“Bunun kökündə dindarların hakimiyyət mübarizəsi durur”

 

““Bunun kökündə dindarların hakimiyyət mübarizəsi durur”

  "AzerTaym.az" sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayılın “Bizim Yol” qəzetinə verdiyi müsahibəni təqdim edir:

- Azərbaycanda dini durum necədir, bu sektordan milli təhlükəsizliyə problemlər varmı?

- Dindarların fəal addımlar atmasını, siyasi tələblər irəli sürməsini və açıq etiraflarını yavaş-yavaş hiss edirik. Ancaq bu indi başlayan yox, çoxdan, hətta deyərdim ki, illərdir gedən bir prosesdir, tərdicən indiki istiqamətə gəlib çıxmalıydı. Zaman-zaman özlərini göstəriblər. Məsələn, şiə və sünni məzhəbindən kənar Azərbaycan üçün yeni bir təriqətlərin - vəhhabiliyin, sələfilərin, xəvariclərin gəlməsi prosesi tədricən gedib. Amma son dövrlərdə sivil müxalifətə qarşı həddindən artıq sərt mövqe tədricən onların sıradan çıxmasına və "ənənəvi müxalifət" adı almasına gətirib çıxarıb. İctimai həyatda yeni heç bir şeyin olmaması, həmçinin əhalinin iqtisadi vəziyyətinin son bir ildə daha da pisləşməsi əhalini dinə meylləndirir. Xüsusən, bu prosesdə işsizliyin rolu daha böyükdür. Dində məsələ belədir: inanclı insanların məscidlərə gedib ibadət etməsi ilə bitmir, tələblərə, islahatlara, sonra siyasi islahatlara yönəlir, bir az keçəndən sonra isə yəqin ki, hakimiyyət uğrunda mübarizə ortaya çıxacaq. Ümumiyyətlə, elə indiki proseslərin kökündə və perspektivində dindarların siyasi hakimiyyət uğrunda mübarizəsi durur. Bu mübarizəni necə aparacaqlar - sivil yolla, seçki yolu ilə, yoxsa İranda olduğu kimi inqilab etməkləmi? Bu, perspektiv situasiyadan, Azərbaycanın apardığı daxili və xarici siyasətdən, həmçinin ölkənin ətrafında baş verən geosiyasi hadisələrdən asılı olacaq.

- Çox zaman Azərbaycanda dini kəsimləri müxtəlif ölkələrə meyllərinin olduğunu deyərək, məsələn, "İranmeylli", "Suriyameylli" və s. formada təsnifləşdirirlər. Sizcə mənzərə necədir?

- Azərbaycanda İranmeyllilər var, amma Suriyameyllilər yoxdur. Onlar Suriyameylli deyillər, sadəcə olaraq, Suriyada baş verən hadisələrə öz mövqelərini ortaya qoymaq istəyirlər. Bu da radikal dindarlardır və konkret olaraq Suriyada gedib döyüşən insanlar faktiki terrorçudurlar. Din pərdəsi altında olsalar da, gedib terror qruplaşmalarına qoşulurlar. Onlara elə gəlir ki, din adına Şamda mübarizə aparırlar. Azərbaycanda belə bir cərəyan mövcuddur. Zaman-zaman özlərini miqyası çox kiçik olan terror aktlarına cəhdlərdə göstəriblər, amma bütövlükdə ətraflarına xeyli insanlar toplaya biliblər. Bunlar sələfilər, "vəhhabi" adlandırdıqlarımız, daha radikal qanadı isə xəvariclərdir. Onların Azərbaycanda kökü yoxdur və ölkə müstəqillik əldə edəndən sonra gələn cərəyanlardır.

Azərbaycanda ənənəvi olan isə şiə-sünni məzhəbləridir ki, hər zaman tolerant yaşayıblar. Sadəcə Azərbaycanın müstəqillik əldə etməsindən sonra iranmeyllilik həddindən artıq artıb. Əgər bir zamanlar şiə təriqətinə mənsub insanlarda passivlik hiss olunurdusa, son dövrdə, hətta son bir ildə xüsusi qabarıq şəkildə ortaya çıxıb. Bunun əsası da var. Ölkə əhalisinin daha çox qismi şiələrdir. Bu qismə mənsub olan gənclərin, xüsusən İranda təhsil alanların meyllənməsi halları artıb. Ancaq məsələni iki cür qoymaq olar: iranmeyllilər və sadəcə, ədalət tələb edənlər.

