Hakimiyyətin alternativi siyasi, yoxsa dini müxalifətdir?

Hakimiyyətin alternativi siyasi, yoxsa dini müxalifətdir?

İlham İsmayıl: “Narazılıq kütləsinin flaqmanları dindarlar olacaq”

 

Azərbaycanda hakimiyyətin alternativinin siyasi, yoxsa dini müxalifətin olması ilə bağlı təzad təşkil edən müzakirələr getdikcə artmaqdadır. Əgər üç il öncə birmənalı şəkildə ölkə iqtidarının əsas rəqibi demokratik düşərgə sayılırdısa, artıq bu fərq aradan qalxıb, yəni dini müxalifət də hakimiyyətin əsas alternativi kimi qələmə verilməkdədir. 
Buna səbəb də son illərdə ölkəmizdə dini camiə tərəfdarlarının sayının artması, bu düşərgə ilə bağlı aparılan siyasətdir. Xüsusilə, Nardaran hadisələrindən sonra dini müxalifətin siyasi düşərgəni ötdüyü barədə fikirlər ayaq açıb yeriyir. Ölkə iqtidarının son illərdə dindarlara qarşı apardığı siyasətin də məhz bundan qaynaqlandığı deyilir. 
Ekspertlər dünyada dini cərəyanların getdikcə təhlükəli həddə çatmasının Azərbaycana da təsir etdiyini bildirirlər. Getdikcə bu təhlükənin artmasının ölkəmizin təhlükəsizliyinə ciddi zərbə vuracağı barədə həyəcan təbili çalınmaqdadır. 
Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl siyasi müxalifətin sıradan çıxması və yerini dini camiənin tutması ilə bağlı fikirlərlə razılaşır: “Həqiqətən də siyasi müxalifət sıradan çıxarılıb, yerində qalanlar cəmiyyəti arxalarınca aparacaq gücdə deyillər. Buna görə də tamam başqa bir müxalifət ortalığa çıxır. Ola bilsin ki, əl altında kimlərsə var və hər an ortalığa çıxa bilərlər. Amma faktiki dini müxalifət var. O müxalifət ki, ortalıqda çox da parlaq şəkildə görünmür. Onun gizli formada təşkilatlandığı, maliyyələşdiyi, gələcəkdə özünü alternativ görməsi faktı var. İki istiqamətdə təşkilatlanma var, sələfi-vəhhabi və İranın təsiri altında olan radikal şiə dindarları. Azərbaycanın bəlası onda olacaq ki, hakimiyyət uğrunda bu iki tərəf bir-birilə mübarizə aparacaq və ölkədə az qala Suriya elementləri görünəcək. Təəssüf ki, zamanında Azərbaycanda iqtisadi və siyasi sahələrdə reformalar aparılmadığına görə, müxalifətin yerini sözün həqiqi mənasında dindar camiə tutur. Bu gün bu camiə ortalıqda görünməyə bilər, məsələn, hansısa bir təşkilat kimi. Tale Bağırzadənin təşkilatı zəifdir, sona qədər təşkilatlanmayıb, qurumun liderləri həbsdədir. Amma biləsiniz ki, gizli şəkildə çox güclü təşkilatlanıblar. Onların təşkilatlanmalarında təhlükə ondan ibarətdir ki, bunlar sivil mübarizə metodları ilə deyil, radikal formada mübarizəyə hazırdırlar. Yeri gələndə terrora da əl ata bilərlər, partlayışlar törədərlər. Hər bir metoddan istifadə edə bilərlər. Təhlükə odur ki, iki istiqamət - sələfi və şiə dindarları olacaq. Hər ikisinin kökü xariclə bağlı olduğuna görə maliyyələri də olacaq. Bu mənada Azərbaycanı ciddi təhlükə gözləyir. Bunun qarşısını almaq olar. Amma kimisə tutmaqla mümkün deyil, lap yüz nəfəri həbs et, yenə də heç nə dəyişməyəcək. Azərbaycanda siyasi reformalar aparılmadığına görə sivil mübarizə aparan müxalifət yox dərəcəsindədir. Tamam başqa bir qüvvə, lider də ortaya çıxa bilər, əgər azadlığı, normal bir sivil mübarizəni görəndən sonra. Bu gün Azərbaycan cəmiyyətinin rəğbətini qazanmaq da çox çətindir. Gərək bir az radikal olasan. Fikir radikallığını nəzərdə tuturam. Bu şəkildə hakimiyyəti tənqid edəndə cəmiyyətə daha çox inandırıcı gəlir. Bunlar baş vermir, baş verdikdə isə həbslər olur”.
Ekspert siyasi müxalifətin yerini dini müxalifətə verməsində günahkar olan düşərgəni də göstərdi: “Bu proseslərdə hakimiyyətin günahı daha çoxdur. Müxalifət 20 ildən çoxdur əzilir. İqtisadi cəhətdən əzilmələr daha çoxdur. Heç bir müxalifətçi bir yerdə işləmir, hətta qohumlarına qədər. Nəticədə bu düşərgənin maddi resursları, xaricdən dəstəkləri yoxdur.  İndiyə qədər mübarizə aparılıb, saxta seçkilərdə müxalifət məğlub edilib. Belə olduqda isə, artıq cəmiyyət müxalifətdə xüsusi bir güc görmür. Aralarında birliyin olmaması və digər amillər də siyasi müxalifəti zəiflədib. Amma burada günah siyasi müxalifətdə deyil. Ayrı-ayrı taktiki və strateji səhvlər var. Amma fundamental səhv hakimiyyətdədir. Nəzərə alaq ki, bu hələ başlanğıcdır, radikal dindarlar hələ bir azdan ortalığa çıxacaqlar. İqtisadi çətinlik nəticəsində yaranan narazılıq kütləsinin flaqmanları dindarlar olacaq”.
Sabiq MTN-çi hazırda hakimiyyətə alternativin olmadığını da qeyd etdi: “Alternativ olmasa da, amma çox qısa zamanda yarana bilər. Hətta bir ayın içərisində yaranması da mümkündür. Amma hakimiyyət həmin reformanı aparmadığına görə, hamı çəkinir, hamı kənardadır. 2003-cü ilə qədər akademiklər, generallar belə gəlib müxalifətə qoşulurdu. İndi elə bir hal yoxdur, bələdiyyə sədri belə işdən çıxıb müxalifətə qoşulmağı özünə böyük təhlükə hesab edir. Xaricdən dəstəklənən radikal qüvvələr ağalarının komandalarına  bənddirlər. Onlar da burada təhlillər aparırlar, vaxtından əvvəl heç vaxt demirlər ki hərəkət edin. Çünki zərərini bilirlər. Keçmiş siyasətçilər və sivil siyasi müxalifətlə görüşən hər bir kəsin bu sualı var: bu işin axırı nə olacaq? Bu təhlükəni artıq hər kəs hiss edir. Cəmiyyət barədə düşünən hər kəs perspektiv təhlükəni duyur. Dindarlar alternativ deyil, amma siyasi təşəbbüsləri ələ ala bilmək gücündə olan ən güclü camiədir”.

 






Fikirlər