ÖLKƏMİZDƏ İCTİMAİ-SİYASİ GƏRGİNLİK ARTA BİLƏR!

Ölkəmizdə ictimai-siyasi gərginlik arta bilər

Ekspertlər hesab edirlər ki, hökumətin basqıları artsa da, cəmiyyətin uzunmüddətli ətalətə məhkum edilməsi mümkün olmayacaq

Ölkəmizdə keçirilən prezident seçkilərindən iki aya yaxın vaxt ötüb. Yeni seçilmiş dövlət başçısı artıq hökumət komandasını da formalaşdırıb. Belə demək mümkündürsə, hakimiyyət öz komandasını formalaşdıraraq fəliyyətini qurub.

Amma hakimiyyət əleyhdarı olan müxalifət qüvvələrindən hər hansı tərpəniş yoxdur. Doğrudur, müxalifət vahid mövqedə deyil, proseslərə fərqli yanaşma göstərənlər var. Bu fərqlilik seçkidən öncə də, seçkidən sonra da özünü göstərdi. 

Belə ki, radikal mövqedə olan müxalif qüvvələr boykot yolunu tutaraq seçkiyə hər hansı münasibət bildirmədilər. Əgər əvvəlki illərdə boykot qərarı verir, seçkidən sonra legitimlik olmadığını əsas gətirərək kütləvi etiraz aksiyaları da keçirirdilər. Lakin bu dəfə radikal mövqeli müxalifət bu istiqamətdə də ciddi səy göstərmədi. 

Seçkidə iştirak etməyən, eləcə də prosesə qatılan müxalifətin də nəticələrlə bağlı hansısa fərqli mövqeyi ifadə olunmadı. Maraqlıdır, növbəti seçkilərə qədər müxalifət nə etməyi planlaşdırır? Hakimiyyət əleyhdarları ölkədə ictimai-siyasi vəziyyəti dəyişmək üçün hansısa cəhdlər etməyi düşünürmü? 

“Reytinq” qəzetinin bu və ya digər suallarını müxalifət nümayəndələri cavablandırıblar. 

“Sivil Toplum” Platformasının siyasi eksperti Nəsimi Məmmədli “Reytinq”ə deyib ki, ölkədə mövcud siyasi münasibətlər sistemi nə qanunçuluğa, nə də demokratik ənənələrə əsaslanır. 


Onun fikrincə, yeganə meyar iqtidarın ovqatı, maraqları və mövsümi həvəsidir: “Odur ki, ölkədə mövcud sosial-siyasi durumu sosioloji qanunauyğunluqla şərh etmək çox çətindir. Hətta hökumətin yenidən təşkil edilməsində hansı meyarların rol oynadığı da cəmiyyətə qaranlıqdır. İstər baş nazirin, istərsə də bəzi yeni nazirlərin təyinatında bu amil özünü qabarıq göstərdi. Cəmiyyətdə müxalif fikrin miqyası ilə müxalif fəaliyyətin arasında çox kəskin fərq var. Ölkə əhalisinin əksəriyyəti narazı olsa da, müxalifətə dəstək vermir. Vətəndaşlar şəxsi problemlərini kollektiv etirazlarla deyil, fərdi sövdələşmə ilə çözməyə çalışır. Burada iki vacib məqama diqqət etməliyik: 

Birincisi, hökumət müxalifətə yaxın duranlara qarşı çox sərt davranır. Odur ki insanlar bu istiqamətə təhlükə kimi baxır. 
İkincisi, hazırkı siyasi sistemində ümumiyyətlə, müxalifətə yer yoxdur. İqtidar hesab edir ki, müxalifəti yalnız özü müəyyən etməlidir. Seçkilərdə və ya hansısa az əhəmiyyətli ictimai-siyasi məsələlərdə də yalnız onun müəyyən etdiyi çərçivədə iştirak etmək olar. Buna görə də ölkədə klassik mənada qəbul edilən müxalifət anlayışından danışmaq çətindir”. 

Müsahibimiz nəzərə çatdırıb ki, hökumətin çərçivəsini qəbul etməyən real müxalifət isə daim basqı altındadır. “Üzvləri işdən çıxarılır, təqib edilir və həbs olunurlar. Odur ki, müxalifətin faktiki fəaliyyət müstəvisi əsasən qapalıdır və ya çox sərt nəzarət altındadır. Hökumət ən kiçik tərpənişə belə anında reaksiya verir. Bütün çətinliklərə baxmayaraq müxalifət hələ də ayaqdadır. Narazıları olmasa da, etirazlara meyilli olan insanları qismən olsa da, səfərbər edə bilir. Ölkədə işsizlik, yoxsulluq, qanunsuzluq dərinləşdikcə sosial gərginlik də paralel olaraq artır. Vətəndaşlar arasında ölkədən mühacirət etmək istəyənlər çoxalıb. Fəal mübarizəyə can atan vətəndaşlara qarşı indi hakimiyyət daha aqressivdir. Ən qorxulusu budur ki, yetkin vətəndaşlar arasında dövlətə güvənən şəxslər demək olar ki, qalmayıb. Sosial şəbəkələrin yaratdığı geniş imkanlar cəmiyyətin fəallaşmasında yeni mərhələ açıb. Qeyri peşəkarlıq nəzərə çarpsa da, alternativ informasiya mənbələrinin günbəgün artması yeni siyasi müzakirələr doğurub. Ölkədə siyasi fəallıq yüksələn xətlə inkişaf edir. Belə davam etməyin mümkün olmayacağını anlayanların da sırası genişlənir. Hökumətin basqıları artsa da, bu şəraitdə cəmiyyətin uzunmüddətli ətalətə məhkum edilməsi mümkün olmayacaq”, - deyə N.Məmmədli fikrini tamamlayıb.

