Azərbaycanı gözləyən ƏN BÖYÜK təhlükə - İslahatların yubanması...

Tanınmış təhlükəsizlik eksperti İlham İsmayıl Türkiyədə baş verən 15 iyul olaylarından sonra ən çox aktuallıq kəsb edən bir məsələni - dövlətimizin təhlükəsizliyinin mövcud durumunu, bizi gözləyən potensial təhlükələri Moderator.az - a şərh edib:

"Hər bir dövlətin təhlükəsizliyi daxili və xarici təhlükəsizlik faktorları ilə şərtlənir. Geniş nəzəri bilgilərə baş vurmadan deyə bilərik ki, Azərbaycan Respublikasının xarici ölkə tərəfindən təhlükəyə məruz qaldığı, ərazisinin 20 faizinin işğal altda olması və işğalın genişlənmə təhlükəsinin 24 ildir davam etdiyi reallıqdır. Xarici təhlükə qloballaşan dünyada yalnız regional sistemlə, qonşu dövlətlərin aqressiyası ilə bitmir. Dünya xeyli qloballaşıb və dünyada baş verən təhlükə krizi  bizim ölkədən də yan keçməyə bilər. Sonuncu amili şərtləndirən tərəflərdən biri də bizim ölkənin heç bir kollektiv təhlükəsizlik sistemində (məsələn NATO) təmsil olunmamasıdır. 
Dövlətdaxili təhlükəsizlik amili isə xarici təhlükəsizliyi şərtləndirən səbəblərdən çoxdur. Sosial ədalətsizlik və siyasi qarşıdurma vəziyyəti, vətəndaşın həyatının, əmlakının, hüquq və azadlıqların qorunmaması, iqtisadi böhran və sairə daxili təhlükəsizliyə rəvac verən şərtlərdir. Konkret olaraq verdiyiniz sualla bağlı deyə bilərik ki, hakimiyyət təhlükəsizliyilə ölkə təhlükəsizliyinin kəsişdiyi nöqtələr olsa da, bəzən  hakimiyyətə yaranan təhlükə dövlətin təhlükəsizliyinə xələl gətirmir.
Azərbaycan hakimiyyətini ölkə daxilində hal-hazırda təhdid edən heç bir siyasi, hərbi, ictimai qüvvə yoxdur. Müxalifət siyasi qüvvə olaraq həddən artıq zəifdir. Hakimiyyətdaxili  qruplaşmalar hakimiyyət dəyişikliyi deyil, yalnız nüfuz savaşı aparırlar. Silahlı qüvvələr hakimiyyətə sədaqətli və etibarlıdır. Ölkə daxilindəki radikal islamçılar ciddi nəzarət altında olduğundan və ictimaiyyat tərəfindən birmənalı qarşılanmadığından (daha çox antipatiya bəslənir) hal-hazırda nə hakimiyyət, nə ölkə üçün təhlükə səviyyəsində deyillər. Ölkənin dini kəsimi sürətlə artsa da hələ ki, radikallığa meylliyi yoxdur deyə bilərik.
 Amma bu günün reallığı əbədi olmaya bilər və ölkənin daxilindəki mövcud vəziyyətin dəyişərək təhlükəyə çevrilməsi  ehtimalı az deyil. Ölkədə ciddi siyasi-iqtisadi, sosial islahatlar aparılmadığı təqdirdə durğun kütlənin, cəmiyyətin etirazlarının  artma ehtimalı mümkündür və bu nəticədə daxili sabitliyin pozulub təhlükə həddinə yetişməsinə səbəb ola bilər. Şimali Afrika ölkələrində də sanki əbədi bir durğnluq mövcud idi, amma qısa müddətdə qəzəblənmiş kütləyə dəstək verən xarici qüvvələrin köməyilə böyük siyasi dəyişikliklər baş verdi və dünya siyasətində yeni bir mərhələ başlandı.  
 Belə vəziyyətin yarandığı təqdirdə ən təhlükəli qüvvə məhz radikal islamçılar ola bilər, çünki sivil siyasi qüvvələr sülh yoluyla dəyişikliyin tərəfində olmasından fərqli olaraq radikal dindarlar güc vasitəsilə, yuxarıda qeyd etdiyimiz kimi xaricdən terror təşkilatlarının silahlı, maliyyə, siyasi  dəstəyilə istədiklərinə - Konstitusiyanı dəyişib şəriət dövləti qurulmasına nail ola bilərlər.
Təbii, bu gün ölkədə açıq etirazlar, təhlükə həddinə çatan dövlətdaxili konfliktlər yoxdur və  belə durumu ciddi nəzarətdə saxlayan  idarəetmə sistemi, polis və digər təhlükəsizlik qüvvələri  mövcuddur. Bütün bunlara baxmayaraq, dövlətdaxili təhlükəsizliyə rəvac ola biləcək səbəblər analiz edilib düzgün qərarlar qəbul  edilməsini, zamanında islahatlar aparılmasını zəruri edir. Məsələ burasındadır ki, bəzən islahat adı ilə aparılan dəyişikliklər əks effekt verir, çünki geniş kütlə bu cür islahatlarda öz mənafeyini görməyəndə  nə qədər dözüm göstərsə də bir gün partalamayacağına zəmanət yoxdur. Qloballaşan dünya həm də dəyişməyi tələb edir. Bəşəriyyətin inkişafı, sabitliyi təkmilləşmədən keçir və ən güclü dövlətlər belə idarəetmə sistemlərini təkmiləşdirmək yolunda axtarışlar aparır, yeni efektli qanunlar və metodlar tətbiq etməklə cəmiyyəti, vətəndaşı məmnun etməyə çalışır.
 Ölkəmiz də bu qloballaşan, dəyişən dünyada  zamanında düzgün islahatlar aparmaqla sivil dünyanın bir parçası olub ən böyük təhlükəni – Qarabağ problemini  xeyrimizə  həll etməyə nail ola bilər. Biz düzgün  yolda-təhlükəsiz yolda olmasaq dediyimiz sivil dünya Qarabağ probleminin həllində  yanımızda olmayacaq". 






Fikirlər