Moskvadan İrəvana növbəti hədə - “Qarabağı itirərsiniz, əgər...”

Moskvadan İrəvana növbəti hədə - “Qarabağı itirərsiniz, əgər...”

Rusiyanın öz forpostundan narazılığı güclənir – səbəb...; İşğalçı ölkənin Rusiya və ABŞ arasında ikibaşlı oyunu, “iki stulda” oturmaq taktikası və Qərbə boylanmalar ona baha başa gələ bilər; moskvalı ekspertdən erməni siyasi elitasına çağırış: “Qərb institutlarını ərazinizdən qovun, yoxsa...” 

 

Ermənistanla Rusiyanın münasibətləri əslində göründüyü kimi, əsl müttəfiqlik münasibətləri deyil, hərgah, tərəflər rəsmi səviyyədə bunun məhz belə olduğunu göstərməyə çalışır. Ələlxüsus da 4 günlük aprel müharibəsindən sonra erməni toplumunda və siyasi dairələrində Moskvaya qarşı aşkar etimadsızlıq ovqatı hökm sürməkdədir - hərçənd Ermənistan adlı saxta dövlətin formal mövcudluğu bütünlüklə Rusiyanın hesabınadır. Ermənistandakı anti-Rusiya ovqatının bir təzahürü də Qərbə yönəlik siyasi reveransların artmasıdır.
Bu arada Rusiyanın Avrasiya İqtisadi Birliyi institutunun direktoru Vladimir Lepexin Ermənistanı öz ərazisində Qərb institutlarının fəaliyyətini dayandırmağa və yerli QHT-lərin Qərbdən maliyyələşməsinin qarşısını almağa çağırıb. Virtualaz.org xəbər verir ki, ekspert əks halda Ermənistanın ağır nəticələrlə üzləşəcəyini, o cümlədən “Dağlıq Qarabağı itirəcəyini” deyib.
Lepexin “Novosti Armeniya” agentliyinə müsahibəsində deyib ki, Rusiya Ermənistanda informasiya müharibəsini Qərbə uduzur. Çünki Qərb təşkilatları Ermənistanda informasiya təbliğatına böyük pullar xərcləyirlər. Rusiya isə bu vəziyyətdən narahatdır, ancaq hazırda təbliğata xərcləməyə pulu yoxdur. “Qərb hücum siyasəti aparır, aqressiv hərəkət edir və böyük pullar xərcləyir. Bütün strukturları ancaq bir məqsədə xidmət edir-mədəni assimilyasiyaya” - rusiyalı ekspert deyib.
 