İkincilərin tələbləri iranmeyllilikdən irəli gəlmir. Onlar dünyəvi dövlət modelimizi təhdid edərək, İrandakı kimi şəriət dövləti qurmaq istəmir. Dindarlar tanıyıram ki, onların tələbləri sivil müxalifətin tələblərindən fərqlənmir. Sadəcə olaraq, özü dindardır, ətrafındakı elektorat da dindarlardan ibarətdir. Düzdür, belələri azdır. Belə deyək, bizim hələlik Ərdoğanımız yoxdur. Vaxtilə Türkiyədə Nəcməddin Ərbakan tam dini xətt tutmuşdu. Amma "ilımlı İslam" deyilən anlayış var ki, Ərdoğan lider kimi çıxdı ortaya və seçki yolu ilə hakimiyyəti ələ keçirdi. Bizdə hələ o istiqamət görünmür ki, bir lider çıxa deyə ki, mən dindaram, islam ənənələrini üstün tuturam, amma dünyəvi dövlət quruluşunu dəyişmədən, Türkiyədəki kimi dövlət qurmaq istəyirəm. Bu olmadığına, həm də dindarlar faktiki olaraq, sivil müxalifətlə heç bir yaxınlıq etmədən özlərini elə təqdim edirlər, elə rəy formalaşdırırlar ki, sanki harasa - İrana, Səudiyyə Ərəbistanına və s. ölkələrə meyllidirlər. Təbii ki, İranmeylilər bu məsələdə daha üstündür. Son hadisələrdə də dindarların açıq çıxışları oldu. Amma bu tələblərdə pis heç nə görmürəm. Onlar hakimiyyət yox, hələ ki, hakimiyyətdən haqq-ədalət tələb edirlər.

- Gəncə və Bakıda baş verən son hadisələr sizcə kənar təsirlərdən qaynaqlanır, yoxsa olaylarda daha çox daxili faktorların rolu var?

- Burada daxili faktor 90 faiz təşkil edir. Gəncədə 11 il işləyib yaşamışam, bilirəm ki, orada Sovet hökuməti dövründə də Aşura günündə şəhərin mərkəzindən başlayaraq "İmamzadə"yə qədər yürüş təşkil olunurdu. Sovet hökuməti nə qədər dinə qarşı mübarizə aparsa da, qəsdən kütləvi çıxışı, xüsusilə də dini zəmində olan toplantılara maneçilk törətmir, əksinə, istiqamətləndirirdi. Son Aşuraya Gəncədə olan müdaxilə yerli hakimiyyət tərəfindən edilib. Halbuki bunu düzgün istiqamətləndirmək, doğru xəttə yönləndirmək lazım idi. Yəni "Şah Abbas" məscidindən çıxıb "İmamzadə"yə gedirdilərsə, burada heç bir kriminal axtarmaq lazım deyildi. Aydındır ki, "Şah Abbas" məscidi şəhərin mərkəzindədir, icra hakimiyyətinin binasına yaxındır və s. Amma bütün bunları qarşıdurma vəziyyətinə gətirib çıxarmaq yox, istiqamətləndirmək lazım idi. Bunun üçün həm xüsusi xidmət orqanları işçilərinin fəaliyyəti olmalı idi, həm də Gəncə Şəhər İcra Hakimiyyəti dialoq aparıb onun qarşısını ala bilərdi. Bizdə çox pis bir ənənə var: danışıq, dialoq olmadan polis işə qarışır, təbii ki, bu zaman qarşıdurma yaranır. Din isə elə bir mövzudur ki, qarşı tərəf nə qədər aqressiya görürsə, bumeranq təsiri ilə əks-effekt verəcək. O zaman insanlarda belə bir rəy yaranır ki, hə, bunları xaricdən kimsə idarə edir. Mən Gəncə və Bakıda baş verənləri daxili faktor hesab edirəm. İran kiminsə qolundan tutub aşkar şəkildə nümayiş etdirmir. Elə fəaliyyət var ki, uzun müddətdir işləyir, təlimatlandırır. Məsələn, Nardaran kəndində olanlar məhz İranın, bu ölkəyə meylli olanların görsənişidir, İran xəttini əsas tutublar. Bir də var ki, dindar gənclik çıxıb siyasi yox, sadəcə haqq-ədalət tələb edən məsələlər irəli sürür. Düzdür, bu məsələləri nəzarətsiz buraxmaq olmaz. Çünki başqa istiqamət başqa tərəfə - aqressiyaya, Azərbaycanda dövlət quruluşunu dəyişmək istəyinə yönələ bilər.Çox təəssüf ki, bu məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) o qədər arxa planda, fəaliyyətsiz olurlar ki, istər-istəməz ortaya polis çıxır və bu da qarşıdurma yaradır. Nəzərə almaq lazımdır ki, Məhərrəm ayıdır, Aşura yeni qurtarıb, dini kəsimdə bir aktivlik var. Belə vəziyyətdə maarifləndirmə aparmaq əvəzinə, yalandan təxribat xarakterli verilişlər təşkil etmək, kiməsə çamur atmaq düzgün deyil. Bu, əks-reaksiya verəcək. Bunun üçün xüsusi dövlət proqramı olmalı və onu DQİDK xüsusi xidmət orqanları ilə, alimlərlə, bu sahəni bilən adamlarla birgə təhlükəsizlik konsepsiyasına əsaslanaraq hazırlamalıdır. Bununla cəmiyyətə mesajlar ötürülməli, proqram əsasında fəaliyyət göstərilməlidir. Bu, olmayacaqsa, özbaşınalıq, rüşvətxorluq, işsizlik və s. baş alıb getdikcə və sivil müxalifət arxa plana keçdikcə, məhz dindarlar, islamçılar ortaya çıxacaq. Bu proses neçə illədir artan xətt üzrə gedir.

