosiyasi hədəflərlə yanaşı, ölkənin milli maraqları da var. Ermənistan həm də 11 milyon erməninin evidir. Bu gün Ermənistanın məhv edilməsi üçün oyun aparılır. Ermənistan Prezidenti Serj Sərkisyan hakimiyyəti zəiflədib. Artıq hakim partiyadan bir sıra insanlar onun seçkilərdə qələbə qazandıqdan sonra hakimiyyəti bir ildən çox əlində saxlaya bilməyəcəyini deyirlər. 2018-ci ildə Ermənistan yekun şəkildə dövlət institutlarının idarəedilməsi sisteminin parçalanmasını müşahidə edəcək. Olacaqlar artıq indidən görünür”, – o söyləyib. Poqosyan Sərkisyanın Rusiyanı qorxutmaq istədiyini bildirib: “Parlamentli idarəetmə yalnız inkişaf etmiş çoxpartiyalı sistemdə mövcuddur. Bu isə Ermənistanda mövcud deyil. Partiyaların əsas oyunçuları Prezident Aparatı tərəfindən nəzarətdə saxlanılırlar. Burada təmsil olunan qüvvələr ABŞ, Avropa və Rusiyanın təsir dairəsində olacaqlar. Rusiyayönlü güclər azlıqda qalacaqlar. Bu, Qərbə Ermənistanda bütün mümkün olan ssenarilərini reallaşdırmağa imkan verəcək. Bu reformlar təkcə Ermənistan yox, həm də Rusiyanın ayağının altına mina qoyur. Ermənistanda Rusiya əleyhinə oyunlar yeni mərhələyə girir. Hökumət süni antirusiya strukturları yaradır. Bu qruplar parlamentə daxil olacaq və hökumətlə yanaşı, onun Rusiya ilə münasibətlərinin də əleyhinə çıxacaqlar. Bu, həm də Moskvaya qarşı qorxu vasitəsidir. İrəvan göstərəcək ki, yalnız hakim partiya Ermənistanı rusiyayönlü mövqedə tuta bilər. Biz bu gün görürük ki, kim kimi maliyyələşdirir. Ən qəribəsi də odur ki, Levon Ter-Petrosyan gözlənilmədən rusiyayönlü mövqe tutub. Onun rəhbərlik etdiyi Erməni Milli Konqresi isə Qarabağın Azərbaycana verilməsini, soyqırımın tanınmasından imtinanı və Türkiyə ilə yaxınlaşmanı təklif edir. Bütün bunlar nə zamansa Petrosyana qarşı istifadə ediləcək”.