Image result for Lepexin
Politoloqun sözlərinə görə, Ermənistan bu siyasətə boyun əysə, nəticələri çox fəlakətli olacaq. “Xüsusən də bu, Ermənistan üçün Dağlıq Qarabağın əldən verilməsi ilə nəticələnəcək. Mən hələ vətəndaş müharibəsini, Ermənistan ərazilərinin bir hissəsinin tutulmasını demirəm” - Lepexin bildirib. Rusiyalı ekspertə görə, vəziyyətdən çıxış yolu budur ki, Ermənistan Qərb institutlarının fəaliyyətini dayandırsın, onların nüfuz agentlərinin işinə son versin. Hansı ki, Lepexinə görə Rusiya artıq bunu edib.
***
Image result for April Garabagh war
Yada salaq ki, bənzər xəbərdarlıq və hədələrlə zaman-zaman Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloqlar - Sergey Markov və Avrasiya Hərəkatı ideyasının müəllifi və eyni adlı qurumun sədri, Dövlət Duması spikerinin məsləhətçisi Aleksandr Duqin də çıxış edirlər. 
Məsələn, İrəvanın mərkəzində ermənilərin 2-ci Dünya müharibəsinin qəhrəmanı saydıqları, faşistlərlə əməkdaşlıq etmiş, Moskvanın isə hərbi cani hesab elədiyi general Qaregin Njdeyə abidə ucaldılmasına münasibət bildirərkən bu faktı “dəhşətli” adlandıraraq demişdi: “Belə bir abidənin açılması sübut edir ki, erməni cəmiyyətində Rusiya əleyhinə köklənmiş güclü qüvvələr var. İrəvanın bu cür davranışı bütün məqbul formatları (hədləri-red.) aşmaq deməkdir və Rusiyanın qətiyyətli reaksiyasına səbəb olmalıdır”.
Image result for April Garabagh war
Ötən həftə isə onun başqa bir müsahibəsində belə bir hədələyici ifadə yer almışdı: “İrəvan gərək unutmasın ki, müxtəlif qəbildən bu kimi diplomatik addımlar günün birində kəsilə bilər ki, onun ardınca da Ermənistana qarşı sanksiyalar işə düşəcək. Məlumdur ki, Rusiya, Avropa Birliyi, ABŞ Ermənistana böyük həcmdə iqtisadi yardım göstərir. İstisna deyil ki, onlar bu köməyi tədricən azaldaraq, Ermənistanın ciddi danışıqlar masası arxasında əyləşməsi üçün onun rəhbərliyinə təzyiq etsinlər. Əgər nə bu, nə də başqa təsirlər nəticəsiz olsa, o zaman ”aprel" təkrarlana bilər".  
Image result for Aleksandr Duqin
Duqin isə Ermənistan KİV-lərindən birinə açıqlamasında hədələyici tonda bildirmişdi ki, Ermənistan Qafqaz ölkəsi kimi yalnız Avrasiya məkanına mənsubdur və Rusiya onun başqa geosiyasi məkana keçməsinə imkan verməyəcək. Sitat: “Ermənistan ənənəvi olaraq Avrasiya geosiyasi xəritəsində yer alıb. Ona görə də onun yeri Avrasiyadır, ayrı yeri sadəcə, yoxdur. Ya o, Avrasiya ölkəsi olacaq, ya da ümumiyyətlə, mövcud olmayacaq. Hər bir erməni də avrasiyalı olmalıdır. Başqa variant mümkün deyil. Erməni siyasətçilərinin vəzifəsi odur ki, hazırda mövcud olanı qoruyub saxlasınlar. Ermənistanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü onun mövcudluq şərtidir. Mən İrəvanda tez-tez oluram və görürəm ki, hətta erməni ziyalıları arasında da belə dəqiq yanaşması olanlar yoxdur. Bu isə prosesi ləngidir”. 
Image result for Erevan
Duqin o zaman daha sonra verdiyi açıqlamada bir daha xüsusi vurğu ilə bəyan eləmişdi ki, Ermənistanın mövcudluğunun əsas qarantı Rusiyadır. “Ermənistanın mövcud olması üçün Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalması vacibdir. Çünki bunun əksi mövcudluğun aradan qalxmasıdır. Mən Ermənistan deyəndə Dağlıq Qarabağı da nəzərdə tuturam. Əgər hansısa ultimatum vermək cəhdlərində bulunularsa, o zaman Ermənistanın varlığı məsələsi qoyulacaq”, - deyə Kremlin “danışan dili” İrəvanı kifayət qədər sərt ritorika ilə, açıqca hədələmişdi. 
***
Cırtdan Ermənistan isə Rusiyanın forpostu ola-ola, həqiqətən Qərblə, onun aparıcı siyasi və hərbi blokları ilə də altdan-altdan münasibətlər qurmağa, necə deyərlər, “iki stul”da oturmağa can atır. Rəsmi İrəvanın yaxınlarda Avropa Birliyi ilə yeni əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşması bu qəbildəndir. Ötən yay İrəvanda polis binasını ələ keçirən və prezident Sərkisyana ultimatum verən radikal qrupa isə həm qərbyönlü yerli KİV-ləri və ekspert dairələrinin, həm də çox maraqlıdır ki, Ermənistandakı ABŞ səfirliyinin rəğbəti üzə çıxmışdı.    
Rusiyada təbii ki, işğalçı ölkənin Qərbə bu kimi reveranslarını xüsusi diqqətlə izləyir. Çünki Ermənistan Güney Qafqazda Rusiyanın legitim hərbi bazalarının mövcud olduğu yeganə ölkədir. Regionda Kremlin əsas hərbi istinadgahıdır. 
Bölgədə, qonşu Gürcüstanda NATO, ABŞ hərbi təsirinin artdığını nəzərə alsaq, Moskvanın öz forpostundan dolayı əndişəsi daha asan anlaşılar. Bu üzdən Kreml olduqca maraqlıdır ki, Ermənistanda nəinki hakimiyyət, elə ana müxalifət də daim rusiyayönümlü olsun, Qərbə siyasi boylanmalar baş verməsin.      
                       
*** 
Əlavə edək ki, bu arada Rusiyanın lazım gələrsə, öz maraqlarını təmin eləmək üçün bir neçə postsovet ölkəsində inqilab edə biləcəyi də bəlli olub. Belə bir inqilab isə ən asan şəkildə məhz işğalçı Ermənistanda reallaşdırıla bilər. Ona görə ki, bu ölkənin nəinki iqtisadi sferaları, hərbi təhlükəsizliyi də bütünlüklə Rusiyaya bağlıdır, Ermənistanda böyük saylı Rusiya hərbi kontingenti var, onun Türkiyə və İranla sərhədlərini rus hərbçiləri qoruyur, rusiyameyilli “5-ci kolon” da öz yerində. 
Odur ki, Lepexinin xəbərdarlığı əslində elə rəsmi Moskvanın xəbərdarlığıdır ki var və yeni deyil. Bu qəbildən xəbərdarlılar artmadadır. 

 






Fikirlər