- KİV-də belə fikirlər səsləndirilir ki, Azərbaycanda "vəhhabi"lərin güclənməsində MTN-də ifşa olunmuş qrupun rolu olub. Mümkündürmü?

- MTN-də öz səlahiyyətləri ilə deyil, tamamilə kənar, kriminal işlərlə məşğul olan şəxslər olsa da, radikal dindarlar arasında kriminal şəraitə nəzarət ediblər. Amma necə ki, hansısa sahibkarı şərləyib pul alıblar, istisna deyil ki, "vəhhabi", "radikal vəhhabi", yaxud da "terrorist" adı ilə şantaj edərək, dindar insanlardan da pul ala bilərlər. Çünki baş verən hadisələri mətbuatdan oxuyanda hiss edirsən ki, buna da gedə bilərlərmiş. Amma MTN əməkdaşlarının birbaşa vəhhabilərlə işbirliyinə getməsini təsdiq edən fakt yoxdur.

- MTN-dən söz düşmüşkən, nazir Eldar Mahmudovun işdən çıxarılması ilə başlayan proseslər indi hansı istiqamətdə davam edir?

- MTN ətrafında baş verənlər haqqında mətbuat kifayət qədər yazıb. Görünən odur ki, artıq orada təmizləmə işləri gedir. Çox təəssüf ki, 11 il 3 ay çəkən prosesə bu qədər müddət keçəndən sonra yekun vurulub. Əsl səbəblər isə tam açılmayıb. Yalnız dedi-qodular, kuluar söhbətlərində müəyyən məsələlər danışılır. Amma o aşkarlanan, yazılan, deyilən şeylərlə bağlı "təmizləmə prosesi" gedir. Uğurlu olacaqmı, düzgün kadrlarla aparılacaqmı, bu, hələ sual altındadır.

- Son informasiyalardan biri general Akif Çovradovun gizli həbsxanasının olması barədədir. Belə kriminal fəaliyyətin olması necə mümkün olub, bu quruma heç bir nəzarət mexanizmi yoxdurmu?

- Prokurorluq tərəfindən daim qanunçuluğa nəzarət mexanizmi həyata keçirilir. Ancaq bu nəzarət əsasən MTN-in istintaq idarəsi tərəfindən aparılan istintaq tədbirləri ilə bağlı olub. Əməliyyat tədbirlərinə isə nəzarət olmayıb. Ümumiyyətlə, xüsusi xidmət orqanının xarakteri elədir ki, fəaliyyəti müəyyən qədər məxfi olmalıdır. Yəni hər kəs istədiyi nəzarəti həyata keçirməməlidir. Amma sivil dünyada bəzi məsələlərə ictimai nəzarət var ki, bu, bizdə demək olar ki, yoxdur. Ən azı parlament nəzarəti olmalı idi ki, heç olmasa ildə bir-iki dəfə qapalı müzakirə mövzusuna çevriləydi, millət vəkilləri tərəfindən bu məsələlər qaldırılaydı. Bu nəzarət mexanizmləri olmadığına görə də sui-istifadə halları baş verib və hətta şəxsi həbsxanalar tikdiriblər. Belə məsələlər Sovet dövründə də baş vermişdi və Qorbaçov dövründə ifşa olundu. Özbəkistanda Adılov soyadlı kolxoz sədri vardı, özü üçün şəxsi həbsxana düzəldərək, xoşu gəlməyən kolxozçuları ora salırdı. Bu 50 il əvvəl baş verib. 21-ci əsrdə də şəxsi həbsxana düzəltmək və şəxsi məqsədlər üçün istifadə etmək nəzarətsizliyin və səlahiyyət həddini aşmağın ən pik nöqtəsidir.

- Proseslərin pik nöqtəsi olaraq keçmiş nazir Eldar Mahmudovun həbs olunacağı gözlənilirmi?

- Baş verən bütün bu hadisələrin fonunda nazirin həbs edilməməsi, təbii ki, təəccüb doğurur. Hətta bütün bu işlərdən xəbəri olmayan bir nazirə ən azı səhlənkarlığa görə cinayət işi qaldırmaq olar. Amma hamı da bilir ki, bütün bu proseslər məhz Eldar Mahmudovun rəhbərliyi altında həyata keçirilib və onun xəbəri olmadan heç bir şey baş verməyib. Ancaq onun indiyədək həbs olunmaması dövlətin işidir və siyasi rəhbərliyini qərarıdır.






Fikirlər