Cahangir Hacıyev müxalifətə keçərsə...

 Cahangir Hacıyev müxalifətə keçərsə...

Tural Abbaslı: “Müxalifət Fərhad Əliyevi müdafiə etdi, amma o nə etdi?”; Əli Əliyev: “Bu statusu yalnız hələlik Əli İnsanov haqq edir”

Qabil Hüseynli: “Mənsub olduğu klan Cahangir Hacıyevin o xətdən keçməsinə razılıq verməz”

Həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin son müraciətində özünün günahsız olduğunu sübut etməyə çalışıb, maliyyə sektorunda baş verənlərlə bağlı ifşaedici faktlar açıqlayıb.  Bu da onun müxalifətə keçməsi ilə bağlı iddialara səbəb olub. 
15 il həbs cəzası alan C.Hacıyevin indi müdafiəsinə böyük ehtiyac duyulur. Bunu misal olaraq sabiq səhiyyə naziri Əli İnsanovu göstərmək olar. Ə.İnsanov da zamanında məhkəmələrində sərt çıxışlar etmiş, hakimiyyətin iri ranqlı məmurlarını açıq şəkildə hədəfə almış və barəsində hökm qərarı çıxarılandan sonra müxalifətə yaxınlaşmışdı. Müxalifət də qapılarını taybatay onun üzünə açmışdı. 
Bəs, sabiq bankir də bu cür mövqe sərgilərsə, müxalifətin reaksiyası necə olar?
AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, hakimiyyətdən vurulan, cinayətlər törədən sabiq məmurların müxalifətə yaxınlaşmaları ilk hal deyil: “Hələ Heydər Əliyev dönəmində həbs edilən iri ranqlı məmurlar həbsxanadan müraciətlər edir, vəzifədə olduqları müddətdə xalqa xidmət etdiklərini deyirdilər. Müxalifətdən üzrxahlıq edib, onlarla əlaqələr qurmağa çalışırdılar. Təbii ki, bunlar səmimi münasibət deyil. Xoş günlərində hakimiyyətin yanında olurlar, milyonlar qazanırlar, xalqı çapıb-talayırlar, sonra da bu cür addımlar atırlar. Müxalifət də onlara qucaq açır. Haqqı pozulan hər kəsin  yanında olmağın mən də tərəfdarıyam. Amma bunları əzabkeş kimi cəmiyyətə təqdim etmək, ömürlərini əqidələrinə, tutduqları yola qurban verən, ailələrini çətinliklə yaşadan insanların qarşısında belə şəxsləri şişirtmək ədalətsizlikdir. Bəzən bunlar müxalifətin özünün  zəifləməsinə gətirib çıxarır. İnsanlar düşünür ki, zamanında hakimiyyətdə olub milyonlar qazansam, bu gün həbs edilsəm, müxalifət məni onsuzda müdafiə edərdi. Təəssüf ki, bu günün özündə də müxalifət daxilində belə şəxslər var və hətta onlar özlərini müxalifət lideri kimi təqdim edirlər. Mühacirətdə də özlərini müxalifət lideri kimi təqdim  edən keçmiş məmurlar var. Hakimiyyətdən vurulan istənilən şəxsin qəlbinin küncündə ”bəlkə də qaytardılar" sevdası var. Ona görə də onlar heç zaman səmimi şəkildə müxalifətlə bir arada olmurlar. Zamanında Fərhad Əliyev həbs ediləndə onun hüquqlarını qoruyan komitəyə Cəmil Həsənli rəhbərlik edirdi və komitədə çoxsaylı müxalifətçilər var idi. Komitə sona qədər Fərhad Əliyevi müdafiə etdi, amma o nə etdi? Həbsxanada hakimiyyətlə anlaşdı və azadlığa çıxdıqdan sonra ölkəni tərk etdi. Ona görə də hər gələnə qucaq açmaq olmaz".
VİP sədri Əli Əliyev sabiq bankirlə bağlı bunları dedi: “Cahangir Hacıyevin son müraciəti sensasion sayıla biləcək mətndir. Təəssüf ki, Azərbaycan məmurlarının bir qismi həbsə düşdükdən, çıxılmaza dirəndikdən sonra həqiqəti- onu da tam deyil- söyləməyə başlayırlar. Fikrimcə, onların heç birindən qəhrəman düzəltmək lazım deyil. Həmin şəxslər ölkəni çökdürən, milləti əzən sistemin bir elementi olublar. Onlar səhv etdiklərini milli məhəbbət və ya şüurdan etiraf etmirlər. Sadəcə olaraq, ya hökumətə məğlub olduqlarından, ya da ki, sistemin içindən yalnız özlərinin, xüsusi olaraq azlığın cəzalandırılmasına etiraz edirlər. 
Düzdür, keçmiş nazir Əli İnsanovun dirənişi məhz siyasi baxımdan xüsusi vurğulanmalıdır. Hamı anlayır ki, onun həbsdə qalması siyasi motivlə bağlıdır. Yerdə qalan məmurların siyasi müxalifətlə müqayisə edilməsi, ən azı ədalətsizlikdir. Müxalifət liderləri, sıravi müxalifətçilər artıq 30 ilə yaxındır ki, sərasər mübarizənin kraterində istibdada qarşı çabadadır. Necə ola bilər ki, bu sistemin aparıcı elementləri həmin fədakar insanlara bərabər tutulsun? Sadəcə olaraq, bu yolda tövbəkar məmurların mövqeyinə ədalətli yanaşmaq lazımdır. 
Onların səmimi etirafı qəbul edilməli, növbəti siyasi mübarizə mərhələsində imkanları və bacarıqlarından istifadə edilməlidir. Onların mövcud hakimiyyətə qarşı mübarizəsi yanlışlarına ictimai amnistiya mahiyyəti daşımalıdır. Bu statusu yalnız hələlik Əli İnsanov haqq edir. Onu da etiraf etməliyik ki, hakimiyyətə qarşı mübarizədə ən ciddi güc də hakimiyyətin içindədir. Bunu iqtidar da bilir. Ona görə də ictimailəşmiş total oğurluqlara göz yumulur ki, müxalifətə keçən məmurların sayı artmasın. Lakin gec-tez bu baş verəcək. Bunun aşkar əlamətləri ortadadır.
Hakimiyyətin xarizması zədələnib. Pula alışmış hakimiyyət bağları, pulun yoxluğu, onun törədə biləcəyi siyasi, sosial narahatlıqlar fonunda özünüqoruma instinktini gücləndirir. Müxalifət açıq şəkildə iqtidar məmurlarına müraciət etməli, növbəti dönəmin şərtlərini açıqlamalıdır”.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Cahangir Hacıyev elə bir klana yaxındır ki, onun müxalifətə yaxınlaşmasını bu zümrə məhv edir: “Mənsub olduğu klan bəlli qırmızı xətlər var ki, Cahangir Hacıyevin o xətdən keçməsinə razılıq verməz. Bütün bunları nəzərə alaraq, düşünmürəm ki, o cəzasını çəkəndən sonra müxalifətin tutduğu yolu getsin. Əvvəla, o, dövlətdən yediyi pulları tam qaytarmayıb. Azərbaycanda maliyyə böhranının yaranmasında əsas günahkar olan şəxslərdən biridir. O, kifayət qədər xalq qarşısında məsuliyyət daşıyır. Belə bir şəxsin bundan sonra xalqımıza xidmət edəcəyi qənaətində deyiləm”.

 






Fikirlər