Borçalı Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli isə təəssüflə qeyd edib ki, çağdaş siyasi-ideoloji sistemimiz hüquqi formada Azərbaycan Demokratik Cumhuriyyətinin ideya siyasi varisi hesab olunsa da, o prinsiplərdən siyasi sistemimizdə əsər-əlamət qalmayıb: 


“Bütün resurslar cəmiyyətin tərəqqisindən daha çox bir qrupun hakimiyyətdə qalmaq maraqlarına səfərbər olunub. Bu aparıcı mənfi tendensiya siyasi sistemi, içtimai həyatı anormal duruma gətirib və çox darıxdırıcı durumla üz-üzəyik. Bu səbəblərdən mübarizə qaydaları xaotikləşib, elmi deyil. Mövcud qüvvələri gömürmək mümkünsüzdü. Bunu iqtidar da bilir. Maksimum ələ almağa, özününküləşdirməyə çalışır. Müxalifətin və medianın müəyyən qanadına nəzarət təmin edilib. Müşahidəmə görə, iqtidar müəyyən idarəolunan radikal cinah da formalaşdırmış kimi görünür. Məncə, prosesin ağırlıq mərkəzinin tədricən xalqa keçməsi meyli var. Bu, yeni qüvvələrin, yeni posionar milli güç mərkəzi yaratmasına qədər davam edə bilər. Bunun üçün ən böyük əsas milli maraqlarımıza ciddi təhlükə olmasının xalqın əhəmiyyətli bir təbəqəsi tərəfindən dərk olunmasıdır. Cümhuriyyətin 100 illiyi ilə bağlı içtimai rəy xalqımızın müstəqilliyə, cümhuriyyətçiliyə biganə olmadığını göstərdi. Bu, çox önəmli məqamdır”.

ADP sədrinin müavini Taliyyət Əliyev isə hesab edir ki, ölkədəki durum hamıya məlumdur. Onun sözlərinə görə, bununla bağlı geniş danışmağa ehtiyac yoxdur: 

“Qısa olaraq qeyd etmək istəyirəm ki, hakimiyyət tərəfindən islahatların həyata keçiriləcəyi ilə bağlı gözləntilər özünü doğrultmur. Prezident seçkilərindən sonra baş verənlər bir daha göstərir ki, hakimiyyət ənənəvi siyasətini davam etdirmək əzmindədir. Yəni, opponentlərinə qarşı aqressiv münasibəti davam etdirəcək. Belə bir vəziyyətdə müxalifət yalnız nəyə imkanı çatırsa, onu edə bilər. Bu vaxta qədər müxalifət hansı mübarizə metodlarından istifadə edibsə, bundan sonra da həmin metodlardan yararlanacaq. Müxalifətin istinad edəcəyi dayaq xalqdır. Əgər xalq müxalifət partiyalarına dəstək olub prosesdə aktiv iştirak etməyəcəksə, müxalifət partiyaları başqa ölkədən insan gətirib mitinq və ya hər hansı aksiya keçirəsi deyil ki…”.

ADP yetkilisinin fikrincə, cəmiyyətdəki süstlüyün bir yox, bir çox səbəbləri var: 

“Cəmiyyətdə yaradılan xof, müxalif düşüncəli insanlara qarşı aparılan diskriminasiya siyasəti, cəmiyyətimizin siyasi şüurunun və siyasi mədəniyyət səviyyəsinin yetkin olmaması, öz taleyinə biganəlik, təşkilatlanmaya meylin zəif olması, şahsevənlik, müəyyən mənada müxalifətə inamsızlıq və s. hallar cəmiyyəti opolitik duruma salıb”.

AMİP Siyasi Şurasının üzüvü Əli Orucov isə “Reytinq”in əməkdaşına deyib ki, adətən seçkilərdən sonra yeni formalaşan kabinetə 100 gün vaxt ayrılır və həmin müddət başa çatdıqdan sonra hökumətin fəaliyyətinə qiymət verilir: 

“Təəssüflər olsun ki, seçkilərdən bir ay yarım vaxt keçməsinə baxmayaraq, pozitiv istiqamət görünmür. Fərq etməz, istər müxalifə olsun, istərsə də iqtidar, dəyişikliklər, yenilənmələr olmalıdır. Azərbaycan kimi cəmiyyətlərdə bunlar çox ləng və ağrılı gedir. Eyni zamanda, siyasi fəaliyyət üçün meydan verilmədiyindən yeni nəsil kadrların önə çıxması baş vermir. 

Bu gün müxalif düşərgəyə diqqət yetirsək görərik ki, əsasən hərakatdan qalanlardır və onların mübarizə metadologiyasi və texnalogiyaları dəyişməyib. Azərbaycanda partiyalar liderlər üzərində qurulduğundan və ondan bilavasitə asılılıq yaratdığından dəyişikliyə gediləndə ciddi fəsadlar yaşanır. İqtidarın özünə də indiki müxalif siyasi liderlərin siyasətdə qalmaları sərf edir. Çünki artıq onlar təhlükə törətmirlər. Məncə, hərakatdan gələn indiki siyasilər və siyasi liderlər daha çox gənc nəsil siyasətçilərə ağsaqqalıq etməli, siyasətdən çəkilməli, təsirlərini azaltmalı və siyasi inhisara son qoymalıdırlar. Müxalifət iqtidarı dəyişmək istəyirsə, ilk növbıədə özü dəyişib, yenilənməlidir. Onlar artıq nə bacarıblarsa, ediblər. Amma onu da deyim ki, islahatlar olmadan irəliləyiş də mümkün deyil”.

Reyting.az






Fikirlər